RF Ədliyyə Nazirliyi “Milyarderlər İttifaqı” və “AzərRos”la bağlı sorğuya cavab verib
Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, hazırda bu ölkədə yaşayan Abbas Abbasovun fəaliyyətinin yoxlanması ilə bağlı tanınmış bloger Aleksandr Fomenkovun müraciətinə cavab verib.
Rusiyalı bloger Ədliyyə Nazirliyindən A.Abbasovun Rusiya vətəndaşı olmadığı halda Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı və “AzərRos” – Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatı təşkilatlarına rəhbərlik etməsinin nə dərəcədə qanuna uyğun olduğunu soruşub.
“Haqqin.az” saytının yaydığı məlumatda deyilir ki, Ədliyyə Nazirliyi blogerə cavab məktubunda RATİ ilə bağlı araşdırma apardıqlarını və təşkilatın sədri A.Abbasovun Rusiyada qanuni əsaslarla yaşadığını, fəaliyyətinin qanuna uyğun olduğunu yazıb. Sorğunun “AzərRos”la bağlı hissəsinə gəlincə, nazirlik bu təşkilatının sənədlərinin yoxlanmaqda olduğunu qeyd edib. Nazirliyin qeyri-kommersiya təşkilatları üzrə iş departamentinin direktor müavini M.X.Qusevin imzaladığı cavab məktubunda deyilir ki, sorğuda “AzərRos”un Ağsaqqallar Şurasının sədri kimi A.Abbasovla bağlı yer alan məlumatlar nəzərə alınacaq və yoxlama zamanı dəqiqləşdiriləcək. 


