Məhəmməd Cahan Pəhləvan dövrünün Azərbaycanı
Azərbaycan Eldənizlilər dövlətini adı bu dövləti yaradan Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Uşaqlıqda qul kimi satılan Şəmsəddin Eldəniz Səlcuqlu sarayına qədər gedib çıxmış, ağlı və işgüzarlığı ilə Sãultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu alıb və Toğrulun oğlu Aslanın atabəyi təyin edilib.
Sultan II Toğrulun ölümü ilə onun dul qalan qadını Mömünə Xatunla evlənib. Bundan sonra 1136-cı ildə də o, Aran hakimi təyin olunaraq, Bərdəyə yollanıb, beləliklə Eldənizlər dövlətinin təməli atılıb.
Şəmsəddindən sonra onun oğlu Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəlib və onun zamanında Eldənizlər dövləti daha da güclənib. O, Səlcuqlu sultanı III Toğrulun atabəyi idi. Cahan Pəhləvan hakimiyyətə gələn kimi dövlətin paytaxtını Naxçıvandan Həmədana köçürdü. 1175-ci ildə Təbrizi Ağsunqurilərin əlindən alıb Eldənizlilər dövlətinə daxil etdi. O, Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana təhvil verib. Oğlu Əbu Bəkiri atabəy təyin etdi. Qızıl Arslan Təbrizdə, Cahan Pəhləvan isə paytaxt Həmədanda otururdu.
Məhəmməd Cahan Pəhləvan hələ sağlığında ikən ölkəni və burada özünün qoyduğu qayda-qanunları qorumaq məqsədilə Sultanlığı oğlanları arasında bölüşdürmüş, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu. Həmədan Özbəyə verilmişdi. Rey, Isfahan və Iraqın qalan hissələri isə Inanc Mahmud və Əmir Əmiran Ömər arasında bölüşdürülmüşdü.
Akademik Ziya Bünyadov Ibn Isfəndiyarın belə bir hekayətini misal gətirir: “Atabəy Cahan Pəhləvan ömrünün sonlarına doğru Reyə gəlmişdi və əyanlardan biri ilə söhbət edirdi. Bu zaman həyətdən çavuşların səsini eşidir. Maraqlanır ki, gələn kimdir? Ona deyirlər ki, gələn atabəyin Reydəki canişini məmlük Sirac əd-Din Kaymazdır. Bunu eşidən atabəy deyir: ”Kaymaz da elə bir dərəcəyə yüksəlib ki, özünə çavuş saxlayır.” Sonra o, həmin əyandan soruşur: “Mənim qullarım və onlara verilmiş səlahiyyətlər barədə sən nə düşünürsən?” Cavab belə olur ki, “Qoy böyük atabəyin ömrü əbədi olsun! Sən öz qullarını, təbəələrini elə bir yüksəkliyə qaldırmısan ki, səndən sonra onlar oğlanlarının heç birinə tabe olmayacaq və bir-birinə hörmət etməyəcəklər. Və bu qulların ömrü uzunu Iraqda əmin-amanlıq olmayacaq.” Atabəyin gözləri yaşarır və o deyir: “Sən haqlısan! Bəs indi nə edək?” Müsahibi isə cavab verir ki, “Indi Allahın mərhəmətinə sığınmaqdan başqa bir yol yoxdur.”
Taxt-tac davası və Qızıl Arslanın qələbəsi
“Vikipedia”anın yazdığına görə Cahan Pəhləvan ölümündən sonra onu ucqarlarda yerləşən Təbərək qalasına, ailəsinin yanına gətirirlər. Arvadı Inanc xatun və tərəfdarları onun ölümünü gizli saxlamağa çalışırlar. Məqsəd isə onun oğlanlarından birini taxta çıxarmaq olub. Mərhum Atabəyin vəsiyyətinə əsasən, əmirlərin çoxu Cahan Pəhləvanın böyük oğlu Əbu Bəkrin üzərində dayanırlar. Əbu Bəkr Azərbaycanda əmisi Qızıl Arslanın yanında tərbiyə olunmuşdu və onlar III Sultan Toğrul qarşısında məsələ qaldırırlar ki, Qızıl Arslanı onun adından atabəy təyin etsin. Qızıl Arslan həmçinin Azərbaycan və Arran hakimi və baş komandan olaraq qalmalı idi. Özünə arxayın olmadığı üçün tərbiyəçi və himayədara ehtiyac duymayacaq bir yaşda sultan Qızıl Arslanı öz atabəyi kimi qəbul etmək məcburiyyətində qalır. Sultan Toğrul həmçinin hakimiyyəti üzərinə götürməkdən ötrü onu sultanlığın paytaxtı Həmədana dəvət edir. Qızıl Arslanı sarayda çox böyük təntənə ilə qarşılayırlar. Lakin nə sultan, nə də Cahan Pəhləvanın dul qadını Inanc xatun bu vəziyyətlə barışmaq istəmirlər.
Inanc xatun öz oğlanları Qutluq Inanc Mahmud və Əmir Əmiran Ömərin kənarda qalması, onların kənizdən doğulmuş qardaşlarının isə atabəy səlahiyyətlərinə bərabər bir mövqe qazanması ilə barışa bilmirdi. O, Qızıl Arslana qarşı mübarizədə ərinin keçmiş məmlüklərini öz tərəfinə çəkir. Onlar Inanc xatunun təklifi ilə razılaşaraq ordularını Rey ətrafında cəmləşdirirlər. Bundan xəbər tutan Qızıl Arslan sultanı da yanına alıb, Rey üzərinə yürüş edir və çaşıb-qalmış üsyançılar döyüşə girmədən şəhərdən qaçışırlar. Qal Inanc xatun isə Toğrulu onlarla birlikdə qaçmağa razı sala bilir.
Qızıl Arslan vəziyyətin ciddiliyini anlayaraq özünə tərəfdarlar toplayır. Toğrul isə bu sükutdan istifadə edərək, özünün və onun tərəfinə keçmiş əmirlərin qoşunlarını götürərək, 1187-ci ilin baharında Həmədana hərəkət edir. Şəhərin yaxınlığında onlar Qızıl Arslanın qoşunu ilə üzləşirlər. Davam edən gərgin döyüşlər nəticəsində rəqiblərin birləşmiş qüvvələri qarşısında duruş gətirə bilməyən Qızıl Arslan geri çəkilir və Azərbaycanda gizlənir. Sultanla mübarizə aparmaqdan ötrü atabəy Bağdad xəlifəsi ən-Nasiri öz tərəfinə çəkmək istəyir. Sultan üzərində qələbə çalacaqları təqdirdə xəlifəni Iraqda onun itirilmiş hakimiyyətini bərpa edəcəyinə inandırır.” Iraqdakı bütün malikanələr xilafət tərəfdarlarına qaytarılacaq, burada da Bağdadda və digər yerlərdəki kimi xəlifənin mübarək əmrləri yerinə yetiriləcəkdir.”
Xəlifə Atabəyin təklifini qəbul edir və 1188-ci ildə ordusunu hazırlayaraq, vəziri ilə yola salır. Bu qoşun Həmədan yaxınlığında Qızıl Arslanın qoşunu ilə birləşməliydi, lakin vəzir Qızıl Arslanı gözləmədən döyüşə girir. III Toğrul qoşununu hücuma özü aparır və axşama doğru qanlı döyüş vəzirin ordusunun tam məğlubiyyəti ilə sona çatır və vəzir özü isə əsir düşür.
Xəlifə isə yenidən ordu toplayaraq, yenidən Həmədana doğru göndərir. Sultanın yeni döyüşə girməyə hazırlığı olmadı üçün Isfahana qaçır. Xəlifənin qoşunları Həmədana daxil olur Qızıl Arslan da oraya gəlir. Burada onu xəlifənin adından təntənə ilə qəbul edirlər. Xəlifə öz ordusunu onun sərəncamına verir və Qızıl Arslana onu xəlifənin canişini elan edən rəsmi vəsiqə təqdim olunur. Akademik Ziya Bünyadovun yazdığı kimi, bu “Qızıl Arslanın yeni hakim (sultanın vassalı deyil) kimi tanınması demək idi.”
Qüdrətli hökmdar və kədərli son
Beləliklə, Qızıl Arslan yeni müstəqil bir dövlətin – Azərbaycan sultanlığının hökmdarı olur. Bundan sonra Qızıl Arslan qoşununu Toğrulun gizləndiyi Isfahana yeridir və şəhəri bir qədər mühasirədə saxlayandan sonra buraya daxil olur. III Sultan Toğrul bu vaxt şəhəri tərk edərək Azərbaycan üzərinə yeriyir və Qızıl Arslandan intiqamını onun çiçəklənən diyarının şəhər və kəndlərini dağıtmaqla alır.
Hadisələrin belə gedişini görən Inanc xatun isə oğlanlarını inandırır ki, Toğruldan ayrılaraq, qaliblə barışsınlar. Özü isə gözəlliyindən istifadə edib, cəsur sərkərdənin könlünə hakim kəsilir və Qızıl Arslan qardaşının dul qadını ilə evlənir.
Qızıl Arslanla təkbətək qalmış Toğrul bir neçə ağır məğlubiyyətdən sonra Bağdada xəlifənin yanına günahını boynuna almağa qaçır. Xəlifə onu qəbul etsə də, Qızıl Arslanın qorxusundan Toğrula hərbi kömək göstərməyə razılıq vermir. Həmədan yaxınlığındakı axırıncı döyüşündə isə Qızıl Arslanın əmirlərindən biri “qılıncı ilə sultanın çadırının dayağını kəsir” və bu da döyüşün taleyini həll etmiş olur. Toğrul əsir düşür. Onu Naxçıvan yaxınlığındakı Qəhram qalasına salırlar. Qızıl Arslan Toğrulun taxtına onun varislərindən kimisə oturtmaqdan imtina edərək, sultanın tacına özü yiyələnir. Onun adından pul kəsilməyə başlayır. Qızıl Arslan öz qüdrətinin zirvəsinə çatır. O, təkbaşına Azərbaycana, Arrana, Həmədana, Isfahana, Reyə hakimlik edir. Bu ərazilərə həmsərhəd olan bir çox vilayətlər və ölkələr də ondan vassal asılılığında idilər.
Ancaq Qızıl Arslan əlində cəmləşmiş hakimiyyətin üstünlüklərindən sona qədər faydalana bilmir, vaxtının çox hissəsini eyş-işrətlə, əylənməklə keçirir, dövlət işlərinə lazımi qədər diqqət yetirmir və əmirlərin narazılığı artmağa başlayır. Sultanın arvadı Inanc xatun bu narazılıqdan istifadə edərək özünə sadiq olan vəzirləri yanına çağırıb Qızıl Arslanla haqq-hesab çəkmək vaxtının çatdığını onlara bildirir və onun təşkil etdiyi sui-qəsd nəticəsində Qızıl Arslan 1191-ci ilin bir payız günü öz yatağında yatarkən öldürülür.
Qızıl Arslanın ölümündən sonra sultanlıq uğrunda mübarizə daha da qızışır…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir