AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Rəsul Mürsəlov aclıq aksiyasına başlayıb. Bu haqda onun anası Sənubər Mürsəlova “Azadlıq” qəzetinə məlumat verib. Gənc fəalın anasının sözlərinə görə, Rəsul zəng edərək deyib ki, atasının ona verdiyi pulu əlindən alıblar. O bu haqda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və “Azadlıq” qəzetinə məktub göndərmək istəsə də, onun məktubunu götürməyiblər. Ona gələn məktubları da özünə çatdırmırlar. Bu səbəbdən də o, aclıq aksiyasına başlayıb. Aksiyanın nə qədər davam edəcəyi bilinmir.
Bu, R.Mürsəlovun birinci aclıq aksiyası deyil. Keçmiş siyasi məhbus İlqar Rzayev haqqında əfv çıxmasına baxmayaraq, bir neçə ay da həbsxanada saxlanılmışdı. Buna etiraz olaraq R.Mürsəlov İ.Rzayevlə birlikdə aclıq aksiyası keçirmişdi.
Rəsul Mürsəlov 18 iyul 2012-ci il tarixində Balakəndə saxlanılıb. Onun haqqında Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. Balakən Rayon Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Bəyim Həsənli


