Hakimiyyətdə Mehriban Əliyeva xofu

İlham Əliyevin namizədliyi ilə bağlı prosesin sürətlə aparılmasının pərdəarxası

Hakim Yeni Azərbaycan Partiyası bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində özünün prezidentliyə namizədi ilə bağlı qəti addım atıb. Belə ki, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin seçki sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Modern.az-ın xəbərinə görə, bu barədə YAP mətbuat xidmətindən məlumat verilib.
Bu arada Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürən Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) Fatma Əliyeva qanadı toplanıb. Moderator.az xəbər verir ki, DADP-nin Idarə Heyətinin iclasında DADP-nin Əlisahib Hüseynov qanadı ilə bağlı məsələ müzakirə olunub. Əlisahib Hüseynov və partiyanın icra katibi    Sevda Xurşudovanın əməlləri təxribat kimi qiymətləndirilib. Söhbət əlbəttə ki, Mehriban Əliyevanın namizədliyindən gedir.
Iclasda həmçinin, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Ilham Əliyevin namizədliyinin dəstəklənməsinin qərara alınması məqsədi ilə DADP Siyasi Şurasının toplantısının keçirilməsi müzakirə olunub.
Yada salaq ki, DADP-nin Əlisahib Hüseynov qanadı iyulun sonlarında qurultay keçirməli idi. Qurultayda Mehriban Əliyevanın namizədliyinin rəsmən irəli sürülməsi nəzərdə tutulurdu. Lakin qəfildən təşkilata qarşı hücumlar başladı. Əlisahib Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Sevda Xurşudovanın isə Gürcüstana deportasiya olunduğu bildirilir. Adıçəkilən şəxslər hələki baş verənlərə aydınlıq gətirməyib.
Bu, hakimiyyət daxilində prezidentliyə namizədlə bağlı ziddiyyətlərin təzahürü kimi dəyərləndirildi. Məlumat üçün deyək ki, iqtidardakı “Naxçıvan” qruplaşması heç bir halda Mehriban Əliyevanın namizəd olmasını istəmir.
Məlumatlara görə, Ilham Əliyevin namizədliyi ilə bağlı prosesin sürətlə aparılması da bununla bağlıdır. “Naxçıvan” qruplaşması ehtiyat edir ki, Paşayevlər qəfil iqtidarın vahid namizədi kimi Mehriban Əliyevanı önə verə bilər.