Qulu Məhərrəmli: «Hökumət mediasında İbrahimbəyova qarşı tənqidlərdə heç bir arqument, hansısa fakta söykənən əsas yoxdur»
Arif Əliyev: «Hakimiyyətin işə saldığı təbliğat maşını sovet dövründən qalma üsulların təzələnməsindən başqa bir şey deyil»
Tanınmış dramaturq və rejissor Rüstəm Ibrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədi elan olunandan sonra hökumətin nəzarətində olan mətbuatda ona qarşı hücumlar daha da artdı. Hakim partiyanın qəzeti olan “Yeni Azərbaycan” bu yaxınlarda təkcə bir sayında R.Ibrahimbəyova yeddi material həsr edib. Eləcə də hakimiyyətyönlü xəbər portalları və telekanalların da əks-təbliğat işi əsasən R.Ibrahimbəyovla bağlıdır.
Tanınmış media eksperti Qulu Məhərrəmli deyir ki, bu günün reallığı ictimai-siyasi sferada ayrı-ayrı tanınmış şəxslərin hədəfə çevrilməsidir: “Rüstəm Ibrahimbəyov son illərdə olduqca ciddi tənqidi fikirlər söyləyir, cəmiyyətdə maraq oyadan bəyanatlar verir. Milli Şuranın prezidentliyə vahid namizədi kimi təqdim olunması onun cəmiyyətdə əhəmiyyətli fiqur kimi dəyərini artırır. Bu dəyərə münasibət isə fərqlidir. Bu zaman siyasi baxışlar işə düşür, səviyyə məsələsi, dəyərlərə münasibət üzə çıxır. Əslində, Rüstəm Ibrahimbəyovun müxalifət mətbuatında qəhrəman kimi təqdim olunması, iqtidaryönlü mətbuatda isə mənfi fiqur kimi hallandırılması normal qarşılanan bir işdir. Sadəcə, bir məqamı da yaddan çıxarmaq olmaz. Insanı tənqid etmək, onun ideyalarına qarşı çıxmaq olar. Amma pis olan budur ki, hakimiyyətyönlü mətbuat orqanlarında başdan-ayağa təhqir, insanın şəxsiyyətinin alçaldılması, böhtan, qara piar kampaniyası kimi məsələlər yolverilməzdir. Tənqiddən heç kim yaxa qurtara bilməz, hamını tənqid etmək olar. Amma bu məsələdə təhqir ön planda olmamalıdır, böhtanın, ağ yalanların söylənməsi heç bir kriteriyaya sığmır”.
Qulu Məhərrəmlinin fikrincə, qarşı tərəfin Rüstəm bəyə tənqidlərində heç bir arqument, hansısa bir fakta söykənən əsas yoxdur. Vəziyyəti çətinləşdirən isə dünənə qədər Rüstəm Ibrahimbəyovun hökumətin nəzarətində olan qəzetlərdə millətin qürur mənbəyi, xalqın ən görkəmli yazıçı və dramaturqlarından biri kimi təqdir olunmasıdır: “Bu gün birdən-birə mövqeyin 180 dərəcə dəyişməsi isə anlaşılan deyil. Qeyd edim ki, bütün bu proseslər Ibrahimbəyovu qətiyyən gözdən salmır. Bu tənqidlər əks-effekt verir və insanlar həmin qəzetləri diqqətlə oxumur, telekanalların bəlli süjetlərinə baxmır. Bu gün televiziya kanallarında diskussiya şəraiti olsa, Rüstəm Ibrahimbəyov ona qarşı tutulan iradlara cavab verə bilər. Həqiqət budur ki, insanlar deyilənə deyil, daha çox gördüyünə inanır. Bu baxımdan Ibrahimbəyovu belə əks-təbliğatla nüfuzdan saldıqlarına inanmıram. Əksinə, tənqid və təhqirin çoxluğundan müəyyən dairələrdə Rüstəm Ibrahimbəyova, hətta rəğbət yaranıb. Kampaniyanın bu şəkildə aparılması həm ictimai əxlaqa ziyan vurur, həm də mətbuatın nüfuzu və qiymətini aşağı salır. Bunu mütləq nəzərə almaq lazımdır”.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu məsələni təəccüblə qarşılamadığını qeyd edərək, Azərbaycan KIV-lərinin çoxunun qəzet olmaqdan artıq ideoloji mübarizə üsulu olduğunu deyir: “Bunların hamısı seçki ilə bağlıdır, siyasi istiqamətdə olan yazılardır. Bu gün siyasi tutumu olan qəzetlər daha da siyasiləşib və bu bəla çox inkişaf edib. Adətən, əks-təbliğat aparan belə qəzetlərin heç oxucusu da olmur. Yəni, bir neçə nəfər oxucusu olan qəzetlər var. Insanlar ideoloji dava axtarmır ki, əlinə qəzet götürüb dəyənək kimi ondan istifadə etsin”.
Arif Əliyev həmçinin Rüstəm Ibrahimbəyovun ətrafında baş verənləri “ictimai rəyə, oxucu auditoriyasına təsir etməyən köhnə üsullar” kimi qiymətləndirir. Arif Əliyevin sözlərinə görə, hakimiyyətin işə saldığı təbliğat maşını sovet dövründən qalma üsulların təzələnməsindən başqa bir şey deyil.
Nigar


