Ramiz Mehdiyev Əli Həsənovu qurban verib

İlham Əliyevin Seçki Qərargahı ilə bağlı yaranmış qalmaqal şöbə müdirini pis vəziyyətdə qoyub

İlham Əliyevin Seçki Qərargahı ilə bağlı yaranmış qalmaqal haqqında redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl Ilham Əliyevin Seçki Qərargahına Prezident Administrasiyasının ictimai şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik edəcəyi barədə məlumat yayılmışdı.
Bu məlumata hakim Yeni Azərbaycan Partiyasından (YAP) dərhal reaksiya gəldi. YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirdi ki, Ilham Əliyevin Seçki Qərargahı elə hakim partiyadır. Əli Həsənov da bu partiyanın Idarə Heyətinin üzvüdür. Beləliklə, Mübariz Qurbanlı bu fikirlərilə Əli Həsənovun Seçki Qərargahının ən yaxşı halda üzvü ola biləcəyinə işarə vurdu.
Daha sonra “Azadlıq” məlumat yaydı ki, Əli Həsənovun Seçki Qərargahının rəhbəri olması ümumiyyətlə müzakirə edilməyib. Belə bir məlumatın yayılması isə Paşayevlər qruplaşmasında hiddət doğurub. Çünki qarşıdan gələn prezident seçkisinin bu qruplaşmanın nəzarəti altında keçiriləcəyi müəyyənləşdirilib. Prosesdə əsas vəzifələr də məhz bu komandaya daxil olan şəxslərə tapşırılıb. Paşayevlər Əli Həsənovla bağlı məlumatın rəqib “Naxçıvan” qruplaşması ortaya atıldığını düşünüb. YAP-ın Əli Həsənovla bağlı məlumata dərhal reaksiya verməsinin kökündə də bu amil dayanır. Hakim partiya artıq Paşayevlərə yaxınlığı ilə seçilən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədova tapşırılıb. Bu halda hakim partiya Əli Həsənovla bağlı məsələyə reaksiya verməyə bilməzdi.
Dünənki məlumatlarda isə bildirilir ki, Paşayevlərin belə düşünməsi əsassız deyil. Hakimiyyət mətbəxindən sızan məlumatlara görə, Əli Həsənovla bağlı məsələnin arxasında məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır. 2003-cü ildən başlayaraq seçkilər Ramiz Mehdiyevin nəzarəti altında keçib. Seçkiyə nəzarət uğrunda qruplaşmalar arasındakı rəqabət isə prosesdən sonra həmin qrupun hakimiyyətdə daha çox nüfuz sahibi olması ilə bağlıdır.
Lakin bu ilki seçkidə Paşayevlər Ramiz Mehdiyevin qarşısını kəsib. Onun bu dəfəki seçkidə rolu yalnız iqtidaryönlü mətubatı kurasiya etməkdən ibarət olacaq. Lakin Mehdiyev ümidini itirmir, hansı vasitə ilə prosesə təsir imkanlarını əlində saxlamaq istəyir. Əli Həsənovun Ilham Əliyevin Seçki Qərargahının rəhbəri olması Ramiz Mehdiyevə müəyyən qədər imkanlar yaradırdı. Lakin Mehdiyev açıq şəkildə bu təkliflə çıxış edib aranı qatmaq istəməyib. Bir qədər ehtiyatlı tərpənib. Bu barədə məlumatları dövriyyəyə buraxmaqla vəziyyəti aydınlaşdırmaq istəyib. Vəziyyə artıq aydındır. Paşayevlər birmənalı şəkildə əks qruplaşmadan olan şəxslərin seçki ilə bağlı mühüm məsələlərdə iştirakına qarşıdır.
Lakin bu proyektin zərbəsi Əli Həsənova dəyib. Iddia olunur ki, şöbə müdiri bu məlumatdan sonra Paşayevlərin hədəfinə gəlib. Onun məzuniyyətə çıxması da bu məsələ ilə izah edilir. Iddialara görə, Əli Həsənov suların durulmasını gözləyir.

Hikmət