Seçkini əvvələ qanunsuz çəkiblər

Hafiz Həsənli: «Burada məqsəd Rüstəm Ibrahimbəyovun seçkidə iştirakını çətinləşdirməkdir»

Zəfər Quliyev: «Seçki gününün önə çəkilməsi təsadüfi deyil və Milli Şuranın artan nüfuzundan qorxudan irəli gəlir»

Mərkəzi Seçki Komissiyası prezident seçkisinin gününü oktyabrın 9-na təyin edib. Seçki Məcəlləsinə görə, prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Bu il Azərbaycanda prezident seçkisi oktyabrın 16-da keçirilməli idi. Oktyabrın 16-sı Qurban bayramına düşdüyündən seçki günü dəyişib.

Amma baş verən dəyişikliyin təsadüfi olmadığını düşünənlər də az deyil. Belə ki, hazırda demokratik qüvvələrin vahid namizədi Rüstəm Ibrahimbəyovun seçkidə iştirak üçün üzləşə biləcəyi əsas maneələrdən biri hələ ortadan qaldırılmamış qalır. Belə olan halda isə seçki gününü önə çəkməklə hakimiyyət eyni zamanda namizədlərin qeydiyyatı tarixini də önə çəkmiş olur. Nəticədə müxalifətin müəyyənləşdirdiyi namizədin seçkidə iştirakı ilə bağlı süni əngəllər yaradılır.

Milli Şuranın üzvü, siyasi ekspert Zəfər Quliyev vurğuladı ki, hazırda seçki öncəsi hakimiyyətin narahatlığı bir neçə istiqamətdən özünü göstərir. Əvvəlki seçkilərdə də hakimiyyətin seçki qanunvericiliyinə etdiyi dəyişikliklərlə siyasi oponentlərinin imkanlarını daraltmağa çalışdığını deyən Z.Quliyev vurğuladı ki, hazırda da hakimiyyətin davranışından hiss olunur ki, onlar Milli Şuranın güclənməsindən və cəmiyyətdə böyük nüfuza sahib olmasından çox narahatdırlar: “Milli Şuranın sədri və prezidentliyə vahid namizəd Rüstəm Ibrahimbəyovun pasportu ilə bağlı sənədləri qaydasına salaraq Bakıya dönməsi hakimiyyəti çox narahat edir. Ona görə seçki gününün önə çəkilməsi və seçki prosesinin də avqustun 15-də deyil bir həftə əvvəl başlaması, təsadüfi deyil. Bu addım müxalifətin qarşısında ciddi problemlər yaradır. Bu qabaqcadan düşünülmüş və əsaslandırılmayan bir addımdır. Çünki əvvəlcə bir neçə gün dəyişiklikdən söhbət gedirdisə, artıq hazırda durum başqadır”.

Z.Quliyev hesab edir ki, hazırkı durumdan çıxış edərək R.Ibrahimbəyov daha tez sənədlərini qaydaya salmalıdır. Amma bu cür addımlarla hakimiyyətin Milli Şuranı yolundan çəkindirə bilməyəcəyini deyən Z.Quliyev vurğuladı ki, demokratik qüvvələr bu maneələrin də öhdəsindən gələ biləcək: “Baş verənlərə emosiya ilə yanaşmaq, hansısa variantlar axtarmaq, ehtiyat namizəd haqqında düşünmək düzgün olmazdı. Biz Tiflisdə bir çox məsələləri müzakirə etdik. Ümumi qərara gəldik və bu qərarlar əsasında da fəaliyyətimizi davam etdirməliyik. Amma hazırkı durumdan çıxış edərək daha sürətlə və tezliklə çalışmalıyıq”.

Məsələ ilə bağlı hüquqşünas Hafiz Həsənlinin də rəyini aldıq. H.Həsənli bildirdi ki, əvvəlki seçki qanunvericiliyində göstərildi ki, prezident seçkilərinin vaxtı dövlət başçısının səlahiyyətlərinin başa çatdığı ilin oktyabr ayının 3-cü çərşənbə gününə təyin edilməlidir. Amma sonradan qanuna dəyişikliklərin edildiyini deyən H.Həsənli vurğuladı ki, dəyişiklikdə göstərildi ki, əgər həmin tarix bayram gününə təsadüf edirsə, həmin tarix dəyişdirilə bilər: “Əslində hüquq praktikasında belədir ki, əgər vaxt dəyişirsə, yeni tarix əvvəlki tarixdən sonrakı günə təyin ediləmlidir. Hətta sonrakı günlər də bir neçə gün bayram olsa belə daha sonra gələn günlər seçki günü kimi seçilə bilər. Yəni müddət əvvələ deyil, geriya çəkilə bilərdi. Indiki halda müddətin bir həftə qabağa çəkilməsinin hüquqi izahı yoxdur”.

Seçki tarixinin irəli çəkilməsinin hər hansı tələskən addımla bağlı olduğunu düşünən H.Həsənli vurğuladı ki, görünür bu konkret olaraq Rüstəm Ibraimbəyovun namizədliyinə mane olmaq məqsədi daşıya bilər: “Hazırda Rüstəm Ibrahimbəyovun ikili vətəndaşlıq məsələsi vaxt aparır. Çalışılır ki, az vaxt qalsın və qalan vaxt müddətində onun namizədliyini qeydiyyatdan keçirmək şansı olmasın. Nəticə etibarı ilə bu prosesin çətinləşdirilməsinə çalışılır”.

Xəyal