1795 Fransası və 2013 Bakısı

“O, ağac kəsmə mövsümündə gündə on səkkiz su qazanardı, sonra isə biçinçilik edər, günəmuzd işləyər, fermada öküz otarar, fəhləlik eləyərdi. O, əlindən gələn hər işi görərdi. Bacısı da işləyirdi, ancaq yeddi uşağı yedirmək asan deyildi. Ehtiyac bu bədbəxt ailəni getdikcə daha artıq sıxırdı. Bir dəfə qış olduqca ağır keçdi. Can Valcan işsiz idi. Ailəsi çörəksiz qaldı. Sözün tam mənası ilə. Yeddi uşaq çörəksiz qalmışdı…” – Viktor Hüqo “Səfillər” romanının altıncı – “Can Valcan” fəslində yazır.

Beləliklə, əsərin qəhrəmanı bacısının ac qalan körpə qızına çörək çatdıra bilmədən yaxalanıb beş il katorqa cəzası alır. Sonralar bu beş il 19 ilə qədər uzanır. Bu hissəni təbii ki, srağagün Biləcəridəki “Army Market”də baş verən dəhşətli və rüsvayçı hadisədən sonra çoxları xatırlayıb. Hardasa, 70 yaşlı bir qadın dükandan çörək götürüb, pulunu ödəmədən çıxmaq istəyəndə yaxalanıb. Şəkli çəkilib, çoxaldılaraq marketin giriş qapısından tutmuş içəridə az qala bütün divarlar boyu vurulub və üstünə “Marketimizdən oğurluq edən qadın” sözləri yazılıb.

Buyurun, müqayisə aparın. 1795-ci ilin Fransası və 2013-cü ilin Azərbaycanı – Bakısı. Hansı zamanda qaldığımıza baxın. Tayı-bərabəri olmayan iqtisadi inkişafı ilə tərənnüm edilən, analoqu olmayan, yoxsulluğun az qala sıfır həddinə endirildiyi, dövlətin gəlirlərinin çoxluğundan dünyanın bütün mütrüblərini Bakıya gətirib milyonlarla para ödəyən, ən bahalı festival və müsabiqələrə ev sahibliyi eləyən, bir idmançısının qələbəsinə görə onu evlə, bir milyon manata qədər pulla, maşınla, vəzifəylə təmin edən, təkcə 48 milyardı xaricə çıxarılmış, bir o qədəri başqa xarici banklarda, daşınmaz əmlakda, yatırımlarda yatan; dünya aclarını doyuzduran “Heydər Əliyev fondu” olan bir ölkənin yaşlı anasından gedir söhbət! Kimsə deyə bilər ki, Can Valcan daha ağır cəzaya, yəni beş illik katorqaya məhkum edilmişdi. Bu ananınsa vur-tut şəklini divarlara vurublar. Xeyr, cənablar! 24 yaşlı bir gənc üçün o 5 il də, 19 il də heç nə ola bilər, lakin bu rüsvayçılıq ağbirçək bir ana üçün min illik katorqadan, qiyamət gününə kimi ölmədən yaşamaqdan da dəhşətdi. Bir ağbirçək anası çörək oğurlamağa məcbur olan ölkənin prezidenti, nazirləri özünə nə hesabat verir görəsən?

Bu marketin sahibi Qarabağ qazisidi. Seyid Mirqasımov. Adından seyid-peyğəmbər övladı olduğu anlaşılır. Qazi kimi başımız üstə yeri var. Ancaq o Qarabağda niyə vuruşduğunu bilirmi? Torpaqlar üçünmü? O torpaqlar nə üçün lazım idi? Əkib-becərmək, xalqı yaşatmaq üçün, deyilmi? Bu rüsvayçılıqdansa “oğru” ananın şəkillərinin çoxaldılmasına xərclənən pula ona neçə çörək bağışlamaq olardı? Vətəni niyə qorumalı olduğunu bilməyəndə nə qədər qəhrəmancasına vuruşursan-vuruş, nəticə torpaq itkisi olacaq əlbəttə.

Yenə də yadıma Gəncədə I.Əliyevin doğum günü üçün hazırlanan qırx neçə metrlik tortun yerə dağılan qırıntılarını zənbilinə yığarkən polislərin döydüyü qoca nənə düşdü. Yanasan fələk! 

Saatlarla FB-də bu statusu axtardım: “Vaxtıyla bir qəzetdə iki oğurluq cinayəti haqqında xəbəri təsadüfən alt-alta vermişdilər: 1. Bir ”bomj” marketdən çörək və kolbasa oğurladığına görə 6 il həbs cəzası alıb. 2. Filankəs 2 mln.-luq dövlət əmlakını mənimsədiyinə görə 6 ay həbs cəzası alıb”.

Onore de Balzak isə “Qorio Ata”sında deyirdi: “Bizdə bir ”manat” oğurlayanları dar ağacına, milyon oğrularını isə saraylara çəkirlər”. Şəkilləri ölkənin hər yerinə vurulanlar və bu biçarə ana…

…Mən də çörək oğrusu olmayım deyə, yazıram. Bu kiçik yazını yazmaq üçün bir fb statusunu axtarmağa, “Səfillər”in e-versiyasını tapmağa, axtardığı yeri gəzə-gəzə altı fəsli oxumağa birlikdə altı saatımı xərclədim. Beləcə, biz də çörəyi öz ömrümüzdən oğurlayırıq. Bir yazıçı olası adam üçün bunun nə demək olduğunu bilənlərə sayğılarla… 

Yaşasın YAP rejimi və Ilham Əliyev! Ölsün çörək oğurlayan ağbirçək analar!