Kobiadan seçki bəyanatı

Avropa Birliyinin səfiri: “Azərbaycan beynəlxalq standartlara uyğun seçkilər keçirdiyini göstərməlidir”

“Biz hamımız ümid edirik ki, qarşıdan gələn prezident seçkiləri azad və ədalətli olacaq. Və hökumətdən bununla bağlı aldığımız bütün siqnallar müsbətdir. Mənə elə gəlir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan və gələn il Avropa Şurasına sədrlik edəcək Azərbaycan bütün dünyaya hamı tərəfindən qəbul olunacaq, beynəlxalq standartlara uyğun seçkilər keçirdiyini göstərməlidir”.
Bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia APA-ya müsahibəsində deyib.
Səfir AB-nin Azərbaycanla davam etdirmək istədiyi əməkdaşlıq istiqamətlərini də sadalayıb: “Biz məhz bu sahələr üzrə hökumətlə dərin və açıq diskussiyalar aparırıq ki, demokratik dəyərlərin, insan haqlarının, əsas azadlıqların, qanunun aliliyinin və azad iqtisadiyyatın bərqərar olmasına dəstək verək”.
Payızda rəsmi Bakı ilə AB arasında imzalanacaq viza rejiminə dair sazişi Roland Kobia «real tarixi uğur» adlandırıb: “Saziş Avropaya səyahət etmək istəyənlərə daha sadə viza rejimi tətbiq etməyi, həmçinin ucuz vizalar verməyi nəzərdə tutur. Hazırda viza rüsumu təxminən 60 avro təşkil edir, bu məbləğ iki dəfə azaldılacaq. Bundan başqa müəyyən kateqoriya vətəndaşlar – jurnalistlər, tələbələr, rəsmi şəxslər və s. üçün vizalar pulsuz olacaq. Viza uzun müddətə veriləcək, multivizalar almağa daha böyük imkanlar yaranacaq, vizaların alınması üçün tələb olunan sənədlərin sayı azaldılacaq. Bu, Azərbaycanla AB arasında səyahətləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni rejimdir. Buna görə şadıq ki, konkret nəticələr təkcə müəyyən kateqoriya insanlara deyil, AB ölkəsinə səfər etmək istəyən bütün əhaliyə təsir edəcək. Vətəndaş artıq bunu daha sadə, ucuz və sürətli yolla edə biləcək. Bu, Avropa Birliyi və Azərbaycanın daha da yaxınlaşmaq, insanlar arasında əlaqələr qurmaq istəyinin göstəricisidir. Uzunmüddətli perspektivdə bu, həmçinin Azərbaycanın Qərb dəyərlərinə yaxınlaşmasına da kömək edə bilər”.