5 aylıq Azərbaycan vətəndaşı hələ də İranda girovdu

Xəstənin valideyinləri İranın Azərbaycandakı səfirliyinin açıqlamasını təkzib etdi

İranın “Şəhid Mədəni” klinikasında 5 aylıq Azərbaycan vətəndaşının girov saxlanıldığı haqda məlumat vermişdik.  Belə ki, xəstəxananın müalicə-profilaktika şöbəsində ürəyindən əməliyyat olunan azərbaycanlı körpə Məlikov Emil Firdovsi oğlu girov kimi saxlanılaraq valideynlərinə verilmir.
Səbəb isə xəstənin valideynlərinin xəstəxana xərclərini tam ödəyə bilməməsi idi. Məlumatda bildirilir ki, xəstəxananın əməliyyatla bağlı danışılmış Pərviz adlı həkimi valideynlərlə telefon əlaqəsi zamanı bütün xərclər üçün 4000 dollar lazım olacağını deyib. Valideynlər də bu pulu düzəldərək körpələrini Təbrizə, xəstəxanaya aparıblar. Lakin əməliyyat zamanı Pərviz həkim valideynlərə bildirib ki, 4000 dollardan əlavə 3000 dollar da həkimlərə verməlidirlər. Valideynlər əlacsız qalıb 3000 dollar da toplayaraq Pərviz həkimə veriblər. Bundan sonra körpələrini xəstəxanadan çıxarmaq barədə düşünən valideynlər dəhşətli “sürprizlə” qarşılaşıblar.
Avqustun 5-də uşağı xəstəxanadan çıxarmaq istəyən valideynlərə deyilib ki, 5500 dollar da ödəməlidirlər. Əks halda xəstəxana uşağı təhvil verməyəcək. Valideynlər isə bu məbləği ödəyə bilməyəcəklərini bildirib. Razılaşdırıldığından da artıq ödəniş etdiklərini, o vəsaiti də qohum-əqrəbadan borc aldıqlarını, tələb olunan əlavə 5500 dolları heç bir halda ödəyə bilməyəcəklərini dedikdə isə onlara qapını göstəriblər.
Valdeynlər məcburiyyət qarşısında qalaraq, Azərbaycanın Təbrizdəki baş konsulluğuna müraciət ediblər. Lakin konsulluq da valideynlərə kömək etməyib. Orada valideynlərə bildiriblər ki, həmən xəstəxana Iranın dövlət xəstəxanasıdır, nə tələb olunursa, onu da etsinlər, Azərbaycan tərəfi bu işə qarışa bilməz.
Bütün bu baş verənləri “Azadlıq” ictimailəşdirdi, XIN-ə məlumat verdi. Bir neçə gün ərzində “Azadlıq” bu məsələni gündəmdə saxladı. Xəstənin yaxınları ilə mütəmadi əlaqə saxlayıb, təfərrüatları dərc etdi.
APA-nın verdiyi məlumata görə, Iranın Azərbaycandakı səfirliyi mətbuatda gedən yazıları təkzib edib. Səfirlik bildirib ki, uşağın əməliyyatı üçün valideynlərinə endirim edilib və əməliyyat olunandan sonra o, ailəsinə təhvil verilib.
Emil Məlikovun atası isə, Iran səfirliyinin dediklərin inkar edib. Firdovsi Məlikov “Azadlıq”a açıqlamasında bildirdi ki, məndən 15 min dollar tələb edirlər, mən isə 4 min dollar ödəyə bilmişəm: “Mən bu qədər pulu heç vaxt toplaya bilmərəm. Xəstəxana rəhbərliyi pasportumu da, son 600 dollarımı da əlimdən alıb. Bu gün artıq ayın 7-si, Iran vaxtı ilə saat 5 tamamdır. Oğlumu hələ də mənə vermirlər”.
Oğlu girov götürülmüş Azərbaycan vətəndaşı Firdovsi Quliyev pasportsuz Təbrizin küçələrində qalıb. Rəsmi Bakı isə, hələ də susur.

İlham Hüseyn