Novruzəli bizə gülərdi

Bir neçə gün öncə poçt qutusunun 360 yaşı tamam oldu. Uzaq ünvanlara yetməsi üçün məktublarımızı sinəsinə alan o balaca rabitə qutusunun xeyli yaşı var. Onu ilk dəfə 1653-cü ildə Parisdə quraşdırıblar. Heç bir mexaniki, avtomatlaşdırmış və ya elektron xüsusiyyəti olmayan sadə qutu əsrlərlə böyük məsafələrə ismarıc çatdırmağın sanballı daşıyıcısı olub.  Indi əvvəlki gücdə deyil, həmişəki rolu yoxdur həyatımızda, amma yenə də yaşlı nəslin adamları onu hər görəndə duyğulanmış olur. Amma gənc nəsil də poçt qutusuz deyil, çağımızda az qala hamının sevimli, sirli, parollu elektron poçt qutusu var: bizim “e-mail”lərimiz elə həmin qutuların nəvələridir.

Poçt qutusunun yubileyi niyə diqqətimi xüsusi çəkdi? Çünki onun bizim xalqın həyatında xüsusi bir rolu var. O, bir simvola dönüb bizim üçün. Şəxsən mənə poçt qutusu həmişə Novruzəlini xatırladıb. Harada görsəm. Yəqin ki, bizim ölkədə mənim kimiləri çoxdur. Mirzə Cəlilin böyük ədəbi ixtirası olan “Poçt qutu”sundakı Novruzəliyə isə münasibətim çox dəyişkən olub. Nə vaxtsa ona gülmüşəm, nə vaxtsa ona acımışam, nə vaxtsa hansısa yenilik qarşısında çaşıb qalmışam və özümü Novruzəli kimi hiss etmişəm. Hətta Novruzəlinin xan qarşısında mütiliyi aşan sədaqəti və sevgisi də məndə fərqli duyğular yaradıb: gah onun bu halına nifrətlə baxmışam, gah da ona yazığım gəlib, ürəyim yanıb.

Novruzəli haqda çox danışa bilərəm, amma bir neçə məqamı hər kəslə bölüşmək istəyirəm. Gəlin özümüzə sual verək: poçt qutusunun nəmənə olduğunu bilməyən cəmiyyətimiz Novruzəliyə gülərkən yadına salırmı ki, özü hazırda nələri bilmir və çağdaş xalqlardan nələrdə və nə qədər geri qalır? Istər elm sahəsində, istər iqtisadiyyatda, istər təhsildə, istərsə siyasət və insan haqları sahəsində…

Bircə misal çəkim: “Poçt qutusu”nda Novruzəliyə gülərkən unutmayın ki, “Lissabonun Sammit şəhərində” deyən adam indi Naxçıvanda doğulmuş yazıçının ədəbi qəhrəmanı deyil, Naxçıvanın rəhbəridir. Həm də “IKS IKS I” əsrində. Savadsız və səbatsız rəhbərlər, nadan alimlər, diplomu pulla almış mütəxəssislər ölkəsində Novruzəlinin avam olmasına necə ürəkdən güləsən? Gərək acı-acı, yana-yana güləsən!

Indiyə baxanda Novruzəlinin mütiliyinə də gülə bilmirsən. Mütilik bir yana qalsın, hər cür iyrənc yaltaqlıq şivən qoparır indi onun yurdunda, həm də təkcə avamlar deyil bu müti və yaltaqlar, aralarında oxumuşları və çoxbilmişləri də çoxdur. Alimlər, akademiklər var. Hekayə yazan, Novruzəli kimi qəhrəmanlar yaradan yazıçılar da var o yaltaqlar, mütilər arasında!

Mən Mirzə Cəlili demirəm, bu gün Novruzəli dirilib gəlsəydi bizim aramıza, qəhqəhə çəkib gülərdi bizə. Deyərdi, ay qardaşlar, nə gündəsiniz, hələ mənə də gülürsünüz?!

Gəlin elə bu yerdə “Poçt qutu”sundan bir dialoqu yada salaq:

– Noruzəli, poçtxananı tanıyırsan?

Noruzəli cavab verdi:

– Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

– Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

– Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan, bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim…

Bax, həmin Novruzəli qayıdıb adama deyər ki, sizi də katdalar incidir, itən buzovunuz nədir, qızıl axan borunuzdan xəbəriniz yoxdur. Gedin özünüzə gülün.

Mənə elə gəlir ki, hər bir azərbaycanlı üçün Novruzəli yol xəritəsidir, həmişə onu qabağına qoyub fikirləşməlidir. Bizim Fransa kimi poçt qutusunun 360 illik yubileyini qeyd eləmək imkanımız yoxdur. Amma qarşıdan 1903-cü ildə yazılan “Poçt qutusu”nun 110 illik yubileyi gəlir. Onu qeyd eləməliyik. Bizim Novruzəli olmaq bayramımızdır.