“Azərbaycanda müxalif fikirli insanların və jurnalistlərin təqib olunması insan haqları sahəsində ciddi problemlərin mənbəyidir. Hakimiyyət hazırda siyasi baxışlarına görə həbsdə olan bütün şəxsləri azad etməlidir. Belə ki, onlar sərbəst toplaşmaq və fikir azadlığının ifadəsinə yönəlik məhdudiyyətlər üzündən həbsdədirlər». Bu fikri Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks bu ilin may ayının 22-24 arası Azərbaycana etdiyi səfərlə bağlı hazırladığı hesabatda vurğulayıb.
Komissar diffamasiyaya görə cinayət məsuliyyətinin bütünlüklə ləğvinə çağırıb: «Hakimiyyət diffamasiya ilə bağlı qanunvericilikdə islahatları yekunlaşdırmalıdır. Diffamasiyaya görə həbs cəzası ləğv olunmalı və yalnız cərimələr tətbiq edilməlidir».
Hesabatda eyni zamanda vurğulanır ki, məhkəmələrin müstəqilliyini və qərəsizliyini təmin etmək vacibdir. Komissara görə, bu məqamlar xüsusilə jurnalistlərin işləriylə bağlı məhkəmə proseslərində özünü qabarıq göstərir.
Komissar internetdə azadlığın məhdudlaşdırılmasına görə də narahatlığını bildirib: «Həbslər dalğasının artması və sosial şəbəkələrdə aktiv olan şəxslərin nəzarətdə saxlanması dərhal dayandırılmalıdır. İnternet ictimai fikrin ifadəsi üçün azad meydan olaraq qalmalıdır».
Komissar vurğulayıb ki, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, kütləvi aksiyaların dağıdılması zamanı hüquq-mühafizə orqanlarının qeyri-adekvat güc işlətməsi kimi məsələlər hələ də müzakirə olunmamış qalmaqdadır: «Hakimiyyət dinc aksiya iştirakçılarına qarşı gücün işlədilməsindən çəkinməli və mitinq iştirakçılarının təhlükəsizliyini qorumalıdır».
Hesabatda aksiyalarda iştirak ednlərə qarşı iri cərimələrin tətbiq olunmasıyla bağlı narahatlıq ifadə olunub və hakimiyyətə sərbəst toplaşmaq azadlığının prinsiplərinə zidd olan addımların atılmasından çəkinməyə çağrış edilib.
Daha bir narahatlıq xaricdən vəsait alan QHT-lərin tez-tez siyasi fəaliyyətlə məşğul olmaq ittihamı ilə damğalanmsı və ümumiyyətlə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır: «Hakimiyyət birləşmə azadlığı ilə bağlı bütün məqamlara riayət etməlidir. Bu, sağlam demokratiya üçün önəmli faktordur. QHT-lərin qeydiyyatı ilə bağlı tələblərin asanlaşdırılması ümumi prosesi, o cümlədən QHT-lərin fəaliyyətini effektiv edir və bu, təşkilatların bürokratiyadan uzaq olması üçün birinci mühüm addımdır».
Nəhayət, hesabatın sonunda AŞ komissarı mülkiyyət hüquqununun pozulmasıyla bağlı həyacan doğuran faktları vurğulayır: «Vətəndaşların onlara məxsus mülkiyyətlərdən çıxarılması və həmin mülkiyyətlərin uçurulması şəffaf bir proses olmalıdır. Hakimiyyət vətəndaşlara bazar qiymətinə uyğun olaraq, ədalətli kompensasiya verməli və mülkiyyətinə qarşı yönələn addımlarla bağlı vətəndaşın özünü qoruması üçün bütün imkanları yaratmalıdır».