Fikrət Cəfərli
Azərbaycan hakimiyyəti gözəl anlayır ki, onun ömrünün uzanması cəmiyyətin biganəliyi ilə bağlıdır. Rejim cəmiyyəti bilərəkdən ədalət prinsiplərindən uzaqlaşdırıb, cəngəllik qaydaları ilə idarə etməklə, onu ruh düşkünlüyü girdabında saxlamaqla ölkədəki siyasi proseslərə daha da biganə qalmasınada maraqlıdır və demək olar ki, məqsədinə müəyyən qədərdə nail olub. Normal ölkədə, şəffaf və demokratik cəmiyyətdə 20 il hakimiyyətdə qalmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlər daim yenlik axtarışında olur. Təməlində ədalətin aliliyi dayanmayan cəmiyyətin məhvə məhkum olduğunu yaxşı bilən hakimiyyətin istəyi budur ki, cəmiyyətimiz sivil normalarla, ədalətlə deyil, meşə qanunları ilə yaşasın, çünki belədə onun ömrü uzanır.
Müxalifət düşərgəsində demokratik və azad cəmiyyət quruculuğu uğrunda mübarizə aparan qüvvələrin Milli Şurada birləşməsi əslində indiki hakimiyyətin sonunun başlanması kimi də qəbul etmək olar.Amma çox təəssüflər olsun ki, bu prosesin qarşısının alınmasında bəzən dost bildiklərimiz də hakimiyyətin Milli Şuranı gözdən salmaq, rejimin gedişində mühüm rol oynaya biləcək birliyin qətiyyətli, effektiv mübarizə üsulunun zədələmək planında bilməyərəkdən iştirak edir. Hakimiyyətin ənənəvi taktikası, yəni müxalifəti seçki ərəfəsi siyasi meydandan sıxışdırıb çıxarmaq artıq özünü doğrultmur. Müxalifəti əvvəlki kimi daxili intiriqalara çəkməklə siyasi hədəfdən yayındırmaq da mümkün deyil. Milli Şura ilə bağlı yaranmış son durumu da hakimiyyət öz istəyi kimi idarə edə bilmir. Yaranmış probilemli vəziyyətdən çıxış yolunu AXCP və onun lideri Əli Kərimli partiyanın 10 avqust Məclisində göstərdi.
Bu gün narazı elektoratın daha çox diqqət mərkəzində olan Kərimli milli maraqlar və rejimə qarşı ümümmilli səfərbərlik naminə, bəzilərindən fərqli olaraq, qrup maraqları güdmədiyini, demokratik qüvvələrin geniş koalisiyası olan Milli Şuranı qoruyub möhkəmləndirmək üçün istənilən kompromisə getməyə hazır olduğunu bir daha subut etdi. Demokratik qüvvələrin demək olar ki,tam birləşdiyi Milli Şuranı ən pis halda seçkinin nəticəsindən asılı olmayaraq növbəti mərhələ üçün qoruyub saxlamaq naminə Əli Kərimli mümkün olanları və olmayanları etdi. Bundan sonra inanmıram ki, hansısa qüvvə qabaqcadan nəticəsi bəlli olan seçki şousunda pərakəndə halda iştirak edib, onsuz da narazı elektoratın ehtimadını qazanmaqda çətinlik çəkən müxalifəti daha da o elektoratdan uzaqlaşdırmaq riskini üzərinə götürə, firqə maraqlarına xidmət etməklə xalqın nifrətini qazana. Artıq Milli Şuranın təkcə 2013 seçkisinə hesablanmış qurum yox, seçkinin nəticəsindən aslı olmayaraq ölkədə avtoritarizimdən demokratiyaya keçidi təmin edən strateji quruma çevrildiyi göz önündədi. Bundan sonra özünü hakimiyyətə müxalifət elan etmiş hansısa qüvvə bu qrumu o statusda görə bilməyəcəksə, artıq probilemi həmin qüvvənin siyasi xəttində deyil, separatçılıq professanallığında axtarmalıyıq.


