Milli Şura paytaxdakı qanunsuz söküntüləri pisləyir

Artıq bir aydan çoxdur, paytaxtın üç müxtəlif yerində genişmiqyaslı söküntü işləri həyata keçirilir. “Alatava-3″, ”Xutor” qəsəbəsi və Cəlil Məmmədquluzadə (keçmiş “Papanin”) prospektində yaşayış evləri və ticarət obyektləri yerlə yeksan edilib. Paytaxdakı söküntülərlə bağlı Demokratik Qüvvələrin Milli Şurası bəyanat verib. Bəyanatda deyilir: “Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti uzun müddətdir ki, vətəndaşların mülkiyyət hüququna hörmətlə yanaşmır. Xüssuilə də son 3 ildə Azərbaycanda şəhərin mərkəzində və digər ərazilərdə vətəndaşların kompensasiya hüququ təmin olunmamaqla, onların evləri sökülür. Əvəzində isə şəhərin ayrı-ayrı yerlərində hakim ailənin yaxınlarına aid parklar salınır və  heykəllər qoyulur. Bu Azərbaycan vətəndaşına onun mülkiyyət hüququna birbaşa təcavüzdür. Milli Şura bəyan edir ki, Azərbaycanın hər bir vətəndaşı aydın şəkildə bilməlidir ki, hakimiyyətin yürütdüyü siyasət onların sosial durumuna və mənəviyyatına zərbəyə hesablanıb. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində Azərbaycanda vətəndaş azadlığının bütün göstəriciləri məhv olunur. Ona görə də bütün azərbaycanlılar bir nəfər kimi ayağa qalxmalı, mülkiyyət və digər hüquq və azadlıqların qorunması uğrunda mübarizə aparmalıdır. Mülkiyyət hüququ təkcə hər hansı bir mülkə sahib olmaq deyil. O həm də vətəndaşların özünü qorumaq və ləyaqət hüququdur. Milli Şura bütün azərbaycanlıları bu ləyaqət hüququnun qorunması uğrunda mübarizə səsləyir”.

Xəyal