Saakaşvilidən İlham Əliyevə provokasiya?

Ekspertlərin fikrincə, Gürcüstan prezidenti Putinlə Əliyev arasında barışmaz münaqişə yaradıb

Gürcüstan prezidenti Mixail Saakaşvili partiya üzvləri və qubernatorlarla görüşü zamanı bildirib ki, Milli Şuranın Tiflisdə müşavirə keçirməsi Rusiyanın təşəbbüsüdür. Bu addımın atılmasında məqsəd Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyini reallaşdırmasıdır.
Bu açıqlama Azərbaycanda birmənalı qarşılanmayıb. Verilən bəyanatla bağlı müxtəlif şərhlər, reaksiyalar mövcuddur. Milli Şura üzvləri bu açıqlamasına görə Saakaşvilini Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham edib. Bəzi politoloqlar hesab edir ki, baş verən məsələlərin arxasında başqa məqamlar da dayanır.
Ekspertlər hesab edir ki, Saakaşvilinin bu bəyanatı Azərbaycanla Rusiya arasında münasibətlərin kifayət qədər gərgin olduğu dövrdə verməsi təsadüfi deyil. Hazırda gərginliyi aradan qaldırmaq üçün Azərbaycandan Rusiyaya müxtəlif nümayəndə heyətlərinin getməsi barədə məlumatlar yayılmaqdadır. Sonuncu məlumatda hətta Azərbaycanın dövlət başçısının özünün Rusiyaya getdiyinin deyildiyinə diqqət çəkən ekspertlər bildirirlər ki, belə bir ərəfədə səslənən açıqlamalar Rusiya ilə Azərbaycan arasındakı gərginliyi saxlamağa xidmət edir.
Çünki Saakaşvilinin bir dövlət başçısı kimi qonşu dövlətlər arasında gedən münasibətlərdən kifayət qədər məlumatlı olduğunu nəzərə alsaq, bu açıqlamanın məhz buna xidmət etdiyini söyləmək olar. Bu baxımdan söhbət heç də Azərbaycanda siyasi sabitliyin pozulmasından yox, əksinə bütün nəzərlərin dikildiyi Kremlin Azərbaycanla əlaqələrindən gedir. Belə ki, Milli Şuranın vahid namizədinin qeydiyyatı ilə bağlı maneələrdən biri hazırda Rusiya tərəfindən gündəmdə saxlanılmaqdadır. Hazırkı proseslər nəzərə alınarsa, bu məsələ ola bilsin ki, yenidən müzakirəyə çıxarılsın.
Digər tərəfdən ekspertlər hesab edir ki, Saakaşvilinin bu cür səs-küyə səbəb olan bir bəyanatının Vaşinqtonla məsləhətləşmədən verildiyi inandırıcı deyil. Bu bəyanatdan sonra hadisələrin gedişi nəticəsində Azərbaycan tərəfi keçmiş, ən yaxın müttəfiqini tamamilə itirə bilər.
Baş verənlərdə diqqət çəkən daha bir məqam da var. Onu da unutmaq olmaz ki, bir il əvvəl də Saakaşvili tərəfindən analoji addım atılmışdı. O zaman da Mixail Saakaşvili Bakıya gəldikdən sonra vətəninə qayıdarkən Rusiyanın Azərbaycanda siyasi dəyişikliklər etmək istədiyini səsləndirmişdi. Bu bəyanatdan dərhal sonra isə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mətbuatda çıxış edərək vurğulamışdı ki, o, görüşlərdə birbaşa iştirak edib və söhbətin nədən getdiyini bilmir. N.Məmmədov vurğulamışdı ki, Azərbacanda Saakaşvili ilə müzakirələrdə ona Rusiya ilə bağlı hər hansı məlumat verilməyib. Bu da onu bir daha sübut edir ki, Saakaşvilinin bəyanatı Azərbaycan və Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət etmir.

Xəyal