Xocalı yaraları sağalmayan tibb alimi

Qarabağdan başlayan həkimlik fəaliyyəti

Azərbaycan tibb elminin inkişafında mühüm xidmətləri olan alimlərimiz sırasında tibb elmləri doktoru Mübariz Allahverdiyevin də adı var. Görkəmli professor öz dəyərli peşəsi ilə bərabər, ölkənin həyatındakı ictimai işlərdə də yaxında iştirak edir. O, Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

1969-cu ildən Tibb Universitetində çalışan Mübariz Allahverdiyev 1975-1982-ci illərdə Azərbaycan Televiziyasında “Anatomiya, fiziologiya, gigiyena” adlı layihə üzrə xüsusi proqram əsasında orta məktəb şagirdləri üçün hər biri 20 dəqiqəlik canlı dərslər aparmışdır. Mübariz Allahverdiyev 200-dən çox çap olunmuş elmi və elmi-kütləvi işin, o cümlədən 3 monoqrafiya, 3 biblioqrafik məlumat kitabçasının, 19 dərslik və dərs vəsaitinin, 2 səmərələşdirici təklifin müəllifi və həmmüəlliflərindəndir. O, eynin zamanda 14 çap olunmuş əsərin elmi redaktoru, 8 nəfərin namizədlik dissertasiyasının resenzenti olub. Azərbaycanda, eləcə də bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyədə, Almaniyada, Rusiya Federasiyasında, digər MDB ölkələrində keçirilən elmi konqres və konfransların nümayəndəsi olub.

Mübariz Qasım oğlu Allahverdiyev 19 noyabr 1942-ci ildə Xocalıda anadan olub. O, təhsilini 1957-ci ildə Xocalı 7 illik məktəbində, sonra isə Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, daha sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbdə alıb. 1966-cı ildə an Tibb Universitetini bitirib təyinatla öz doğma yurduna qayıdan Mübariz Allahverdiyev erməni səhiyyə şöbəsinin müdiri tərəfindən işə qəbul edilməmiş, sonra çətinliklə olsa da, 1966-cı ilin oktyabr ayının 4-də o, Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə ilk iş yerinə göndərilib.

1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırmışdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndərmişdilər. 1968-ci ilin yanvar ayının 4-də onun onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salındı. 1968-ci ilin aprel ayında Türkmənistana gedən Mübariz Allahverdiyev orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun “Leninqrad” kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edildi.

M. Allahverdiyev 1968-ci il sentyabr ayının 1-də Aşqabadda Türkmənistan Dövlət Tibb Institutu nəzdində Ixtisaslaşma kursu (6 aylıq) keçmiş və “Ümumi cərrahlıq” ixtisası üzrə vəsiqə almışdır. O, 1969-cu ildən indiyə qədər ATU-nun insan anatomiyası kafedrasında çalışır. O, bu kafedrada assistentlikdən kafedranın professoru vəzifəsinə qədər yüksəlmişdir. Tibb universitetinin müəllimi M. Allahverdiyev 1969-cu ilin fevral ayının 18-də ATU-nun anatomiya kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1970-ci ilin sentyabr ayının 11-də müsabiqə yolu ilə insan anatomiyası kafedrasında assistent, 1973-cü ilin dekabr ayının 11-də baş müəllim, 1986-cı ilin noyabr ayının 3-də dosent, 2010-cu ilin dekabr ayında isə professor vəzifəsinə seçilib və hal-hazıra kimi ATU-nun insan anatomiyası kafedrasının professoru vəzifəsində çalışır. Mübariz Allahverdiyev 1971-ci ildə kafedranın tədris hissə müdiri vəzifəsinə təyin edilib və 1990-cı ilə qədər 19 il bu vəzifəni yerinə yetirib.

O, bu təhsil müəssisəsində bir sıra vəzifələrdə çalışdıqdan sonra, 2006-cı ilin sentyabr ayının 11-də pediatriya fakültəsinin dekan müavini vəzifəsinə keçirilib. 2008-ci ildə ATU-nun rektorunun müşaviri vəzifəsinə təyin edilib və hazırda da həmin vəzifəni yerinə yetirir. M.Allahverdiyev 1975-1996-cı illərdə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar elmi Cəmiyyətinin katibi, 1989-1993-cü illərdə “anatomiya”, “histologiya”, “patoloji anatomiya” ixtisasları üzrə Ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi, 2000-2006-cı illərdə insan anatomiyası kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb, 2006-cı ildən kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib. Alim 1999-2000-ci illərdə ATU üzrə “Bioetika, elm və texnologiyaların etikası” daimi komissiyasının katibi olub. O, müxtəlif illərdə Moskvada I.M.Seçenov adına Moskva Dövlət Tibb Institutunda, Sankt-Peterburqdakı Meçnikov adına Sanitariya-Gigiyena Institutunun müalicə-profilaktika fakültəsində, Hərbi Tibb Akademiyasında, Xarkov Dövlət Tibb Institutunda elmi ezamiyyətlərdə və ixtisasartırma kurslarında olub. 1985-ci il aprelin 30-da Tbilisi Dövlət Tibb Institutunda professor G.Ş.Hacıyevin rəhbərliyi altında “Budun dəri sinirlərinin makromikroskopik anatomiyası və mieloarxitektonikası” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edən Mübariz Allahverdiyevin əldə etdiyi dəyərli elmi nəticələr nevrologiyada, akkupunktura üzrə refleksoterapiya sahəsində səhiyyə praktikasına tətbiq olunub.

Müharibədən sonra yenidən elmi axtarışlar arxasınca Qarabağ müharibəsi səbəbindən yaranmış uzunmüddətli fasilədən sonra elmi-tədqiqat işlərini davam etdirən alim 2008-ci il yanvar ayının 31-də “Postnatal ontogenezdə insanın qaraciyərxarici öd yollarının vəzi və limfoid aparatlarının struktur-funksional səciyyəsi və morfogenezinin qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Tibb Universitetinin ictimai həyatında da yaxından iştirak edən professor M. Allahverdiyev 1993-cü ildən ATU-nun Böyük elmi şurasının, həmçinin müalicə-profilaktika fakültəsinin elmi şurasının üzvüdür .

Professor Mübariz Allahverdiyev 1988-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib. O, 2011-ci il fevralın 24-də Azərbaycan Tibb Universiteti və Türkiyənin Qazi Universiteti rektorlarının birgə təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilmiş telekörpü verilişində çıxış edib, onun Təşkilat Komitəsinin üzvlərindən olub. 2012-ci il fevralın 20-dən 27-nə qədər Istanbula ezam edilib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin  televiziya kanallarında, ali məktəb müəssisələrində çıxışlar edib, çıxışının fraqmentləri həmin ölkənin jurnalistləri tərəfində internetə salınaraq beynəlxalq miqyasda geniş dinləyici auditoriyasına çatdırılıb.

2012-ci ilin fevral ayının 26-da Istanbulun Taksim Meydanında Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş möhtəşəm yürüşün fəal iştirakçılarından olub. Mübariz Allahverdiyev elmi fəaliyyətinə görə bir çox mükafatlarla da təltif olunub. 2007-ci ildə “Qızıl Qələm” mükafatına layiq görülən alim, 2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına da layiq görülüb. Alimin iki övladı da onun yolunu davam etdirirlər və hər ikisi ATU-da elmi fəaliyyətlə məşğul olurlar. 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir