Nemət Əliyev: «Bu sorğunun nəticələri Azərbaycan insanının çətin həyat şəraitini əks etdirir»
“Media forum” saytı “Necə dolanırsınız” sualı ilə internet sorğusu keçirib. Sorğunun iştirakçılarından “Dolana bilmirəm” deyənlər 24 faiz təşkil edir, “Birtəhər dolanıram” deyənlər 54 faizdir, “Varlıyam” deyənlər isə 1.33 faizdir.
Qeyd edək ki, bu tipli sosial sorğular əsasən reallığı əks etdirir və cəmiyyətin hansı səviyyədə yaşadığının həqiqi portretini yaradır. Sorğuda “Birtəhər dolanıram” deyənlərin faizi 54 olsa da, bu faizi artırmaq da olar. Çünki, acından ölmə halları kütləvi deyil və hamı birtəhər dolanır. Yəni, “birtəhər dolanıram” demək, “dolana bilmirəm” deməyə yaxındır.
Yeri gəlmişkən xatırladaq ki, hakimiyyət Ilham Əliyevin namizədliyi ilə bağlı sorğular təşkil edir və bir qayda olaraq bu sorğularda Ilham Əliyev yüksək səs toplayır. YAP icra katibinin müavini Mübariz Qurbanlı isə, Ilham Əliyevin 96 faiz səs toplayacağına əmindir. Çünki, o hesab edir ki, müxalifət birlikdə 4 faiz səs toplaya bilər.
Yuxarıda qeyd etdiyimiz sorğunun nəticələrindən çıxış edərək, sual etmək olar. 24 faiz dolana bilməyən və 54 faiz birtəhər dolanan adam niyə bu hakimiyyətə səs verməlidir?
Bu sorğu analoqsuz inkişafı, yoxsulluğun 5 dəfə azalmasını təkzib etmirmi? Torpağının altı da, üstü də nemət olan bir ölkədə niyə 78 faiz zülmlə dolanmalıdır?
Əslində ölkə vətəndaşlarının necə dolanmasını əmək haqqlarının miqdarı ilə də müəyyənləşdirmək olar.
Bir nümunə göstərək. 200 manat maaş alan müəllimin evində 3 məktəbli varsa və bu 3 şagirdin məktəbli forması 156 manat edirsə, qalıq məbləğlə yaşamaq olarmı?
Bu sorğuda “Birtəhər dolanıram” deyənlər, aylarla ət yeməyib, lobya, badımcanla yaşayıb, sağ qala bilən insanların statistikasıdır.
Sorğuda “Varlıyam” deyənlər 1.33 faiz təşkil edir. Bəli, 98.67 faiz özünü kasıb hesab edir.
Analoqu olmayan ölkədə, varlılar yoxa çıxıb. Sahibkarlar, müflis olunub. Nəticədə isə, bir qrup insan varlanıb. Həmin, dolana bilməyən insanarın hesabına.
Dövləti dünyanın 4 tərəfində muzey, yol, park, məktəb inşa edən ölkənin vətəndaşı dolana bilmir. Naziri, məmuru milyonluq ada alan, holdinqlərə sahib olan, offşorlarda milyardlar saxlayan ölkənin vətəndaşı ölməmək üçün birtəhər dolanır.
Biz, Afrikanın ucqarlarında, Somalidə, Haitidə, Ermənistanda yaşasaydıq, bu nəticəni təbii qarşılamaq olardı. Ancaq, Azərbaycanda həddindən artıq pul olduğu halda, insanlar həddindən artıq pis yaşayır.
Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, bu sorğunun nəticəsi Azərbaycan reallığına uyğundur və ölkə vətəndaşlarının çətin həyat şəraitini əks etdirir: “Azərbaycanda əhalinin sosial vəziyyəti olduqca aşağı səviyyədədir və bu hal açıq şəkildə müşahidə olunur. Bu sorğuda iştirak ednlərin 74 faizi dolana bilmədiklərini, yaxud çətinliklə dolandıqlarını etiraf edirlər. 1.33 faizlə ifadə olunan varlılıq isə, nisbi məna daşıyır. Azərbaycan vətəndaşı hakimiyyətin yeritdiyi yanlış siyasətin güdazına verilib. Bu siyasət elə qurulub ki, əhalinin cüzi hissəsi, konkret olaraq yüksək çinli məmurlar və onların yaxınları bu siyasətdən faydalana bilir. Və bu siyasət rüşvətə, korrupsiyaya, monopoliyaya rəvac verir. Əhalinin böyük hissəsi sərbəst şəkildə sahibkarlıqla, xırda bizneslə məşğul ola bilmir. Əgər ölkədə proseslər bu istiqamətdə davam edərsə, ciddi islahatlar aparılmazsa vəziyyət bundan da ağır olacaq”
Ilham


