Partiyanın Ali Məclisi Əli Kərimliyə qarşı yeni təxribatla bağlı bəyanat verdi
AXCP Ali Məclisi xüsusi xidmət orqanlarına bağlılığı ehtimal olunan kənar şəxs və ya şəxslərin partiya sədri Əli Kərimlinin evinə girməsi ilə bağlı bəyanat verib.
Ali Məclis Əli Kərimliyə qarşı baş vermiş növbəti təxribatı pisləyir və bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir.
Bəyanatda bildirilir ki, hakimiyyət uzun illərdir AXCP-yə və onun liderinə qarşı iyrənc kampaniya aparır. Partiyanın sıravi üzvlərindən tutmuş, rəhbər şəxslərinə qədər hər kəs mütəmadi təzyiq və təqibə məruz qalıb. Hakimiyyətin AXCP-yə qarşı qanuna zidd münasibəti artıq bütün mənalarda öz təsdiqini tapıb. Partiyanın sədri Əli Kərimlinin mənzilinə soxulmaq isə, təkcə cinayət deyil, həm də əxlaqsızlıqdır.
Ali Məclisi hesab edir ki, bu çirkin hadisənin arxasında Azərbaycanın siyasi hakimyyəti dayanır və Əli Kərimlinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədi güdür.
“Əli Kərimlinin prinsipial və ardıcıl mövqeyi, bütün təzyiqlərə rəğmən geriyə addım atmaması hakimiyyəti təşvişə salıb.
Əli Kərimlinin mənzilinə qeyri-qanuni, oğrucasına daxil olmanın istənilən xoşagəlməz nəticəsinə görə hakimiyyət məsuliyyət daşıyır”, – deyə bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, bundan əvvəl də Əli Kərimli oxşar təxribatla üzləşib. Belə ki, 2005-ci ildə onun iş otağında gzli qurğu aşkar olunub.
AXCP Ali Məclisi hakimiyyətdən belə çirkin əməlləri dayandırmağı tələb edir və onu rəqiblərinə qarşı şərəflə mübarizə aparmağa çağırır.
Ali Məclis bəyan edir ki, bu kimi qanunsuz əməliyyatlarla AXCP və Əli Kərimlini haqlı mövqeyindən çəkindirmək mümükün olmayacaq.