Ekspertlər Əli Kərimliyə qarşı təxribata qiymət verdi

“Bu, hakimiyyətin növbəti iyrənc addımıdır”

Hakimiyyət Əli Kərimliyə qarşı yenə iyrənc təxribatlara başlayıb. Hər zaman Əli Kərimlinin fəaliyyətini məhdudlaşdırmaq üçün müxtəlif üsullardan istifadə edən iqtidar, indi də onun yaşadığı mənzilə soxulur. Belə ki, avqustun 9-da Əli Kərimli öz ailəsi ilə birlikdə bir müddət evdən kənarda olublar.

Bu zaman kimsə və ya kimlərsə mənzilin qapısını xüsusi üsullarla açaraq içəri girib. Mənzildən heç nə oğurlanmayıb. Bu isə çağırılmamış qonaqların nəsə başqa məqsədinin olduğunu göstərir. Əli Kərimli bildirib ki, belə hal bir neçə dəfə təkrar olunub. Bu dəfə isə, Əli Kərimli hadisəni ictimailəşdirmək qərarına gəlib. Nəzərə alsaq mənzildən heç bir əşya oğurlanmayıb, bu qənaətə gəlmək olar ki, ya mənzilə hansısa görüntü qurğuları qoyulub, ya da axtardıqlarını tapmayıblar.

Istənilən halda bu cinayət hadisəsidir, şəxsi həyata müdaxilədir. Digər tərəfdən müxalifət liderinə qarşı belə bir “mübarizə” üsulu seçmək, əxlaqsızlıqdır.

Ekspertlər də bu halı şəxsi həyata müdaxilə kimi qiymətləndirir.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyası mənzil toxunulmazlığına təminat verir və mənzil sahiblərinin iradəsinə zidd olaraq heç kim mənzilə daxil ola bilməz: “Polis haqqında qanunun 22 -ci maddəsində, Cinayət Məcəlləsinin müddəalarına əsasən istintaq hərəkətlərinin həyata keçirmək məqsədi ilə mənzilə girmək olar. Yəni, məhkəmənin qərarı olarsa, belə bir əməliyyat aparmaq olar. Indiki halda isə, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən mənzil toxunulmazlığının pozulması baş verib. 157.1 maddə ilə bu 500 manata qədər cərimə, 240 saata qədər ictimai işlər və ya 1 il müddətində islah işləri ilə cəzalandırılmalıdır. Bu hallar vəzifəli şəxslərin öz qulluq mövqeyindən sui – istifadə etməsi ilə törədilirsə, CM-in 157.3 maddəsi ilə tövsüf olunur və 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hüquq mühafizə orqanları bu faktları araşdırmalı və şəxsi həyata müdaxiləni təsdiq edən məqamlar əldə olunarsa, əməli törədən şəxslərin məsuliyyətə cəlb olunması təmin olunmalıdır”

Vəkil Aslan Ismayılov hesab edir ki, bu hal cinayət məsuliyyəti yaradır və dərhal bu istiqamətdə araşdırılma aparılmalıdır: “Mən əminəm ki, bu hal baş verib və hakimiyyət ənənəvi üsulundan istifadə etməkdə israrlıdır. Biz, Xədicə Ismayılovanın nümunəsində də gördük ki, insanların şəxsi həyatına istənilən vaxt müdaxilə olunur. Bu onu göstərir ki, ölkədə insanların şəxsi toxunulmazlığı yoxdur. Ölkədə mübariz, fərqli fikir söyləyən insanlara qarşı hakimiyyətin iyrənc kampaniyası davam edir”

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, bu kimi hallar baş verirsə, təhlükəsizlik baxımından həmin mənzilin müayinəsi aparılmalıdır: “Bu kimi hallar əsasən 2 məqsədlə həyata keçirilir. Mənzildə xüsusi vasitələrin quraşdırılması yaxud da, təhdid etmək məqsədi güdür. Buna görə hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Ancaq, Azərbaycanda bu müraciət heç bir nəticə verməyəcək. Çünki, ölkədə hüquq sistemi hakim iradəyə tabedir. Hətta ölkədə xüsusi şirkətlət, dedektivlər də yoxdur ki, evdə müayinə aparsın, təhlükəsizlik tədbirləri həyata keçirsin. Ancaq, istənilən halda profilaktik tədbirlər görmək lazımdır”.

Ilham