«Azad Avropa» radiosu bu kontekstdə Azərbaycandakı siyasi prosesləri təhlil edib
Qərb mediasında Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərilə bağlı təhlillər artıb. Ölkədə hazırkı duruma nəzər salınır, siyasi proseslər analiz olunur. “Azad Avropa” radiosu da Milli Şuranın Tbilisi toplantısı, eləcə də Putinin Azərbaycana gözlənilən səfəri kontekstində prosesləri qiymətləndirib. “Ibrahimbəyov üçün əsas sual: o olacaq, yoxsa yox?” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Bu həftə müxalifət Tbilisidə iki günlük strateji sessiya keçirəndə ümidlər vardı ki, toplantıya gedənlər bir nəfər artıq adamla qayıdacaq.
Lakin son nəticədə Rüstəm Ibrahimbəyov – Azərbaycanda siyasi dəyişikliklərə başlıca ümid – kənarda qaldı.
“Mən birmənalı şəkildə Bakıya qayıdacağam. Buna şübhə olmamalıdır. Lakin Tbilisidəki tədbirdə dostlarım və yoldaşlarım məhz indi Bakıya qayıtmağımın əleyhinə çıxdılar. Çünki bir sıra hüquqi məsələlər həllini tapmalıdır. Bundan sonra Bakıya qayıdacağam”, – deyə Rüstəm Ibrahimbəyov bildirib.
Sonuncu dəfə Azərbaycana yanvarda gələn 74 yaşlı rejissor bir müddət əvvəl bildirmişdi ki, iyulun 31-də Bakıya gəlib, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində birləşmiş müxalifətin Ilham Əliyevə qarşı vahid namizədi kimi seçki kampaniyasına başlayacaq.
Lakin bir sıra problemlər, o cümlədən ona qarşı potensial cinayət ittihamı, Rusiya vətəndaşlığından çıxarılmasının yubanması onun Bakıya gəlişində həm şəxsi, həm də siyasi risklər yaradıb.
“Günəşdən usanmışlar”, “Səhranın bəyaz günəşi” kimi filmlərin yaradıcısı olan Ibrahimbəyov Azərbaycana qayıdacağı halda həbs olunmaq təhlükəsindən danışıb.
Onun ikiliyi vətəndaşlığıyla bağlı məsələ də formal olaraq, ona prezidentliyə namizəd kimi qeydə alınmağa imkan vermir.
Ibrahimbəyovu dəstəkləyən Milli Şura iyulun 31-də Tbilisidə keçirilən sessiyadan sonra vətəndaşlıqdan çıxarılma məsələsinin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Ümid var ki, Azərbaycan ziyalıları arasında nüfuza malik olan Ibrahimbəyov, ailəsi iyirmi ildən artıqdır neftlə zəngin ölkədə sülalə hakimiyyəti qurmuş Əliyevə qarşı ciddi rəqib ola bilər.
Lakin Ibrahimbəyovun uzun müddət ölkədə olmaması onunla bağlı spekulyasiyalara rəvac verib və müxalifət daxilində ciddi narahatlıq yaradıb.
Ən azı, son həftələrdə proseslər göstərir ki, Milli Şuranın daha bir üzvü – Müsavat partiyasının rəhbəri Isa Qəmbər onu əvəz etməyə hazırdır. Lakin Isa Qəmbər özü “Azadlıq” radiosuna deyir ki, hazırda bütün gözlər Ibrahimbəyova yönəlib.
“Bizim üçün hazırda prioritet Ibrahimbəyovun namizəd kimi qeydə alınması və qələbə qazanılmasında süni maneələri aradan qaldırmaqdır. O ki qaldı başqa məsələlərə, onları vaxtı gələndə həll eləmək olar”, – deyə Isa Qəmbər bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu həftə açıqlama verərək bildirdi ki, 2008-ci ildəki son prezident seçkisində 90 faiz səs toplamış Əliyev seçkidə iştirak edən istənilən siyasi partiya ilə dialoqa hazırdır.
Hakimiyyətin nəzarətində olan media orqanları Putinin Bakıya nəzərdə tutulan səfərini onun Ibrahimbəyova deyil, hazırkı rejimə dəstəyinin ifadəsi kimi qiymətləndirir.
Ibrahimbəyov “Azadlıq” radiosuna bildirib ki, Rusiyanın hansısa tərəfi dəstəklədiyini ehtimal etmək əsassızdır.
Lakin Putinin Ibrahimbəyovun vətəndaşlıqdan çıxarılmasıyla bağlı məsələni yubatmasına Rusiya prezidentinin Bakıya səfəri zamanı Əliyevdən böyük güzəştlər qoparmaq istəyi kontekstində yanaşmaq lazımdır. Putin bununla Əliyevə seçkiyə rəqibsiz qatılmaq imkanı yarada bilər.
“Mən özümə tənqidi yanaşan adamam. Lakin hiss edirəm ki, Azərbaycan xalqı dəyişikliyi çox istəyir və mənim qələbəmin təmin edilməsi üçün lazım olan hər şeyi edəcək”, – deyə Ibrahimbəyov bildirib.
Siyasət şöbəsi