İlham Əliyevi haqqa çağırıram

Sözə və mövqelərinə görə cürbəcür adlarla zindana atılan vicdan məhbuslarına Sizdən azadlıq istəyirəm

Sizin seçkiyə belə getməyiniz, əlləri Imam Hüseynin qanına batan Yezidlə, Ibn Ziyadın piyan halda cümə namazına getməyinə bənzəyir

Kərbəlayi Seyyid Qafar

Bismillahir-Rəhmanir-Rəhim

Ey ölkəyə külli-ixtiyar sahibi olan cahangir, ey məmləkətdəki qüdrət qoşununa sahibi-ixtiyar olan hakimi-mütləq cənab Ilham Heydər oğlu Əliyev, bilmirəm Allahın bəşər dünyasına zülm zəlalətdən nicat tapmaq üçün vədə verilən bu əziz günlərini – Ramazan günlərini təbrik edərək mübarək deyəm, yoxsa küfrlə dolu günah dəryasında üzdüyünüzə görə Sizə başsağlığı verərək axır qəmimiz olsun deyəm. 

Qayıdaq mətləbə ta ki, məqama yetişək borclu qalmayaq. Ey hakimi-mütləq, inadkarlıq göstərib polis qoşununa arxalanaraq fəxrlə vətəndaş saydığın ümmətə ultimatum verərkən, polisin necə istəyirsə, elə də meydan sulamağına mesaj göndərərkən nə tez unutdun ki, sizdən qabaq Xaliqi-Sübhanın yeri oxundan çıxaran beş ədəd qəzəb qoşunu var.

Ey cahangir, unutma ki, qara külək, qırmızı külək, zəlzələ, sel və ildırım bu gün əsl möminlərin, təqva iman sahiblərinin kimsəsiz, köməksiz şəkildə Allaha sığınanların, dil-dodağı təşnə halda oruc tutaraq şeytanla müharibəyə girənlərin, aciz halda səcdəyə düşüb göz yaşları ilə Allaha dirənənlərin duaları ilə çarmıxa çəkilib. Bizik, sizləri meydan suladığınız bu məktəbdə saxlayan Quran əhlinə qiymət qoyun, haqq sözü deyənləri nə zindanlara atmayın, nə də, bununla fəxr etməyin. Haqqı söyləyərək sizi ədalətə çağıran, mövqeyini bildirib sizin küfrə bulaşdığınızı üzünüzə deyən kəslərlə dostluq ünsiyyəti qurun, Allahın razılığını qazanaraq axirət tərəzisini boş qoymayın, nə qədər ki, fürsət əlinizdədir. Görəsən o həbs olunanların, haqq sözə görə zindana atılanların anası, bacısı, qızı, oğlu bütün əzizləri məgər məzlum deyilmi? 

Ey cahangir, zindana atdığınız dustaqların içində nə mənim qan qohumum var, nə şəxsi tanışım. Nə ölkə səviyyəsində tanınmış alim deyiləm, nə də, Sizinlə elə bir ünsiyyətim, əlaqəm yox ki, nəyinsə xahişini edəm. Amma bu azadlığı əlindən alınıb söz üstündə sifarişlə qəfəsə salınan o cəngavərlər və sızıldayan analar mənim millətimdir. Allahıma, bu əziz olan Ramazan günlərinə güvənərək böyük ümidlə sizə ünvanlandım. Mən elə bir evdə böyüyüb, elə bir ocaqda dünyaya gəlmişəm ki, Imam Hüseyn şəhadət bayrağı bizim mənəvi qidamız olub. Ulu babalarımız Seyyid Əmralı, Seyyid Cabbar hökumətlərlə yola getmədiyindən biri Iranda biri Iraqda dünyasını dəyişib. Heç adımızın qarşısında “Miri” işarəsi də yazdırmamışıq. Ehtiyacım da yoxdur. Allahla dostluq Pəhrizkarlığa görədir. Ailə üzvlərim hamısı “Quran” əhlidir. Fəxr edirəm ki, bu ölkənin azadlıq hərəkatında mənim də haqqım var. Bəli, 1988-ci il 17 noyabr günləri. Topxana ilə başlanan xalqa məxsus “Meydan” hərəkatı Universitetlə bağlı tələbəçilik günləri və nəhayət 5 dekabr 1988-ci ildə rusların “Meydan” hərəkatını dağtmaqla kütləvi həbslər, zopalar, dəyənəklər. Bu gün mənim heç bir partiyalılığım yoxdur. Allah quluyam və öz kasıb daxmama sığınıb ibadətimlə məşğulam. Ancaq “Azadlıq” qəzetinə baxanda tərki-dünya kimi yaşamaq olmur. Düşünürsən ki, ilahi, zülm eləyəndə, zülmə məruz qalanda özümünküdür… Əli (ə) buyurdu: “Siyasətlərin ən yaxşısı ədalətdir”.

Peyğəmbər buyurdu: “Insanların ən imanlısı, gərəklisi haqq sözü deyənlərdir”. Azərbaycanın mötəbər alimləri şair və yazıçıları öz firavan, fərdi yaşayışlarından ötrü xalqı satdılar, yüklərini yığıb çəkiliblər bir kənara. Müəllimin, həkimin, pensionerin dilənçilik məvacibi son mənzilə yola düşməyimizə bir işarə deyilmi? Görəsən Allah divanında bu iküzlü mövqe tutub hakimiyyəti mədh edənlər nə cavab verəcəklər? 

Demokratik bir ölkədə ədavətlə, qan qadayla çəpər davasına oxşar şəkildə seçkiyə getmək, despot qəddarlığı nümayiş etdirmək ümmətin baş bilənlərini zindana yığıb əzizlərini sızıldatmaq məncə, heç bir insanlığa sığan iş deyil.

Haqq olan sözümü Allaha görə, əziz olan Ramazan ayına görə ədavətsiz qəbul edin, tikanlı danışıq kimi qeydə almayın. Acı söz xəstə ruhun dərmanı, dərman isə xəstə bədənin şəfası üçündür.

Ey hakimi mütləq, Sizin bu seçkiyə belə şəkildə getməkliyiniz Kərbəlada əlləri Imam Hüseynin qanına batmış Yezidlə, ibn Ziyadın piyan halda cümə namazına getməyinə oxşayır. Söz deyən kişilər içəri atdırılır, qalanları da çöldə əli Quranlı təhqir olunur. 

Ey hakimi-mütləq, səni haqqa çağırıram. Insan qüdrətli vaxtı gücünü qəddarlığa yönəltməyə, baş kəsməyə, intiqam almağa meyilli olur. Ancaq öz başının kəsildiyini və Allah tərəfindən öz ölüm məqamına necə məğlubiyyət möhürü vurulacağı günü unudur. Xalıqı – Sübhan Nəmrudun, Fironun, Qaronun, Yezidin, Ibni Ziyadın, Ibni Məlcənin etdikləri zülmə görə onların əcəllərinin yerini, məqamını hətta vaxtını da dəyişdirdi. Yüzə yaxın belə faktları saymaq mümkündür. Xaliqi-Sübhan deyir ki, “Qorxmayın mən də sizinləyəm (hər şeyi)- eşidirəm və görürəm.. Elə isə ancaq Allah təbarəki taala Azərbaycanın müxalifəti ilə hakimiyyətini görmür? Dünyanın bütün qanlı müharibələri danışıqlar stolu arxasında sülh yolu ilə həll edilib. Azərbaycanın rəhbər məsələsinə gələndə bütün işlər müşkülə düşür. Bir seçkiyə görə ölkədə qan, qada görünür. Hanı Azərbaycanın din alimləri, dünya alimləri? Hanı akademiklər, professorlar, şairlər, yazıçılar qələm tutanlar? Hanı behiştə getmək üçün ziyarətlərə minbir əziyyətlə ayaq döyənlər, məşədilər, hacılar, Kərbəlayılar, seyyid və səyyidələr? Niyə hakimiyyətdə olan birinci şəxsi müxalifət liderləri ilə dialoqa çağırmırsınız? Vaxtilə ən çətin durumda biz başımızı itirmədik, büdrəsək də yıxılmadıq, ”Meydan” hərəkatı ilə heç bir dövlətə nəsib olmayan birlik ələ gətirməklə üç rəngli qeyrət bayrağını Azərbaycanın qəhrəmanlıq salnaməsinə sancdıq, rusları sındıraraq Allah dostunu, halal bir şəxsi – Əbülfəz Elçibəyi ölkəyə rəhbər seçdik. Bu iş üçün heç bir yad qapıda boyun büküb dilənmədik. Indiki vəziyyətdə aparılan dövlətçilik siyasəti and ola Allaha ki, bu millətə əsasən xəcalət gətirən bir siyasətdir ki, burada müxalifətli hakimiyyətli hamı təhqir zorunda qalıb. 

Ey ölkənin rəhbəri, ey cahangir, söz üstündə mövqeyinə görə cürbəcür adlarla zindana atılan bütün vicdan məhbuslarına azadlıq istəyirəm bu Ramazan günlərində. Siz bu gün hamının son anda güvəndiyi şəxssiniz, ölkənin rıçaqları, millətinin aqibəti sizin əlinizdədir. Qoy hamı sizi bağışlayan kimi tanısın. Hakimiyyətli, müxalifətli hamını barışığa çağırın. Seçkiyə halal şəkildə gedilsin, düşmənçiliklə, ədavətlə yox, sağlam düşüncəli rəqabətlə. Sərdiyin seçki döşəyinin üstündə qoca şirlə güləşsən, əlbəttə, seçki qurbətnlillah qurulsa, məğlub olub yıxılacaqsan, boks keçirsən, nokaut vəziyyətinə düşəcəksən. Çünki seçki məntəqəsində meydan sulayan müəllim ordusu sizdən üz döndərib. Çünki aldığı məvaciblə təhqiredici bir həyat yaşayır.