Yedək partiyalar seçkiyə qatılmır

«Azadlıq»ın yazdıqları təsdiqini tapır

“Azadlıq” ötən saylarında hakimiyyətin bu dəfəki seçkidə yedək partiyaları önə vermək niyyətində olmadığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, iqtidarın nəzarətində olan partiya rəhbərlərinə onların seçkiyə qatılmasının məqsədəuyğun olmadığı bildirilib.

Hakimiyyət ideoloqları bunun səbəbini belə izah ediblər ki, bu dəfə vəziyyət o qədər də ürəkaçan deyil. Əvvəlki seçkilərdə olduğu tam arxayınçılıqla saxtakarlıq etmək bir qədər çətin olacaq. Ona görə də hakimiyyət saxtakarlıqla yanaşı həm də real səs toplamağa ciddi diqqət vermək məcburiyyətindədir.

Yedək partiyaların rəhbərləri seçkiyə qatılacağı təqdirdə onlara da səs yazılması gərək olacaq. Lakin indi hakimiyyət üçün hətta 1 səs böyük əhəmiyyət daşıyır. Yedək partiyaların rəhbərlərinə yazılacaq səslər hakimiyyətin namizədinə üçün hava-su kimi lazım olacaq. Hakimiyyətdən həmin partiyaların rəhbərlərinə bildiriblər ki, seçkiyə qatılacaqlarsa, iqtidardan heç bir dəstək görməyəcəklər. Onlara seçki kampaniyalarını aparmaq üçün nə maliyyə yardımı ayrılacaq, nə də başqa köməklik edilməyəcək.

Yazdıqlarımız təsdiqini tapmaqdadır. Artıq hakimiyyətə yaxın partiyalardan biri Ana Vətən Partiyası qurultayını keçirərək Ilham Əliyevi dəstəklədiyini bəyan edib. Məlumatlara görə, digər partiyalar da yaxın vaxtlarda seçkiyə öz namizədləri ilə qatılmayacaqlarını, hakimiyyətin namizədini dəstəkləyəcəklərini bəyan edəcəklər.

Hikmət