Həbsdəki “NİDA”çıdan Milli Şura sədrinə dəstək

“İbrahimbəyovun qeydə alınmasına hamı var gücü ilə çalışmalıdır”

NİDA hərəkatının həbsdə olan üzvlərindən Üzeyir Məmmədli Milli Şuraınn vahid namizədi Rüstəm İbrahimbəyovun müdafiəsi naminə səfərbərliyə çağırıb. Ü.Məmmədlinin məhbəsdən göndərdiyi mesajda deyilir:

“Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı barədə hakimiyyət nümayəndələrinin yaratdığı gündəm və xüsusilə AXCP ilə Müsavatın bu gündəmə uyaraq yenə bir-birilərini bütün günahlarda ittiham etməsi məni narahat edir. Hesab edirəm ki, Rüstəm bəyin namizədliyi qeydə alınacaq. Bundan ötrü lazım olan xarici dəstəyi təmin etmək üçün Rüstəm İbrahimbəyov çox ciddi fəaliiyət göstərir. Azərbaycanda olan və Rüstəm İbrahimbəyovu vahid namizəd seçən qüvvələrin vəzifəsi də yerli dəstəyi təmin etməkdir. Ancaq təəssüf ki, hələ də bunu görmürük. Yenə də əvvəlki kimi bir biriləri ilə mübarizə aparırlar. Biz həbsdə olanlara bu, xüsusi ilə pis təsir edir. Başa düşürük ki, siyasi partiyaların iddiaları var, bir-birlərinə rəqib kimi baxırlar. Ancaq bir-birlərinə güzəştə getməsələr, 2013-cü ildən sonra rəqiblik etməyə siyasi arena da qalmayacaq. İsa Qəmbər və Əli Kərimli Milli Şurada birləşməklə və Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləməklə böyük güzəştə gediblər artıq. Ancaq ilk addımı bir yerdə atandan sonra növbəti addımlarda hərə bir tərəfə gedəcəksə, bu iş alınmaycaq. Müsavat və AXCP-nin ölkənin əsas siyasi qüvvələri olduğunu hamı bilir. Bunun yalnız sözdə yox, həm də reallıqda olduğunu yaxın bir neçə ayda sübut eləmək lazımdır. Rüstəm İbrahimbəyovun vahid namizəd kimi qeydə alınmasına hamı var gücü ilə çalışmalıdır. Əvvəldə qeyd elədiyim kimi, xarici dəstəyi almaq üçün Rüstəm bəy ciddi çalışır, qalır əsas olan Azərbaycan xalqının dəstəyi. Bu, təmin olunarsa Rüstəm bəyin namizədliyi qeydə alınacaq. Bunu etmək isə əsas qüvvələr olan AXCP və Müsavatın üzərinə düşür. Təbii ki, biz də NİDA Vətəndaş Hərəkatı olaraq tam gücümüzlə bu prosesdə iştirak edəcəyik. Bir məsələni də qeyd edim ki, mən də seçkilərdə iştirakın tərəfdarıyam. Boykotun əleyhinəyəm. Ancaq son günlərin mövzusu olan ehtiyat variant məsələsi hamını qane edəcək formada həll olunmalıdı. Mənim kimi həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun bəyənatının bir hissəsi ilə “Yeni Müsavat” qəzeti vasitəsilə tanış oldum. Ümid edirəm ki, yaxın günlərdə REAL Hərəkatı da Milli Şuraya qoşulması barədə qərar verəcək.
Sonda həbsdə olduğumuz müddətdə bizə dəstək verən hər kəsə təşəkkür edirəm.