Ölmək istəməyənlərin nəzərinə

Onu lap körpəliyindən tanıyıram. Gec-gec gördüyümdən hər dəfə ayrı adam olduğunu, böyüdüyünü görürdüm. Mehribandı, sevimliydi. Sarışındı, sarışınlığı onun şən ovqatının rəngiydi sanki. Deyərdin, Günəşə baxırsan. Bir gün ordudan qayıtdığını eşitdim. Yenə də həmin şən və çəlimsiz adam idi. Yenə işıq saçırdı.

Atası Xalq Hərəkatının ən fəal üzvlərindən idi. Sonralar Qarabağa könüllü əsgər getdi. Yaralandı, qayıtdı. Kirayələrdə yaşayırdılar. Ictimai hamam otaqlarında belə qalmağa məcbur oldular. Zamanın zillətləri atasının qəddini əydi, içini darmadağın etdi və nəhayət bir də heç vaxt normal çalışa bilməyəcəyi mərəzə ürcah oldu. Sol tərəfi büsbütün qurudu. Iflic! Ailənin dolanışığı əvvəlcə gənc qızların, qızlar ərə gedəndən sonra isə ordudan qayıdan qəhrəmanımızın üstünə düşdü. 

Bu arada instituta hazırlaşdı. Imtahan verdi. Öz başıyla “narxoz”a qəbul olundu, öz gücüylə institutu bitirdi. Və öz gücündən asılı olmayaraq işsiz qaldı…

Ancaq işsiz qalmaq olmazdı. Hardasa nəsə bir iş tapmalıydı və tapdı da. O çəlimsiz canı ilə tikintidə fəhləliyə başladı. Yaxşı-pis, ailə dolanışığın çəmini tapdı. 

Bir gün bu işini də itirdi. Artıq ailə cüzi miqdarda verilən “pensiyanın” umuduna qaldı. Iş isə tapılmırdı ki, tapılmırdı. Hara, hansı idarəyə uyğun iş üçün baş vurdusa, elə qapıdan yola saldılar.

Eşitmişdi ki, dövlət qulluğuna qəbul imtahanları keçirilir. Ixtisası üzrə (deyəsən gömrük sahəsinə) imtahan verən 150 nəfərin içindən seçilən 10 nəfərdən biri oldu. Onlara dedilər ki, gedin, gözləyin, yaxın 2-3 ayda sizi işlə təmin edəcəyik. Vaxt çatdı, vədə yetişdi, işdən bir soraq gəlmədi. Özü maraqlanmaq üçün getdi və məlum oldu ki, həmin on nəfərdən cəmi iki qızı qulluğa qəbul ediblər. Yəni, sən get, ay batandan sonra gəl…

Əlinin yerdən-göydən üzülüb, ümidsizliyin neştər kimi kəsib-doğradığı vaxt, bir gün xəstə atası da bir yandan baltanı kökündən çaldı: “Nə qədər bu pensiyalarla yaşayacağıq, niyə bir iş tapmırsan?” – dedi və onun olar-olmaz səbrini də qırdı. Atalar bu sözü heç vaxt övladı qırmaq üçün deməzlər, ancaq öz çarəsiz durumunu anlayan övladlar bu sözdən həmişə yıxılarlar!

Hiss elədi ki, daha belə yaşaya bilməz. Bir qutu ülgüc (“lezva”) alıb evdən çıxdı. Ülgücü sol qoluna çəkdi. Qan fışqırdı. Ancaq ölüm görünmürdü. Ikincini çəkdi. Yenə həmin nəticə. Sonra üçüncü, dördüncü… yeddincini… Telefonuna dostundan zəng gəldi. Qanının içində telefona cavab verdi. “Hardasan?” sualına, “Mən biryolluq gedirəm, əlvida”,- dedi…

… Təcili yardım maşınında ürəyi dayandı. Şok verdilər. Yenidən ürəyini hərəkətə gətirdilər. Təkcə cərrah xərci 700 manata başa gələn əməliyyatdan sonra ayılanda ilk dediyi söz bütün intihar edənlər kimi: “Niyə imkan vermədiniz öləm?” – oldu.

Indi həkimlər deyir ki, ya sol qolu bütünlükdə, ya da əlinin üç barmağı həmişəlik hərəkətsiz qalacaq. Azı bir il onu nəzarətsiz buraxmaq olmaz…

Müstəntiqin “niyə?” sualına da qısaca bunu dedi: “Atam xəstə, anam işləmir, mənə iş verən yox, bəs neynəməliydim ki?”

“Media forum” saytı “Necə dolanırsınız” sualı ilə keçirdiyi internet sorğusunu bitirib. Nəticələr belədir: Dolana bilmirəm – 24%; Birtəhər dolanıram – 54%; Dolanıram – 14%; Varlıyam – 1.33%; Pulumun sayını bilmirəm – 6.67%. Nəticə bu qədər acınacaqlıdı. Indi o 24 və 54 faiz neynəsin, cənab müstəntiq? Məncə, intihara gərək yoxdu. Intiharın böyüyü seçkilərdə, sandıq başında baş verir. O hesabla bu xalqı ölmüş saymaq olar, ancaq dirilmək və adam kimi yaşamaq üçün daha bir şans var. Ölmək istəməyənlər o gün haqda düşünsünlər.