ribrahimbeyov-teqdimat

«Üzərimə düşən missiyanı yerinə yetirməliyəm»

“Hakimiyyət namizədliyimi qeydə almamaq üçün mümkün olanı və olmayanı edir”

Rüstəm İbrahimbəyov ona olan təzyiqlər və Bakıya dönüşü barədə «Moskovskiy komsomolets»ə danışıb

Azərbaycan kütləvi informasiya vasitələrində Rüstəm İbrahimbəyovun filmlərinin nümayişinin qadağan olması barədə məlumat yayıldı. Bu məsələ Rusiya mətbuatının da diqqətindən yayınmayıb. «Moskovskiy komsomolets» nəşrinə kiçik müsahibəsində Milli Şura sədri bu və vətənə nə vaxt qayıdacağı məsələlərinə toxunur:  

Deyirlər filmlərimin televiziyada nümayişinə qadağa qoyulub. Amma mənim filmlərimi, o cümlədən 70 illiyə həsr olunmuş filmi əvvəllər də göstərmirdilər. Bu son bir neçə ildə baş verir. Ancaq bu indi xüsusilə geniş vüsət alıb, bu da müxalifətin məni seçkilərdə vahid namizəd elan etməsilə bağlıdır. Hakimiyyət möhkəm qorxub və prezidentliyə namizədliyimi qeydə almamaq üçün mümkün olanı və olmayanı edir. Seçki qanunvericiliyinin dolaşıq müddəalarından istifadə edərək təcili olaraq Rusiya vətəndaşlığımdan çıxmağımla bağlı sənədləri təqdim etməyimi istəyirlər. Beynəlxalq qaydalara görə, bunu sadəcə deməyim və Rusiya hüquq-mühafizə və vergi orqanları qarşısında öhdəliyimin olmaması ilə bağlı sənədləri təqdim etməyim kifayətdir. Bütün bunları etmişəm. Ancaq məndən bu sənədləri namizədlərin qeydiyyatı həyata keçiriləndə deyil, əvvəlcədən təqdim etməyimi tələb edirlər. Bütün bunlar imza vərəqələrimi almağa mane olmaq üçündür. Bu günlərdə Milli Kino günü münasibətilə Bakıya getməyə hazırlaşırdım. Ancaq qəfil Azərbaycan prokurorluğunun məlumatı yayıldı ki, mənə qarşı cinayət işi açmağa hazırlaşırlar. Bu isə o deməkdir ki, ən azı ölkədən çıxmamaq üçün məndən iltizam ala bilərlər. Rusiya vətəndaşlığından çıxmaqla bağlı prosedurlar başa çatmadığından və mən bu işdə özüm iştirak etməli olduğumdan ehtimal var ki, məni Bakıda saxlayaraq namizədliyimin qeyd alınmamasına nail ola bilərlər. Bu situasiyaya istəmədən düşmüşəm. Çünki 20 il ərzində Azərbaycan müxalifətinin dağınıq olduğunu görüb nüfuzumdan, mənə olan yaxşı münasibətdən istifadə edib onları Milli Şurada birləşdirdim. Güman edirdim ki, bununla tarixi missiyam başa çatacaq və öz işlərimə qayıdacam. Ancaq məni Milli Şuranın sədri seçdilər. Əks halda Milli Şuranın parçalanacağını anlayaraq buna razılaşdım. Buna qədər yaratdığım Ziyalılar Forumu üç il ərzində Azərbaycanda baş verən vacib hadisələrlə bağlı hər zaman mövqe bildirən vətəndaş cəmiyyətinin əsasını qoydu. Tədricən özünü fəal aparmaq istəyən ölkə vətəndaşından hakimiyyətin təqib etdiyi, televiziyada şərlədiyi şəxsə çevrildim.

 – Sizə qarşı rəhbərlik etdiyiniz Kinomatoqrafçılar İttifaqının fəaliyyəti ilə bağlı cinayət işi açıblar?

 – İstintaq sirri olduğunu əsas gətirib bu işin nə ilə bağlı açıldığını heç kim demir. Bununla belə Milli Şuranın əsas simalarını Tbilisidə toplayıb, vəd verdiyim kimi Bakıya qayıtmaq niyyətimi açıqladım. Ancaq silahdaşlarım mövcud situasiyanı bilərək Rusiya vətəndaşlığı ilə bağlı prosedurlar başa çatmadan bunu etməməyi təkid etdilər. Artıq İlham Əliyevlə dostluq edən Saakaşvilinin bəyanatı gəldi ki, bizim Milli Şura Rusiyanın Azərbaycanda çevriliş etmək üçün yaratdığı güclü silahdır, bir də ki, belə gözəl prezident varsa, başqasının seçilməsini təşkil etmək nəyə lazımdır. Ancaq hər axmaqlığa fikir vermirəm. İstədim ya istəmədim, üzərimə düşən missiyanı yerinə yetirməliyəm. Əgər həbs edəcəklərsə, deməli həbs edəcəklər. Lazımı sənədləri alan kimi Bakıya gedəcəm. 

azadlıq.info