Siyasi məhbus, hüquqşünas Qurban Məmmədov qarşıdan gələn seçkilərlə bağlı maraqlı mövqe paylaşıb. Onun həbsxanadan göndərdiyi məktubda Seçki Məcəlləsindəki və MSK-nın formalaşmasındakı hüquqi pozuntular sadalanır və buna istinadla seçkilərin təxirə salınması üçün fəaliyyətə başlamaq təklif olunur. Məktubu olduğu kimi dərc edirik:
24-30-36 (666)
Müxalifət bilərəkdən və ya bilməyərəkdən bütün vaxtını, enerjisini daxili çəkişmələrə qarşlıqlı atışmalara “MŞ”-nın sədri Rüstəm İbrahimbəyovun gəlib-gəlməyəcəyinin müzakirələrinə sərf etməklə əsas məsələlərdən yayınıb. Çox mühüm vəzifələr öz həllini gözləyir və bunun üçün qalan vaxt isə çox azdır, bəlkə də çatmayacaq və seçki mütləq təxirə salınmalıdır.
Əsas müvzuya başlamadan öncə qeyd etmək istəyirəm ki, R.İbrahimbəyovun gəlib-gəlməməsinin qızğın müzakirələrinə girişən dostlarımızın hamısı gözəl bilirlər ki, seçkinin taleyi R.İbrahimbəyovun avqustun 1-də, ya sentiyabrın 30-da gəlməsindən qətiyyən asılı deyil.
R.İbrahimbəyov boks və ya güləş yarışına getmir ki, vaxtında rinqə çıxmasa ona texniki məğlubiyyət verilsin. Bəziləri isə qəsdlə rejimin sərmayəsi qarşılığında bu gün müxalifətin qarşısında duran vəzifələrin vacibliyi baxımından ardıcıllığının müəyyən edilməsinə mane olur, ictimai şüura tərəddüd, şübhə, qorxu, yersiz ehtiyyatlılıq, pesimizim əhvalı aşılayır.
Təəssüf! Mən bütün dostlarımızı bu vacib, məsuliyyətli tarixi məqamda öz hərəkətlərinə diqqətli olmağa çağırıram.
Prezident seçkilərinin taleyi müxalifətin birləşməsindən, vahid namizədlə çıxış etməsindən, hətta bütün dünyanın onu dəstəkləməsindən qətiyyən asılı deyil – indiki şəraitdə.
Təbii ki, normal qanuni seçki mühitində bu şərtlər qələbəyə şəksiz təminat verən siyasi şərtlər kimi dəyərləndirilməlidir.
Nə demək istəyirəm?
YAP adı altında, yəni siyasi don geyindirilən cinayətkar qruplar tərəfindən qanunsuz yollarla hakmiyyəti zəbt edənlər, bu hakimiyyəti uzun müddət əldə saxlamaq üçün qanunsuzluq bazası yaratmışlar. Başqa sözlə bundan sonra da, öz cinayətlərinə, məsələn, seçkilərin saxtalaşdırılması ilə hakimiyyəti əldə saxlamağa qanuni yol açmaq üçün qanunlar qəbul etmişlər.
Bu qanunların başında Seçki Məcəlləsi durur. Seçkinin, istər prezident, istər parlament, istər bələdiyyə, istərsə də referendumların taleyini həll edən bu Məcəllədə 3 maddə:
24-30-36-cı maddələr həlledicidir.
AR Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən,
“24.1. Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir.
24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.
24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.
Bu maddənin 3-cü bəndindəki, MSK-nın təşkili prinsipini haradan götürüblər? Bu prinsip hansı məntiqlə qəbul edilib? Fikir verin: MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir”.
Ardı daha maraqlıdır özünüz oxuyun.
Bu prinsipi partiyaların maliyyələşməsində tətbiq etmək, hardasa, anlaşılan və qəbul ediləndir. Hansı partiya çox əziyyət çəkir, xalqın etimadını daha çox qazanır və parlamentdə daha çox yer tutur, o da daha çox pul almalıdır.
Yəni: Hər kəsə əməyinə görə.
Bu prinsipin MSK və digər seçki komisiyalarının təşkilində tətbiq edilməsi hansı məntiqə sığır?
Əvvəla, elementar bir versiya: Seçkilərdən sonra, seçkidə qalib gəlmiş və parlamentdə çoxluq təşkil edən siyasi partiya və MM-də azlıq təşkil edən siyasi partiyalar buraxılır, dağılır və siyasi səhnədən çəkilirlər. Nəzəri cəhətdən, elə praktik baxımdan da, mümkündürmü? Mümkündür! Onda MSK-dakı bu 6-lar kimi təmsil edəcəklər və ya olmayan siyasi partiyaların adından çoxluqda və azlıqda olan “partiyalıar” necə danışacaq və MSK-ya nümayəndələr verəcəklər?
İkincisi, təsəvvür edək ki, seçkilərdə bütün 125 dairənin hamısında yalnız bitərəflər, yəni heç bir partiyaya mənsub olmayan (müstəqil) adamlar qalib gəldi. Bu halda Seçki Məcəlləsinin 24-cü maddəsindəki „prinsip“ necə tətbiq olunacaq və MSK necə təşkil olunacaq? Müstəqillər 6 naizəd verdilər, bəs qalan 12 namizədi kim verəcək? Necə olacaq? MSK-sız qalacağıq? Bu hal Seçki Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq da yarana bilər.
Üçüncüsü, seçkidən dərhal sonra, qalib gələn „müstəqillər“ öz namizədliklərikndən imtina edib müxtəlif partiyalara keçdilər. Bu halda necə olacaq? MSK-nın 6 üzvünü haradan tapacaqlar?
Dördüncüsü, parlamentə düşmüş azlıq təşkil edən siyasi partiya üzvləri, eləcə də çoxluq təşkil edənlər öz partiyalarından istefa verib „müstəqil“ləşdilər. Onda necə? MSK-nın qalan 12 üzvü haradan tapılacaq?
Beşincisi, parlamentdə bütün partiyalar bərabər səs topladılar. Çoxluq təşkil edən və ya azlıqda qalan olmadı. Onda necə?
MSK-ya namizədlərin verilməsində siyasi partiyaların parlamentdəki sayları, yəni partiyalılıq prinsipi haradan götürülüb və qanuni əsası hardadır?
Axı, indi qüvvədə olan Seçki Məcəlləsinin 143-cü maddəsinə əsasən, (Milli Məclisə seçkilərin əsasları)
“Milli Məclisə birmandatlı seçki dairələri üzrə 125 deputat (bir dairədən — bir deputat) seçilir”.
Yəni parlament seçkiləri mojaritar seçki sistemi ilə aparılır və proporsionar sistem „ulu öndər“ tərəfindən ləğv edilib. Onda bu MSK-da və digər komisiyalarda partiyalılığın əsas götürülməsinin qanuni bazazsı varmı? Əlbəttə yoxdur. Ola da bilməz. Axı proporsional sistem özü yoxdur.
Bir sözlə, yuxarıdakı 5 variantın hər biri nəzəri və praktiki baxımdan mümkün olduğu üçün MSK-nın, DSK-nın və Məntəqə SK-nın təşkili ilə bağlı Seçki Məcəlləsinin 24, 30 və 36-cı maddələrindəki „prinsip“i obyektiv hesab etmək mümkün deyil.
Prinsip sözünü ona görə dırnaqda yazıram ki, bu həqiqətən prinsip deyil: Hakimiyyəti qanunsuz yollarla ələ keçirib, qanunsuz yollarla da əldə saxlamanın, daha doğrusu,diktaturanın, avtoritarizmin və oxlokratiyanın qurulma mexanizmidir.
YAP adlı qurumun adının hallandırılması isə, sadəcə olaraq bir mütəşəkkil cinayətkar birliyin fəaliyyətinə qanuni-siyasi don geydirməyə xidmət edir.
Seçki Məcəlləsinin 19.3-cü maddəsində diktatura özünün gələcəyini qanuni baxımdan daha da möhkəmlədib:
“Seçki komissiyasının sədri MM-də deputatları çoxluq təşkil edən siyasi partiyanı təmsil edir“.
Bu demokratiyanın qıjqırmasıdır.
Birinci cümlədə „Seçki Komisiyasının (MSK-da həmçinin sədr müavini), iki katibi seçki komisiyasının birinci iclasında açıq səsvermə seçilirlər“ yazanlar, gələcəklərindən arxayın deyillər deyə sonrakı cümlədə tələb edirlər ki, Seçki Komisiyasının sədri çoxluqdan olmalıdır. Qınanmayacaqlarına əmin olsaydılar Məzahir Pənahovun adını elə birbaşa Seçki Məcəlləsinin 19-cu maddəsinə yazardılar ki: sədr Məzahir seçilməlidir.
Bu məsələyə prezident seçkiləri və referendum baxımından yanaşanda həmin prinsipin yararsızlığı və qeyri-obyektivliyi daha aydın görsənir.
Təsəvvür edək ki, prezident seçkilərində iştirak edən 3 namizədin 3-ü də “müstəqil“dir, heç bir partiyanın üzvü deyillər. Onda soruşuram müxalifət partiyaların MSK-nın 2/3-sini təmsil edən, konkret siyasi müvqeləri olan və prezidentliyə namizədlərin tanımadığı „müstəqil“lərdən ibarət adamlara onlar niyə etibar etməlidirlər və prezidentliyə namizədlər özləri hansı vasitələrlə MSK və digər seçki komisiyalarının işinin obyektivliyini təmin edə bilərvə nəzarət edə bilərlər???
Çünki Seçki Məclləsinin 25-ci maddəsinə (MSK üzvləri) əsasən,
„Mərkəzi Seçki Komissiyası Prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir”.
Seçki Məcəlləsinin 41-ci maddəsinə əsasən,
“Vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər”.
Seçki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən,
“Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.”
Seçki Məcəlləsinin 69.1-ci maddəsinə əsasən,
“Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.”
Bu necə bərabərlikdir ki, İlham Əliyevin MSK-da və digər komisiyalarda partiya 6 üzvü, 1 razılaşdırılmış üzvü, azlıq təşkil edənlər adı altında qlaflanmış əlavə 6 üzvü və yenə “müstəqil”lər adlı əlavə 5üzvü var. Digər namizədlərin, məsələn Rüstəm İbrahimbəyovun 1 nəfər də olsun nümayəndəsi yoxdur??? Budurmu bərabərlik?
İndiki prinsiplə təşkil edilmiş seçki komisiyalarının paritet əsaslarda formalaşdırılmasını tələb etməliyik, yoxsa “nə vaxt gəldi- nə vaxt getdi” kimi daxili çəkişmələrə enerjimizi itirməliyik?
Seçki Məcəlləsinin 117-ci maddəsinə (referendum yolu ilə həll edilən məsələlər) əsasən,
“Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir”.
Konstitusiyanın 3-cü maddəsinin Ivə II hissəsinə əsasən,
“I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə
bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfv etmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi”,
11-ci maddəsinin III bəndinə əsasən,
“Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər” və
152-ci maddəsinə əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər”
Bütün bu məsələlərin MSK-da olan çoxluq və ya azlıq təşkil edən partiya üzvlərinə, eləcə də “müstəqil”lərə aidiyyatı var. Məsələn, niyə bu məsələlərə xalqın münasibətini müəyyənləşdirərkən YAP MSK-da olmalı, Elmlər Akademiyasının, əlillərin, həmkarlar təşkilatlarının nümayəndələri olmamalıdır? Bunu kim və hansı kriteriyalara görə müəyyənləşdirib?
Bir sözlə, indiki Seçki Məcəlləsi bütövlükdə qanunsuz üsullarla ələ keçirilmiş hakimiyyətin əldə saxlanılmasına xidmət edir. Mən yalnız 3 maddəyə 24, 30, 36-ya toxundum. Məcəllədə nə qədər belə nöqsanlar var ki, onlar mütəşəkkil cinayətkar dəstə tərəfidən düşünülmüş şəkildə edilib və bu gün də məhz bu “qanuni” imkanlarına arxayındırlar. Onların “MŞ”, Rüstəm İbrahimbəyov və müxalifət haqqında hay-küyləri siyasi texnologiya olub, diqqət yayındırmaq, vaxt öldürmək üçündür. Bütün Azərbaycan və dünya birləşsə də, Rüstəm İbrahimbəyov tək namizəd, İsa Qəmbər ehtiyat namizəd olsa da, bütün xalq R.İbrahimbəyova səs versə də, MSK-dakı “666” İlham Əliyevi prezident elan edəcək. Ona görə də, Rüstəm İbrahimbəyovun Bakıya nə vaxt gələcəyindən , ehtiyat namizədin kimliyindən vacib məsələ Respublikada normal, azad, bərabər seçki mühitinin yaradılmasıdır. Bu istiqamətdə isə ilk vəzifə namizədlərin hüquqlarını bərabər şəkildə qoruyan, paritet əsaslarda təşkil edilən MSK-nın yaradılmasıdır-Seçki Məcəlləsində dəyişiklik edilməsi uğrunda qəti mübarizədir. Rejim qəsdlə, əvvəlcədən düşünülmüş şəkildə elə iş aparıb ki, buna vaxt qalmasın. Ona görə də, seçkilərin təxirə salınması və Seçki Məcəlləsinin yenidən işlənməsi istiqamətində iş aparılmalıdır. Əks təqdirdə bu rejim özünü də, xalqı da qan içində boğmağa və xarici qüvvələrin müdaxiləsinə sürükləyəcəkdir.
Mənim onlara yazığım gəlir. Xalqın onsuz da itirməyə heç nəyi yoxdur.