Şahlıq və Azadlıq quşunun ah-naləsi Əliyevləri tutacaq

Ilham Əliyev hakimiyyətə gələndə ölkədəki vəziyyəti ironik tərzdə şərh etməyi sevən bir dostum poçtuma maraqlı bir karikatura yollamışdı: adamlar bir qəfəsdən çıxanda “urra! urra!” qışqırır, başqa qəfəsə sevinə-sevinə, şənlik edə-edə girirlər. Dostum karikaturaya ad da qoymuşdu: “Heydərin qəfəsindən çıxıb, Ilhamın qəfəsinə girmək bayramı”. Heydər Əliyevin “qəfəsi” yenə şükürlü idi: o vaxtlar qəfəs ölkə dəmir torlardan ibarət idi, daha indiki kimi hər yer daş hasara alınmamışdı. Kim bilir, bəlkə də kosmosdan ölkəmiz daş məzar kimi görünür və dünyanın ən yekə məzarı kimi qeydə alınıb. Haqsızlığa, əzab və işgəncəyə məzar kimi susan adamların sayı o qədər çoxaldı ki, kənardan MƏZAR ölkəyə bənzədik. Bir müdrik söz var: “Qəfəsdə yaşayan quşlar uça bilən quşlara xəstə kimi baxırlar”. Qəfəsbaşı Ilham Əliyev isə uçan quşlara ən qorxulu düşmən kimi baxır və ona görə də quş kimi azad ruhlu insanları zindana salmaqdan həzz alır.

Bir AILƏ üzündən ömrü məhv olan, ailəsi dağılan, ev-eşiyi əlindən alınan adamlar özlərini elə aparırlar ki, sanki bundan sonra on dəfə dünyaya gələcəklər. Ömrümüzü oğurlayıb, həyatın hər cür kefini çıxaran Əlieyevlər və onların ətrafı bir ömürdə milyon ömür yaşadılar və yaşamaqda davam edirlər. Onların bir gündə yaşadıqları kefi 200 manat maaş, 100 manat təqaüd alan vətəndaş 60-70 illlik ömründə bir saat belə görə bilmir. Ölkənin susmayan yeganə ağsaqqal şairi Musa Yaqub aylar öncə “Azadlıq” (25.01.2013) qəzetinə verdiyi müsahibədə ilginc bir ifadə işlətmişdi: “Nə vaxta qədər quş uçurdub şah tutmalıyıq? Belə olmaz axı…”. Əlbəttə, belə olmaz! Bundan sonra nə olacağını bilmirəm, amma bir şeyi dəqiq bilirəm: illərdir Əliyevlərin pencəyinə tikilən Şahlıq Quşunun, qəfəsə salınan Azadlıq quşunun ah-naləsi AILƏ-ni tutacaq. Zavallı şahlıq quşunu Əliyevlərin pencəyinə elə tikiblər ki, hətta Paşayevlərin də onu qopartmağa gücləri çatmır. Bir müddət öncə, Ilham Əliyevin xanımının prezidentliyə namizədliyini irəli sürənləri o qədər ora- bura sürüdülər ki, bilmək olmadı zavallı qadınlar hansı quyuya düşdülər. Şahlıq quşunun keşiyini çəkən qoçular elə qəzəblənmişdilər ki, qadınları sorğu-sual edəndə Prezident Administrasiyasının binası silkələnirdi. Hakim AILƏdə vəziyyətin gərgin olduğu, Şahlıq quşu uğrunda savaş getdiyi açıq-aydın hiss olunur. Onlar hətta baş verən faciələrdən yararlanmaqdan çəkinmirlər. Misal üçün, bu yaxında Xaçmazdakı istirahət mərkəzində faciə baş vermişdi:  ayaqlarını itirən, müxtəlif bədən xəsarətləri alan 2 yaşlı Imran Cəfərzadəyə Ilham Əliyevin kürəkəni Emin Ağalarov yardım edəcəyini bildirən kimi əvvəlcə Heydər Əliyev Fondunun rəhbəri yardımını təklif etdi, sonra isə körpənin Ilham Əliyevin şəxsi nəzarətinə götürüldüyü haqqında xəbərlər yayıldı. Hələ mən gözləyirdim ki, Leyla Əliyeva da “faciə auksionu”na qatılcaq. Nə olsun ki, hamısı bir AILƏnin üzvüdür, axı hərənin pul cüzdanı, bank hesabı ayrı-ayrıdır, səmimiyyəti, hikkəsi, inadı, qəzəbi, nifrəti, qisası… bir-birindən çox fərqlidir. Ölkəni məsuliyyətsizcəsinə idarə edənlər, faciə baş verəndə yardımlarını həyasızcasına təklif edənlər unudurlar ki, Imran Cəfərzadəyə necə yardım edilsə də, o necə yaxşı müalicə olunsa da, dünyaya gəldiyi kimi  heç vaxt sağlam, qüsursuz ola bilməyəcək. Eynilə bizim Azərbaycan və millət kimi!..