Azərbaycanlıların Rusiyada qeyri-adi sərgüzəşti

Öz idmançı övladının qeyri-müəyyən sabahına görə xalqın sabahını qurban verməyə hazır olan xalqın övladları…

Necə ki Azərbaycanın özündə ən kasıb vətəndaşdan ən varlısına kimi hər kəsi şüurlu şəkildə cinayətə (hərəni öz ranqına görə – xırda, böyük, fərqi yoxdu, çünki hər birinə görə CM-də məsuliyyət nəzərdə tutulur) bulaşdırırlar ki, lazım gələndə xirtdəklərindən yapışsınlar və azca sıxan kimi canını ala bilsinlər, Rusiyada da bizimkilərə eyni metodu tətbiq edirlər. Onlara alver üçün hər cür qeyri-qanuni şərait yaradılır ki, istədikləri məqamda bütün malını əlindən alıb, özünü cinayət məcəlləsi qarşısında sorumlu vəziyyətə salıb, bundan ağıllarına gələn məqsəd üçün yararlansınlar.

(II yazı)

9 milyona həqarət

“Rus millətçiləri” – xalq arasında “nasist”, “faşist” adlandırılan gənclər Sankt-Peterburqda azərbaycanlıların ticarət köşklərinə guya ictimai reydlər keçirərək ən aşağılayıcı hərəkətlərə yol veriblər. Həm də bunu başdan-ayağa videoya çəkərək yayıblar. Yəni əslində 15-20 azərbaycanlı alverçiyə deyil, bütünlükdə Azərbaycan xalqına, dövlətinə qarşı təhqiramiz hərəkətlər eləyiblər. Videodan göründüyü kimi, polis də onların qanunsuz hərəkətlərinə qoşulub, eynən onlar kimi hərəkət edib. Əslində isə, bu polis nəfərinin kimliyi orda tam anlaşılmaz qalır. Çünki həmin ərazilərə məsul olan polislər hərəkətsiz qalıblar və həmin millətçilər onların özlərini də çəkinib-eləmədən yaxşıca “sulayıblar”.

Çirkab övladları

Reyd zamanı məlum olur ki, orada alver edən azərbaycanlıların heç birinin ticarəti qanuni şəkildə deyil. Birinin qeydiyyatı yox, birinin ticarət izni, əmək müqaviləsi, sanitar kitabçası, satılan mallar üçün keyfiyyət lisenziyası və s. Rusiyada yaşamış adam kimi bunlar hamısı mənə çox yaxşı tanışdı. Azərbaycanlılar, ümumiyyətlə qeyri-ruslar və xırda ticarətlə  məşğul olan rusların özlərinin də çoxu bu cür qanunsuz şəkildə fəaliyyət göstərirlər ki, bunun da səbəbi haqda yazının əvvəlində dedim. Anormal rejimlər vətəndaşını, “qonağını” əlində saxlamaq üçün daim belə vasitələrdən istifadə edir. Azərbaycanlılar və keçmiş sovet respublikalarından gələnlər öz vətənlərində çirkaba, bataqlığa elə öyrəşiblər ki, getdikləri istənilən yerdə də fəaliyyətin çirkablı formasına daha çox meyl edirlər. Məsələn, öz işini dövlət və onun qanunlarıyla qurmaq yerinə, rüşvətin köməyi ilə hansısa sahə rəisi, “rayispolkom” işçisi və başqa “krışa”lar ilə qururlar. Bu, bir tərəfdən onların daha az xərcə düşmələri üçündürsə də, əslində, arxasında gözə görünməyən səbəb durur: dövlətə inamsızlıq. Yəni statik azərbaycanlı öz vətənində öz dövlətindən çox hansısa “uçastkovıya”, polis məmuruna etibar edir. Dövlət dərini soyur, ancaq lazım gələndə sənin sipərinə çevrilə bilmir, ama bir “uçaskovıy” aldığı rüşvətin müqabilində səni var-gücüylə müdafiə edir, çünki o özü də dövlətə bel bağlamır. Dövlətin verdiyi maaş onun balalarının ancaq dişinin dibində qalır. 

Mujikizm

Bura qədər dediklərim ədaləti gözləmək üçün idi. Yəni oradakı yerlilərimizin çoxu gerçəkdən də qanunsuz şəkildə fəaliyyət göstərirlər. Onlar hansısa sanitar kitabçanı əldə eləmək, ya satıcıları ilə əmək müqaviləsi bağlamaq yerinə işlərini rüşvətlə yoluna qoymağa çalışırlar. Guya az xərcə düşürlər, əslində isə, durum göz qabağındadı. Qəfil “reyd”lər onları on qat zərərə salır, aşağılayır, üstəlik, satıcıları da onların boğazına əməlli-başlı şərik olur – 50-50-yə. Yəni sən it zillətilə qazanırsan, onlar sənin malını talayır, oğurlayır, aradan çıxır, sən isə onlara heç barmağının ucuyla da toxuna bilmirsən. Çünki bəd ayaqda o, polisə şikayət edir, onu təhdid etdiyini, ona böhtan atdığını və heç səni tanımadığını deyir, qalırsan yana-yana. Tolstoyun yana-yana təsvir etdiyi oğru mujik geni hələ də bu xalqın qanında dip-diridi. Rusiyada satıcı problemi başlıca bəladı və heç kimsə bununla baş edə bilmir.

“Jena mestni”

Video boyu azərbaycanlıların necə təhqir edildiyini görür və hirsdən, xəcalətdən, qəzəbdən başını divara vurmaq, özünü boğmaq istəyirsən. Gördüyün miskin, çarəsiz, qorxmuş azərbaycanlı üzləri, telefonla çağırılıb hadisə yerinə gələn obyekt sahibləri olan boynuyoğun, “inomarka”lı, vurub-tutan qardaşlarımızın hadisə yerindəki tünlüyü görüb qaçmaları adamı əzaba düçar edir. Rusca it günüdə danışan ahıl mırıqdiş azərbaycanlı dayanmadan mənasız-mənasız gülümsəyir, burada ailəsi ilə yaşadığını, ailəsinin müəllimə olduğunu deməyə çalışır. Ondan həyat yoldaşının yerli, yoxsa günəşli Azərbaycandan gəlmə olduğu soruşulur və o tez, sevincək: “Jena mestni, jena mestni, on uçitel rabotaet”, – deyir. Onu bu cür miskin həyata məcbur edən nədi? Kimdi? Özümü? Ölkəsində düşdüyü acınacaqlı durummu? O durumu kim yaradıb? Təsadüfən, ölkəsində bir milyon iş yeri açdığını söyləyən şəxs olmasın? Gerçəkdən bu miskin həyata görə xəcalət çəkməli olan kimdi? 

Həmin “jena mestni” deyib, iyrənc gülüşlərə hədəf olan şəxsin Azərbaycandakı övladları, atıb getdiyi qadını onun bu çarəsiz və lakey halını görəndə nə düşünəcək, hansı hisslər keçirəcəklər? Əminəm ki, həmin şəxs günahı ölkəsində durumun pis olması ilə izah edəcək və bu ifadə videodakı sorğu-sualda da var. Rusiyaya gəlmə səbəbini izah edərkən. Ancaq söhbət dövlətinin başçısına gələndə, inanın ki, onu müdafiə edəcək. “Onun nə suçu” deyəcək.

Rusiyada yaşayan bir uşaqlıq dostum da eynən bu cür düşünür. Ölkəmizdəki bərbad durumu məndən daha qatı tənqid edir, ancaq söhbət başçıya gələndə, onu müdafiə etməyə başlayır. Bilirsinizmi niyə? Çünki orada oğlunu idmana qoyub və o ümidlə yaşayır ki, bir gün ölkəsinə dönəcək, oğlu tanınmış idmançı olacaq, gedib beynəlxalq turnirlərdə qalib gələcək və Ilham Əliyev onun oğluna iş, 700 min pul, maşın, ev verəcək… Öz övladının qeyri-müəyyən sabahına görə xalqın sabahını qurban verməyə hazır olan xalqın övladıyıq biz…

Tatar əsarətinin izləri

Indi məsələnin siyasi tərəfinə gələk. Videodan görünür ki, “reyd” yalnız azərbaycanlılara qarşı həyata keçirilir. Məsul polislər bir kənarda dayanıb hadisələri, vəhşilikləri izləyir, bir polis formalı şübhəli şəxs isə sanki hər reyddə yerin altından çıxıb peyda olur və onlarla birgə malları “komfiskovat” eləyir, azərbaycanlıları alçaldır, üstünə çığırıb-bağırır, maşına basıb aparır. Burada məsələ təkcə rusların natamamlıq kompleksində deyil. Bu görməmişlik, sanki gəlmələr onların torpaqlarını torbayla daşıyıb aparacaqlarmış kimi davranma onlarda var. Illah da türk əsilli xalqları görəndə bu natamamlıq kompleksi çox qabarıq şəkildə üzə çıxır. Az qala vahiməyə düşürlər ki, türklər gəliblər, öz torpaqlarını geri alsınlar. Tatar əsarətinin izləri hələ də bu xalqın canından çıxmayıb. 

Ancaq indi məsələ başqadı. Lap aydınca görünür ki, bu, dövlətin özünün təşkil elədiyi siyasi gedişdi. Təkcə azərbaycanlıların hədəf alınması da bunu göstərir. Bununla kimə mesaj verirlər? Təbii ki, Rüstəm Ibrahimbəyova – hələ namizədliyinin qəbul ediləcəyi sual altına salınmış şəxsə deyil. Bəli, məhz, Ilham Əliyevə. Bu mesajla nə demək istəyirlər? Onu nəyə məcbur etmək, ondan nə qoparmaq istəyirlər? Bu suallara politoloqlar cavab verər. Bizim borcumuz durumu göstərməkdi. Bax, yoldaş Əliyev, sənin vətəndaşın nələrə, necə aşağılanmalara məcbur olub. Burada bir rusun burnunu qanatsaydılar, sonrasını təsəvvür etmək belə dəhşətli olardı! Siz isə analoqsuz inkişafdan danışırsınız. Lakin körpü və fontanlar, Əliyev muzey və parkları ilə bu məzlumların övladlarının qarnını doyuzdurmaq olmur. Belə məlum olur ki, olmur.

Seçkinin söyüş yolu

Bu da ötən yazımda dediyim, Ibrahimbəyovdan, müxalifətdən qorxmağın səbəblərindən biri. Indi belə hakimiyyətə seçkidə kim səs verər? Ondan gərək bu xalq papağını bir dəfəlik başından çıxarıb kosmosa tullaya. Eşitdiyim görə, yerlərdə artıq söyüş qoyma yoluna keçiblər. Ki, bu hakimiyyətə səs verən belə-belə olsun. Görünür, millət öz incə yerini hamıdan yaxşı bilir.

Hadisələrdən görünür ki, azərbaycanlılar nəinki öz ölkəsində, heç Rusiyada da insan sayılmır. Ötən yazımı oxuyanlar söhbətin nədən getdiyini bilir. Nə Putin, nə Əliyev, nə də Papa fərman verməklə düzələn işdi bu. Özün-özünü insan saymayınca, kimsə səni adam saymayacaq, sevgili xalq…