“Söz mülkünün padşahı”

Salman Savəci…

Klassik Azərbaycan ədəbiyyatında önəmli yeri olan və Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərən qələm sahiblərindən biri də Salman Savəcidir.  Onun adı yeddi əsrdən artıqdır ki, fars və türk dilli ədəbiyyat  aləmində ehtiramla anılır. Savəcinin əsərləri əlyazmalar şəklində onun yaşadığı dövrdən başlayaraq  dünyanın müxtəlif ölkələrinə yayılmış, sevilə-sevilə oxunmuş, dildən-dilə keçmişdir. 

Şairin həyatı, müasirləri və bədii irsi ilə bağlı ilkin məlumataÿ XV əsrinÿməşhur təzkirəçisiÿ Dövlətşah Səmərqəndininÿ”Təzkirətüş-şüəra”sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi Cəmaləddin Salman Əlaəddin Məhəmməd oğlu Savəcini “böyük şairlərdən” hesab etmiş, “şeir və şairlikdə öz dövrünün başçısı” adlandırmışdır. Dövlətşah Səmərqəndinin yaşadığı dövr S.Savəcinin yaşadığı dövr ilə yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir.

Ümumiyyətlə, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan, Türkiyə, Iran, Iraq, Əfqanıstan, Tacikistan, Özbəkistan, Rusiya və Qərbin bir sıra ölkələrində Savəcinin əlyazmaları və çap olunmuş divanları mövcuddur. Bu gün Azərbaycanda da Savəcinin həyat və yaradıcılığı ilə bağlı  geniş məlumatı tədqiqatçı, alim  Mahmud Fətiyevin şair haqqında nəşr olunmuş kitabından əldə etmək mümkündür. 

Yaşayıb yaratdığı XIV əsrdən başlayaraq müasirləri olan şairlər, təzkirə və tarixçilər onun haqqında yazmağa başlamışlar. Hafiz Şirazi Salmanı lirik qəzəllərindən ən çox təsirlənən şairlərdən biri kimi onu “Söz mülkünün padşahı, bilikli  adamların şahənşahı, dininin və millətinin yaraşığı, ağası” adlandırmışdır. Bu qiymət onun necə qüdrətli söz ustası olduğundan xəbər verir. 

Hafizin Salmanın 25-30 qəzəlinə nəzirə yazması da məlumdur. Şübhəsiz ki, şairin yaradıcılığında lirika mühüm yer tuturdu və onun məhəbbət mövzusunda yazılan kiçik həcmli lirik əsərlərinin xalq içərisində geniş yayılması üçün qəzəl şəkli daha əlverişli idi. Böyük şairimiz Imadəddin Nəsimi də əsərlərində Salman Savəcinin adını hörmətlə çəkmiş, qəzəl yaradıcılığına ona böyük hüsn-rəğbət bəsləmiş, iyirmidən çox qəzəlini onun qəzəllərinə nəzirə yazmışdır.

“XIV əsrdə Təbrizin qəzəl sultanı” 

Eyni zamanda, bir sıra başqa qələm sahibləri-Dövlətşah Səmərqəndi, Əmin Əhməd Razi, Təğiəddin Kaşi, Mirxand, Xandəmir kimi orta əsr təzkirəçiləri də Savəcinin adını hörmətlə xatırlamışlar. Şairin zəngin yaradıcılıq irsi, rəngarəng bədii lirikası, “Fərağnamə” (1361) və “Cəmşid və Xurşid” (1363) adı ilə məşhur poemaları Yaxın və Orta Şərq xalqları arasında şöhrət qazanmışdır. Savəcinin yaradıcılıq nümunələri XIV-XV yüzilliklər epik və lirik şeirin inkişafına güclü təsir göstərmişdir. 

Qeyd etdiyimiz kimi, Savəcinin qüdrətli sələfləri olduğu kimi, qüdrətli müasirləri də olmuşdur. Şairin yaşayıb-yaratdığı dövrdə lirik şeir ustasıÿƏmir Xosrov Dəhləviÿ(1252-1325) və Xacu Kirmani (vəfatı 1352-53-cü illər) məsnəvidə,ÿHafiz Şiraziÿ(1300-1390) lirik şeirdə böyük müvəffəqiyyətlər əldə etmişlər.

Şairin ədəbi irsi də öz dövründə və sonralar ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilmişdir. Lakin farsdilli ədəbiyyat tarixinin son əsrlərdəki bəzi araşdırıcıları şairin mənşəcə azərbaycanlı olduğunu bilərək, onun mövqeyini və yüksək istedadını qiymətləndirməkdən yan keçmişlər. Amma bunlara baxmayaraq, S.Savəcinin həm sağlığında, həm də vəfatından sonra yaranan orta əsr qaynaqlarında onun istedadına yüksək qiymət verilmiş, o, görkəmli bir şair kimi yad edilmişdir.ÿ”Hafiz məşhur olana qədər Sədi qəzəlləri ilə yalnız Salmanın qəzəlləri rəqabət aparmışdır” (K.Freytaq). Bu mənada, son dövr tədqiqatçıları onu “XIV əsrdə Təbrizin qəzəl sultanı” adlandırmışlar (M.A.Qafarov). 

Böyük bir şair nəslinin ustadı

Savəci lirik üslublu şair olsa da, onun qəsidələri də dövründə ən çox şöhrət qazanmış nümunələr sırasında olmuşdur. “Salmanın yaradıcılığına yaxşı bələd olan XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndinin qeyd etdiyinə görə, Salman Savəcidən əvvəl heç kəs şeir və qəsidə ”sənəti”ndə Zülfüqar Şirvaninin qəsidəsi kimi qəsidə söyləməmişdir. Bu fikri Seyid Əzim Şirvani də təsdiq etmişdir. Burada “Məsnu” qəsidə, yəni şeir daxilində süni yolla düzəldilən şeir nəzərdə tutulurdu. Fars dilli Azərbaycan ədəbiyyatında həmin növ qəsidənin ilkin nümunələrini XII əsrdə Qivami Gəncəvi, XIII əsrdə Zülfüqar Şirvani yaratmışlar. Qəsidənin bu növü şairdən çox böyük ustalıq tələb edirdi. Böyük özbək şairi Əlişir Nəvai də Salmanın “məsnu” qəsidələri kimi qəsidə yazmış və özünün etirafına görə, Salman kimi sənətkarlıq nümunəsi göstərə bilməmişdir. Fars dilli ədəbiyyatda Salman Savəci qəsidənin ən parlaq nümunələrini yaradan şair kimi xatırlanır”(Mahmud Fətiyev).

Ə.Nəvai də Savəcinin adını fars dilli ədəbiyyatda qəsidə canrının böyük ustadları Xaqani, Ənvəri, Kamal Ismayıl, Zəhir Faryabi ilə bir sıraya qoymuşdur. 

Şirin yaradıcılıq irsi eyni zamanda Azərbaycan və türk ədəbiyyatında güclü təsir gücünə malik olmuşdur. Məhəmməd Füzuli, Qazi Bürhanəddin, Məazi Təbrizi, Bədr Şirvani, Hamidi, Imadəddin Nəsimi, Şah Ismayıl Xətai kimi Azərbaycan  şairləri əsərlərində Salmanın adını hörmətlə yad etmiş və ya özlərini onun varisi adlandırmışlar. 

Savəci Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Əfzələddin Xaqani və Nizami Gəncəvinin ədəbi əsərlərinin təsiri altında yazıb-yaratmışdır. O, Nizami ədəbi məktəbinin davamçılarından biri kimi məşhurdur. Şairin “Cəmşid və Xurşid” poeması Nizami ilə başlayan müəyyən mənada romantik poeziyanın o dövrdə davamı idi. Bu poema şifahi xalq ədəbiyyatının romantik üslubunda qələmə alınmış əsərdir. Şair bu əsəri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından təsirlənərək yazmışdır. Şairin “Fəraqnamə” (“Dəhnamə”) lirik-romantik poeması da dövründə çox populyar olmuşdur. 

Uzun zaman zəngin irsi tədqiq olunmamış qalsa da, tarix görkəmli Azərbaycan şairi Salman Savəcinin haqqını vermişdir. Onun Şərq şeirinin bütün növlərini əhatə edən zəngin yaradıcılığı ilə böyük bir ədəbi məktəb yaratması, bu ədəbi məktəbin poeziya yolçuları üçün gözəl bir örnək olması artıq danılmaz həqiqətdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir