Qala sakini Rəşid Babayev redaksiyamıza şikayət məktubu göndərib
“Cənab prezident, yazıb sizə bildirirəm ki, Qala kəndində Xaşxunu deyilən ərazidə babamdan mənə miras qalan torpaq sahəsi və ev var. 1250 sajinaya bərabər torpaq sahəsidir. Bu torpağın mənə məxsus olduğunu təsdiqləyən sənədlər var. Hətta arxivdən mənə verilən sənəddə də göstərilir ki, 1250 sajina torpaq sahəsi mənə məxsusdur. Mən arxivdən verilən sənədi Xəzər rayon Icra Hakimiyyətinə göndərmişəm.
Ancaq, mənim müraciətlərimə baxılmır, süründürməçilik edirlər. Xəzər rayon Icra başçısı Gülağa Ismayılov deyir ki, bu torpaq Etnoqrafiya qoruğuna verilib. Əvvəlcə mənə demişdilər ki, torpağın əvəzinə sənə 2 mərtəbəli ev tikib verəcəyik. Ancaq sonradan bu vədlərinə də əməl etmədilər. Torpağımı satıb, pulunu xərcləyirlər. Mənim torpağımın geri qaytarılmamasının səbəbi millət vəkili Mehriban Əliyevanın göstərişi ilə bağlıdır. Mən 3 dəfə Heydər Əliyev fonduna getsəm də, Mehriban xanım məni qəbul etməyib. Hər dəfə yaşlı bir kişini göndərirlər ki, mənə ümid verib geri qaytarsın. Mən 2-ci qrup əliləm, cüzi miqdarda təqaüd alıram. Aldığım təqaüd həftənin sonuna çatmır. Aldığım pulu yüzlərlə məktub yazaraq, müxtəlif orqanlara göndərmişəm. Ancaq 11 ildir məni süründürürlər, torpağımı vermirlər. Mən yaşlı adamam, Mehriban Əliyeva mənim torpağımı niyə qaytarmır? Qanun niyə bu ölkədə işləmir?
Sizdən xahiş edirəm, mənim torpağımın və evimin geri qaytarılması barədə bir tədbir görəsiniz. Bir insanı 11 il yollarda süründürmək nə dövlət adına, nə də insan adına yaraşan deyil”.
Məktublar şöbəsi


