İP Koordinasiya Şurasında nələr müzakirə olundu?

 İctimai Palata hüququ pozulan vətəndaşlara dəstək verdi

İsa Qəmbər: “Hakimiyyətdən vətəndaşların hüquqlarına, o cümlədən iş və mülkiyyət hüquqlarına sayğı ilə yanaşmaq tələb olundu”

Avqustun 7-də İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. İclasda ölkədə ictimai-siyasi vəziyyət və önəmli proseslər diqqət mərkəzində olub. Bu barədə məlumat verən İP KŞ-nin dönəm sədri, Müsavat Partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, eyni demokratik Qüvvələrin Milli Şurasının seçkilərə hazırlığı ilə bağlı məsələlər və problemlər diqqət mərkəzində olub və vəziyyət hərtərəfli, geniş müzakirə edilib: “İctimai Palataya daxil olan qüvvələrin, demokratik düşərgənin seçkilərdə uğur qazanması yolu barədə kifayət qədər səmərəli fikir mübadiləsi aparıldı. Eyni zamanda ölkədə baş verən digər məsələlərə diqqət yetirildi. O cümlədən hakimiyyətin vətəndaşların hüquqlarını pozmaqda davam etməsi diqqət mərkəzində oldu. Bilirsiniz ki, son günlərdə bir sıra hadisələr baş verib, Kürdəmirdə vətəndaşların minimal iş imkanlarının əllərindən alınması, Bakıda bu dəfə Xutor sakinlərinin mülkiyyətinin demək olar ki, ciddi kompensasiya verilmədən əllərindən alınması və vətəndaşların bu haqsızlığa etirazlarının zorakı yolla yatırılması haqqında məsələ müzakirə olundu və hakimiyyətin bu addımına da etiraz bildirildi. Hakimiyyətdən vətəndaşların hüquqlarına, o cümlədən iş və mülkiyyət hüquqlarına sayğı ilə yanaşmaq tələb olundu. Həmçinin hakimiyyət son günlərdə həbsləri və repressiyaları davam etdirir. Müsavat Partiyası Gənclər Təşkilatının sədri, Divan üzvü Tural Abbaslı guya ictimai işlə bağlı məhkəmə qərarını yerinə yetirmədiyi üçün inzibati həbs cəzasına məruz qalıb. REAL Hərəkatının gənclərindən biri Asif Oruclu dinc bir aksiyada, flaşmobda iştirak etdiyi üçün inzitabi cəzaya məruz qalıb. Həmçinin AXCP-nin Gənclər Təşkilatının fəallarından Rahib Hacıyevin yenə də saxta narkotik ittihamı ilə həbs edilməsi və haqqında cinayət işi açılması faktı səsləndirildi. İP KŞ hesab edir ki, hakimiyyət seçki ərəfəsində və müqəddəs Ramazan bayramı ərəfəsində siyasi məhbusların sayını artırmaq yox, siyasi məhbusların hamısının azad olunması istiqamətində düşünməlidir və qərarlar qəbul etməlidir”. 

İ.Qəmbər İP KŞ adından bütün xalqımızı Ramazan bayramı münasibətilə təbrik etdi: “Arzu edirəm ki, bu müqəddəs bayram günü bütün niyyətlər, bu 30 gün ərzində vətəndaşlarımızın tutduğu oruc, dua, namazlar qəbul olunsun. İnanıram ki, belə də olacaq. Mən xüsusən həbsdə olan dostlarımızın, qardaşlarımızı, övladlarımızı təbrik etmək istəyirəm. Bu gün çoxlu sayda dostlarımız, silahdaşlarımız həbsdədir. Onlar həm Müsavatın, Cəbhənin, digər partiyaların, həm gənclər təşkilatlarının üzvləridir, həm islamçı qüvvələrin təmsilçiləri, jurnalistlər, hüquq müdafiəçiləridir. Hamısının adını çəkmək çətindir, kimsə yaddan çıxa bilər. Ona görə də bütün günahsız məhbusları, siyasi məhbusları, haqq-ədalət, öz ləyaqətləri və millətin şərəfi yolunda bu gün zindanda olan soydaşlarımızı Ramazan bayramı münasibətilə təbrik edirəm. İnanıram ki, bu bayram onlara da öz təsirini göstərəcək və tezliklə onları azadlıqda görə biləcəyik”. 

İ.Qəmbər əlavə etdi ki, İP-in Koordinasiya Şurası eyni zamanda özünün fəaliyyətinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb: “Yəqin ki, tezliklə o yöndə müəyyən addımlar atılacaq”.