Sizə bir sirr açım

Şəxsi həyatımdan, başqasının yaşamından nəyisə açmağa hazırlaşmıram. Nə də siyasətdən, hakimiyyətdən, müxalifətdən olmayacaq dediyim. Bəzilər kimi məndə də Milli Şuranın yaranması ilə bağlı etibarlı mənbələrdən mübhəmlər yoxdur. Rüstəm Ibrahimbəyovun sənədləri ilə bağlı problemin olacağını öncədən bilənlərdən deyiləm. Amma mən doğrudan da özüm üçün də nə vaxtsa sirr olan bir məqamı bölüşmək istəyirəm…

Illər öncə Azərbaycanda çox da məşhur olmayan, əsərləri az oxunan və dəbə minməyən bir yazıçını mütaliə etməyə başladım. Bu, Con Qolsuorsi (1867-1933) idi. Ölümündən az öncə Nobel mükafatı alıb. Elə buradaca çox zəif tərəfimi deyim. Məndə həmişə belə bir hiss olub ki, haradasa çox maraqlı əsərlər var və mən onları oxumadan dünyadan gedə bilərəm. Ona görə bəzən çox pis yazıçıları da oxuyub, sonradan özümü qınamışam. Həyatda belədir, həmişə udmaq olmur, hətta mütaliə məsələsində də…

Con Qolsuorsi həm də PEN klubun iki yaradıcından biri və ilk rəhbəri olub. Amma onun ən başlıca, ən məşhur əsəri kifayət qədər uzundur – “Forsaytlar barədə saqa” adlanan trilogiyanı oxumaq ağır bir məsələdir, odur ki, bu müəllifin kiçik əsərlərindən başladım. 2000-ci ilin yazında isə bütün həyatıma təsir edən kiçik bir hekayəni oxudum və açığı, həmin hekayə mənə bir sirrin açılmasında kömək etdi.

Bu hekayə əyalətdən gəlmiş və Londonda öncül media şirkətinin əsas nəşrində çox uğurlu karyera qazanmış bir gəncdən bəhs edir. O, artıq baş redaktorun imza qoyduğu “redaksiyadan” rubrikasındakı yazıları hazırlayır. Yəni, müdirinin məqalələrini yazır. Ona görə yox ki, onun müdiri yazmağı bacarmır, sadəcə, çox məşğuldur və onsuz da həmin gənc də bu işi eyni səviyyədə görə bilir. Amma fərqi nədir, başqasının əvəzinə yazır. Günlərin birində isə baş redaktor onu yanına çağırır və növbəti tapşırığını verir: olduqca məşhur klounun adından məqalə yazmaq. Bu yeni layihədir və qəzetə böyük uğur qazandıracaq. Daha sonra həmin layihə çərçivəsində başqa məşhurların adından da yazılar gedəcək. Redaktor sevinclə yeni layihəni tapşırıb, özünün də növbəti yazısının tezislərini deyib səfərə gedir.

Onun səfərdən gəlməsinə qədər hər şey tərsinə dəyişir. Bütün gecəni yatmayan gənc jurnalist düşünür ki, o, başqalarının adından yazmaqla London sakinlərini və bütün Ingiltərəni aldadır. Nəhayət, bu, insanlığa, bəşəriyyətə qarşı hörmətsizlik və vicdansızlıqdır. Vicdanlı adam bunu etməz. O, tapşırıqları yerinə yetirmir, səfərdən gələn müdirinə bunu elə düşündüyü kimi də izah edir və işdən qovulur. Amma düşünür ki, vicdanının səsinə qulaq asıb və böyük bir iş görüb.

Daha sonra hekayədə gəncin gecələr Londonun sıx yerində bir parkda yatması təsvir edilir. O, səhərlər işə tələsən, axşamlar işdən dönən adamları həssaslıqla müşahidə edir və görür ki, onun atdığı addım barədə heç kim heç nə danışmır. Onun fədakarlığı heç kimin diqqətində deyil. Sanki gənc bir adam vicdanın səsinə qulaq asmaqla bu insanlar üçün işini qurban verməyib. Sanki heç nə etməyib. Amma düşünməyin ki, peşman olur…

Elə buradaca anlayır ki, vicdan həm də o şeydir ki, onun səsinə qulaq asıb bütün həyatını uduza bilirsən, amma bəzən bunun fərqində olan bircə kəs də olmur, heç kimin diqqətini də çəkmir. Bəzən belə olur. O, vicdanın sirrini dərk edir. Açıq deyim ki, bu anacan mən vicdanın nə olduğunu xeyli dərindən düşünə bilirdim, amma onun bu sirrini bilmirdim…

Bu mənə nəyi öyrətdi? Vicdanlı adamları unutmamaq. Onlardan bir neçəsinin adını yazıram: Rəşadət Axundov, Rəşad Həsənli, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Ilkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Daşqın Məlikov, Ilqar Məmmədov, Tofiq Yaqublu, Qurban Məmmədov, Əvəz Zeynallı, Hilal Məmmədov, Yadigar Sadıqov və başqa siyasi məhbuslar. Onlar bütöv bir ölkənin naminə həbsxanadadır və ölkənin ciddi bir qisminin isə bundan heç xəbəri də yoxdur. Xəbəri olan bizlər isə onları unutmamalıyıq. Açacağım sirr budur.