Seçkilərdən sonra növbəti “taksi ovu” başlayacaq
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycana yeni taksilər gətirir. Məlumatlara görə, 2015-ci ilə qədər ölkəyə 2000 “London taksi”ləri gətiriləcək.
Əldə etdiyimiz məlumatlara görə, Ziya Məmmədov əvvəlcə seçkiyə qədər bu məsələni həll etmək niyyətində olub. Bununla bağlı bir müddət əvvəl sifariş edilib. Lakin sonradan qərara alınıb ki, taksilərin gətirilməsi seçkidən sonraya saxlınılsın. Çünki yeni partiya taksilərin gətirilməsi özəl taksilərin əhəmiyyətli hissəsinin sıradan çıxması ilə nəticələnəcək. Bu isə ciddi sosial narazılıq yarada bilər. Seçki ilində hakimiyyətə bu cür narazalıqlar gərək deyil. Seçkidən sonra isə Ziya Məmmədov öz niyyətini həyata keçirəcək.
Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi avtomobilləri gətirilib, bunun da 1 000-i “London taksi”ləri olub. Avtomobillərin sifarişçi qismində “Taxi Baku” şirkəti çıxış edir ki, bu da Ziya Məmmədova yaxınlığı ilə seçilən şirkətdir. Yeni taksi maşınları Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınır. Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir.