Dünən Zimbabvedən çox qanqaraldıcı, şəxsən məni dərindən üzən, qəmə qərq edən xəbər gəldi. Afrikanın bu lider dövlətində Muqabe 7-ci dəfə prezident seçildi. Əlbəttə, biz o qədər paxıl deyilik, təbrik edirik, üstəlik, arzu edirik ki, gün o gün olsun, bizdə də Ilham Əliyev 7-ci dəfə prezident seçilsin. Hətta 8-ci, 9-cu dəfə prezident olsun.
Bəs Müqabenin 7-ci dəfə prezident seçilməsində bizim qanımızı qaraldan nədir? Bir vətənpərvər, xalqına, torpağına bağlı, Babək, Koroğlu nəvəsi olan Azərbaycan jurnalisti kimi, şəxsən mənim Zimbabveyə çox paxıllığım tutur. Necə ola bilər ki, dünyanın ən uzun bayraq dirəyini biz tikək, dünyanın ən uzun paxlavasını biz bişirək, amma dünyada ən uzun müddətli prezidenti başqaları seçsin. Bu rekord da bizdə olmalıdır! Biz buna Zimbabve xalqından az layiq deyilik. Hazırda Muqabenin 89 yaşı var, inanaq ki, bir-iki ilə o dünyasını dəyişəcək. Beləliklə, 20 ildən sonra Azərbaycanda bir nəfər 7-ci dəfə prezident seçiləcək, 25 ildən sonra isə Müqabenin nail ola bilmədiyi uğuru biz əldə edəcəyik.
Düzdür, indi Zimbabvenin antimilli ünsürləri, elementləri, naftalin iyi verən müxalifətçiləri deyirlər ki, Muqabe demokratik yolla seçilməyib, guya seçkilər saxtalaşdırılıb-zad. Ayıb olsun onlara! Zimbabvenin çörəyi, suyu burunlarından gəlsin! Axı elə ümummilli məsələlər var ki, orada iqtidar-müxalifət ayrıseçkiliyi olmamalıdır. Bunlardan biri, bəlkə də birincisi bir nəfəri daha çox prezident seçməkdir. Hazırda bu rekordu ələ keçirmək uğrunda Afrika, Asiya və Amerika qitəsinin bir çox ölkələri gərgin, amansız mübarizə aparırlar. Indi hörmətli, cənab Zimbabve prezidenti həmin mübarizədə açıq-ara öndədir, bəs bu gün onun bir addım da irəli çıxmasına, Zimbabve bayrağını dünyanın ən mötəbər turnirində dalğalandırmasına mane olanlara nə ad vermək olar? Qrabitellər! Tüfeylilər! Düşmən dəyirmanına su tökənlər! Xaricdən maliyyələşənlər! Xamısını xəbs etmək lazımdır!
Bəzi ağzıgöyçəklər deyirlər ki, guya Zimbabvedə aclıq, işsizlik, korrupsiya hökm sürür. Bunlar əlbəttə, Muqabenin müstəqil siyasətini gözü götürməyən daxili və xarici qüvvələrin çirkin iftirasıdır. Hazırda Zimbabvedə hamı milyarderdir, hətta orada bir çörəyin qiyməti bir milyard Zimbabve dollarıdır. Təsəvvür edin, girirsiniz dükana, satıcıya 5 milyard dollarlıq uzadırsınız, üç çörək alırsınız, sizə 2 milyard dollar da qalıq qaytarırlar. Adam hansı hisslər keçirər, sizcə?! Yenə bəzi ağzıgöyçəklər deyirlər, guya bu, Zimbabve pulunun dünyanın ən ölü valyutası olması ilə əlaqədardır. Amma əlbəttə, belə deyil. Milyarder hər bir halda milyarderdir – ha elə, ha belə.
Bu saat dünyada inkişafın Zimbabve modeli haqda danışırlar. Avropadan gəlib həmin inkişafın sirlərini öyrənirlər. Biz bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyan ölkələrin vəziyyətini görürük. Hamısında böhran baş alıb gedir, işsizlik tüğyan edir. O boyda Almaniya dağılır. Fransa dünya xəritəsindən silinmək üzrədir. Ingiltərə artıq tarixə çevrilib.
Ispaniyadan isə ümumiyyətlə danışmağa dəyməz, orada böhrandan cəmi 22 nəfər sağ çıxa bilib – 11 nəfər “Real” Madriddən, 11 nəfər də “Barselona”dan. Amma sayın görün, Zimbabvedə Muqabenin ətrafında nə qədər adam birləşir! Niyə? Əlbəttə, istədiyin qədər prezident seçilə bildiyinə görə! Bir adam nə qədər prezident seçilsə, basılmaz vətən!
Vətən mənim bu günüm, sabahkı toy düyünüm, haqqım var ki, öyünüm Azərbaycan deyəndə, amma bir şərtlə – gərək əvvəlcə Zimbabveyə çataq və onu ötək!