Qələndər Muxtarlı AXCP sədri və bir sıra populyar şəxslərin yaşadığı ərazini “Azadlıq”a təsvir edir və tarixə hörmətsizliyi qınayır
Uzun söhbətlərdən sonra nəhayət Bakı Dövlət Universitetinin tələbə yataqxanaları da sökülməyə başladı. Yataqxanada əsasən məcburi köçkünlər yaşayırdı. Kifayət qədər nimdaşlaşan bu tiklilərin sökülməsi təbiidir. Söküntüyə görə başlıca narahatlıq orada yaşayan məcburi köçkünlərin ədalətli formada başqa yerdə mənzillə təmin edilməsilə bağlı idi.
Ancaq mətbuatın diqqətin çəkməyən daha bir narahatlıq var. Biz ondan danışacağıq.
Tələbə yataqxanalarının sayı 6-dır. Onlardan hələlik 2-sı sökülüb, qalanları da ardıcılılıqla yerlə bir ediləcək. Biz həmin ərazidə Azərbaycan Millli Demokrat Partiyasının sədri Qələndər Muxtarlı ilə söhbətləşmişik. Niyə onunla və orda, bunu indi biləcəksiniz.
Tarixlə müharibə aparanlar
“Bu söküntü adi söküntü deyil, pafoslu çıxmasın, deyərdim ki, Azərbaycan tarixinin çox ilməsi, naxışı sökülür, yox edilir. Mən qərəzli deyiləm, olsaydım, deyərdim ki, buranı Azərbaycan hakimiyyəti tarixlə düşmənçiliyinə görə sökür. Bu yerin tarixi əhəmiyyəti ondadır ki, Milli Azadlıq Hərakatında bu yataqxanalarının, bu ərazinin çox müstəsina rolu olub. Bu gün Azərbaycanı idarə edənlərin əksəriyyətinin isə tariximizin o şanlı səhifəsinə aidiyyatı yoxdur, ona görə onlarda ümumi olaraq qəbul olunan yanaşma var: Əliyevlərin, özlərinin adına bağlı olmayan nəsə varsa onu görməzdən gəlmək və yox etmək. Bu binaları yox etmək üçün belə bir xüsusi məqsəd güdülməsə də, hakimiyyətin tarixə yanaşmasına uyğundur”söyləyir Qələndər bəy. Sonra isə bizə bu yerlərin “şərəfli” dediyi tarixini anladır.
Mirşahin Ağayev keçən əsrdə…

“80-ci illərin sonunda bu yataqxanalarda Azərbaycanın indi ictimai-siyasi mühitində vacib sayılacaq şəxsiyyətlər yaşayıb. Sizin qəzetin baş redaktoru Qənimət Zahid, birinci müaviniz Rahim Hacıyev, yazarlarınız Səadət Cahangir, Xəqani Əliyev, “Yurd”un ilk sədri rəhmətlik Əlisafa bəy, AXCP sədri Əli Kərimli, bəndəniz, Mirşahin Ağayev, Qorxmaz İbrahimov, vəkil Osman Kazımov və daha nə qədər insan. Buna görə də təsadüfü deyil ki, Xalq Hərəkatının start nöqtəsi bura oldu”.
Dərhal indi milli-demokratik düşərgə ilə arası rəvan olmayan Mirşahinin o zamankı baxışlarını xəbər alıram. Qələndər bəy deyir ki, Mirşahin Qənimət Zahidlə bir korpusda, bir mərtəbədə qalıb: “O hərəkatda elə bir fəallıq etməsə də, düşüncəsi yenilikçi, yeniliyə, dəyişikliyə tərəfdar idi”.
Mübariz Qurbanlının qardaşı elə özünə oxşayıb
Qələndər bəy maraqlı fakt açıqlayır. O bildirir ki, Azərbaycanın üç rəngli bayrağı 1989-cu ildə ilk dəfə burda qaldılıb.
“Burda bir saylı yataqxanada əsasən xarici tələbələr qalırdı. Bayrağımızı da o korpusun üstündə ucaltdıq. O korpusu seçməkdə xüsusi məqsəd yox idi, sadəcə hər yandan görünürdü deyə o seçildi. Biz o bayrağı qaldırdıq, onu yendirən isə Tələbə Şurasının sədri Taryel Qurbanov oldu. Taryel Qurbanovun kimliyi yəqin oxucularınız üçün maraqlı olar. O, YAP-çı Mübariz Qurbanlının qardaşıdır. Göründüyü kimi, şərlə xeyirin qəhrəmanları hələ də dəyişməz olaraq qalır”.
Elçibəyin qonaq olduğu yerlər

Qələndər bəyin tarxi şahidliyinə görə, o zamanlar yataqxana BDU-nun özü qədər sanballı bir məktəb olub. Gənclik burda müxtəlif siyasi-ictimai mövzularda diskusiyalar açır, indikindən çox fərqli olaraq yataqxanın akt zallarında iclaslarını edə bilirmiş.
Yataqxanın məşhur qonaqları arasında Əbülfəz Elçibəy, Rəhim Qazıyev, Etibar Məmmədov kimi müəllimlər də olub. Qələndər bəy deyir ki, dərsdən sonra Əbülfəz bəy tez-tez yolunu yataqxananın həyətindən salar, orda tələbələrlə söhbətləşərmiş. Bundan başqa Elçibəy bu yataqxanada ayrı-ayrı cəbhəçi gənc fəalların şəxsi qonağı da olub.
20 Yanvar və BDU tələbələri
Mübaliğəsiz demək olar ki, bu yataqxanalar Xalq Hərkatının ürəyi, beyni kimi fəaliyyət göstərib. Hər cür nəzəri diskussiyalarla yanaşı, yataqxanadakı tələbələr əməli fəaliyyətləri ilə də bir çox məsələlərdə novator olub: “Biz artıq danışdıq ki, xalq hərəkatının ilk yürüşü burdan start götürüb. Bundan başqa çox az-az danışılan daha bir fakt da var. 1990-cı ilin 20 yanvarında bizim aramızda vəzifə bölgüsü getmşdi. Yataqxanadakıların üzərinə əsasən “Qurd qapısı” istiqamətində müdafiənin təşkili qoyulmuşdu. Mən və bəzi yoldaşlarıma isə növbətçilik tapşırılmışdı. Bizim işimiz həmin gecə yaralı və meytləri küçələrdən daşımaq oldu. Həmin gecə Əli Kərimli də ölüm təhlükəsi ilə üzləşmişdi. “Qızıl ordu”nun əsgərləri onları saxlamışdı və onların maşınından elə burda hazırlanan “molotov kokteyli” çıxmışdı.
İlk könüllülər

Vətən torpaqlarının müdafiəsində də yataxanadakı tələbələr avanqard olub. Həmsöhbətimiz deyir ki, ilk olaraq burda tələbə könüllüləri toplaşıb və onlar avtobusla tabor şəkilində Laçın kəndlərinin müdafiəsinə yollanıblar.
BDU mülkiyyətinin tələbələrə paylanması
Qələndər Muxtarlı deyir ki, yataqxanada tələbələrin gücü, birliyi elə bir səviyyədə olub ki onlar BDU rəhbərliyinə diqtə edə biliblər. Bua nümunə olaraq o, yataqxana şəraitinin yaxşılaşdırılması istiqamətində gördükləri maraqlı bir hadisəni danışır: “Yataqxananın şəraiti pis idi. Biz onun yaxşılaşdırılması üçün BDU-nun tədris korpusunda olan nə qədər televizoru, kondisoneri, soyuducunu, xalçanı yığıb buralara paylaşdırdıq”.
Məcburi köçkünlərin ilk himayədarları

Yataqxanadakıların bir çox məsələdə nümunə olduğunu deyən AMDP sədri daha bir hadisəni danışır: “Torpaqlarımız işğal olunmağa və məcburi köçkünlər Bakıya gəlməyə başlayanda onlara ilk olaraq qucaq açan da biz olduq. İçi mən qarışıq olmaqla, nə qədər tələbə könüllü şəkildə öz otağını qaçqın düşən həmvətənlərimizə verdi”.
Həmrəylik
“Bəs yataqxana komendatı bu qədər şuluq tələbə ilə necə yola gedirdi?” – soruşuram Qələndər bəydən. Bəlli olur ki, nəinki problem olub, əksinə gözəl bir həmrəylik yaşayıblar: “Biz komendatımızı da mübarizəyə qoşa bilmişdik. Bizimlə birgə mitinqlərə gedirdi. Özü də təkcə o yox, burda yaşayan xarici tələbələri də sıramıza qatmışdıq. Elə buna görə də o zaman hərəkata iftira atırdılar ki, xaricin agentləri-filan bu aksiyaları təşkil edir. İş ondaydı ki, təxminən 20 dövlətin tələbələri öz bayraqları ilə mitiqnlərimizə çıxırdı. Hökumət də o bayraqları görüb şaiyə yayırdı ki, bunlar islamçı esktrimistlərdir”.
Prezident Aparatından yataqxanaya
“AXC hakimiyyətə gələndən sonra mən də daxil olmaqla burda yaşayanların çoxu hakimiyyətdə təmsil olundu. Qəribə bir şey idi, məsələn, mən Prezident Aparatında işləyirdim. Elə olurdu ki, işdə qanım qaralanda, nəsə xoşagəlməz bir şey olanda bura, burda qalan dostların yanına gələr, gecəni də onlarla keçirərədim. Sanki bu ata ocağından güc almaq kimi bir iş idi”.
İstək
“Yəqin ki buranı sökəndən sonra yerində dəbdəbəli binalar tikəcəklər, tiksinlər, mən də bu köhnə binaların yenilənməsinə prinsipcə razıyam. Ancaq tarixə də hörmət bəsləmək lazımdı. Biz başqa mədəni ölkələrdə görürük, azca populyar adamın əyləşib çay içdiyi yeri belə tarixiləşdirirlər, ora lövhə vururlar, foto qoyurlar və s. Bu yanaşma bizə də gəlməlidir. Bura xırda da olsa bir anım lövhəsi vurmağın nəyi pis olar? Tarix belə yaranır. Biz əsl tarixi yıxıb, yalançı, saxta qala divarlarını rayonlarda ucaltmaqla özümüzə qüdrətli, zəngin tarix yarada bilməyəcəyik. Əmənəm ki, demokratik hakimiyyət qurulanda bu yer də haqq etdiyi qiymətini alacaq” – deyə müsahibimiz sözünü tamamlayılr.
Natiq


