Tural Qurbanov istirahətə getməsini ailəsi və yaxınlarından niyə gizlədib?
Maldiv adalarındakı oteldə meyiti tapılan Tural Qurbanovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatları təqdim etməmişdən əvvəl yada salaq ki, blogger Emin Milli “Facebook” səhifəsində Tural Qurbanovun MTN əməkdaşı olduğunu və xüsusi missiya ilə Almaniyaya göndərildiyini yazmışdı. Emin Millinin sözlərinə görə, Tural Qurbanovun missiyası Almaniyada yaşayan blogger Həbib Müntəzirin həyatına sui-qəsd təşkil etmək olub. Lakin plan baş tutmayıb. Emin Milli güman edir ki, Tural Qurbanov tapşırığın öhdəsindən gələ bilmədiyinə görə aradan götürülüb.
Həbib Müntəzir də “Azadlıq”a açıqlamasında Emin Millinin dediklərini təsdiqləyib.
Tural Qurbanov Azərbaycanın Almaniyadakı səfirliyində 2-ci katib vəzifəsi tutub. Azərbaycan Xarici Işlər Nazirliyi (XIN) Tural Qurbanovun ölümü ilə bağlı deyilənləri təkzib edib. XIN-in məlumatına görə, o, məzuniyyət zamanı ürək çatışmazlığından dünyasını dəyişib.
“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, Tural Qurbanov keçmiş prokuror, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq Institutunun Dövlət və Hüquq Nəzəriyyəsi, Mülki Hüquq və Mülki Proses şöbəsinin müdiri vəzifəsində çalışan Habil Qurbanovun oğludur.
Indisə keçək yeni məlumatlara. Bildirilir ki, Tural Qurbanov MTN-nin akademiyasını itirib. O, diplomat kimi təqdim edilsə də, əslində MTN-nin əməkdaşı olub. Bundan əlavə səfirliklərdə 2-ci katib vəzifəsini adətən xüsusi xidmət orqanlarının əməkdaşları tutur. Məlumatda bildirilir ki, Tural Qurbanov sağlam adam olub. O, heç vaxt səhhətindən şikayətlənməyib. Bu baxımdan onun ürək çatışmazlığından dünyasını dəyişməsi inandırıcı görünmür. Məlumatlara görə, Tural Qurbanov ailəlidir. Onun iki övladının olduğu deyilir.
Maraqlıdır, Tural Qurbanov məzuniyyətini niyə tək keçirmək istəyib? Digər tərəfdən bildirilir ki, ümumiyyətlə ailəsinin və yaxınlarının onun Maldivə getməsindən xəbəri olmayıb. Atası Habil Qurbanov yalnız mətbuatdan onun ölüm xəbərini oxuyarkən oğlunun Maldivə getdiyini bilib. Məlumatlara görə, Tural Qurbanovun meyitini gətirməyə atası tək gedib.
Onu da qeyd edək ki, Habil Qurbanovun qardaşı Şamil Qurbanov vaxtilə Gəncədə OBXSS-də işləyib. Onun keçmiş baş prokuror Eldar Həsənovun qudası olduğu deyilir.
Hikmət


