AB Həsən Ruhani ilə müzakirələrə başlamaq istəyir

Katerina Aşton: “Ən qısa zamanda nüvə müzakirələrinə hazırıq”

İranın yeni prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərən Avropa Birliyinin Xarici Əlaqələr nümayəndəsi Katerina Aşton, nüvə probleminin həlli yolunun tapılması üçün ən qıza zamanda müzakirələrə hazır olacaqlarını bildirib. ANS PRESS-in İranın Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, Aşton məktubda yazır ki, İran xalqı Həsən Ruhaniyə, İranın nüvə proqramı ilə bağlı beynəlxalq cəmiyyətdə yaranan narahatçılığın aradan qaldırılması və problemin ən qısa zamanda həll tapması üçün səs verib. Qısa zamanda problemin həlli yolunun tapılması üçün Ruhani ilə görüşməyə hazır olduqlarını bildirən Aşton, Həsən Ruhaninin prezidentliyi dövründə regional gərginliyin azalması və insan hüquqlarına hörmətin yüksəlməsi üçün İran və Avropa Birliyi arasında yeni əməkdaşlıq müzakirələrinin başlayacağına ümidvar olduğunu qeyd edib.