«Yeni Müsavat» üç nəfər arasında olan qapalı söhbəti necə əldə edib?
“Yeni Müsavat” yazır ki, üç adamın arasında olan söhbətin detallarını araşdırma yolu ilə əldə edib. Söhbət Tbilisidə Rüstəm Ibrahimbəyov, Eldar Namazov və Isa Qəmbər arasında olan danışıqdan gedir.
“Yeni Müsavat”ın “araşdırma qrupu”nun təqdim etdiyi metod da budur, qəzet detalları bax, belə “araşdırıb”: “Lakin ”Yeni Müsavat” ilginc bir araşdırma apararaq, 90 dəqiqəyə yaxın davam edən bu görüşün sirrini, orada əldə olunan anlaşmaların mahiyyətini açmağa çalışıb. Bu yazını hazırlayan müəlliflər Milli Şuranın Tiflis sammitini yaxından izləyən jurnalistləri və bir də 3 liderin – Isa Qəmbər, Eldar Namazov və Rüstəm Ibrahimbəyovun məxfi xəbərlərdən bir parça da olsa, paylaşa biləcəyi bir neçə şəxsi danışdırıb. Qeyri-rəsmi formatda aparılan söhbətlər nəticəsində onların fikir və mülahizələri, məlumatları əsasında görüşün detallarını aydınlaşdırmağa çalışıb”.
Bircə bu detalı oxumaq bəs edir ki, məlumatı qəzetə verən mənbənin özünü necə kobud “kamufilyaj” elədiyini görəsən. Bu məlumatın yayılmasının kimə sərf elədiyini araşdırmaq fikrində deyilik. Bizə və oxuculara da maraqlı odur ki, üç adamın arasında olan söhbəti kim mediaya ötürüb və bu söhbətlər nə dərəcədə həqiqətdir? Həqiqətdirsə, Isa Qəmbər bu cür neqativ prosesəmi “faydalı görüş” deyirdi? Aydın məsələdir ki, bir qurumun iki namizədinin adı hallanması kifayət qədər parçalayıcı və neqativ situasiyadır. Bu cür neqativ dezinformasiyanı Isa bəyin açıqlamaları ilə tutuşdurmağa yəqin ki, Müsavat başqanının özü aydınlıq gətirəcək.
Rüstəm Ibrahimbəyovdan başqa namizədin olmasını “topa tutan” Eldar Namazovun belə bir ideyaya “hə” deməsi mümkündürmü? Bu, bir halda ola bilərdi ki, Rüstəm Ibrahimbəyov özü bu məsələ haqda düşünsün. Amma “Azadlıq” qəzetinə müsahibəsində Rüstəm Ibrahimbəyov deyir: “Milli Şuranın bir namizədi olmalıdır və bu sona kimi də qalmalıdır”.
Vəziyyət kifayət qədər aydın deyilmi?
P.S. Yazılanlara münasibət öyrənmək üçün dünən Eldar Namazov və Isa Qəmbərlə əlaqə saxlamağa çalışdıq, amma onların heç biri davamlı zənglərimizə cavab vermədilər. Bu gün yenə cəhd göstərəcəyik…
Azad


