Hakimiyyət Əliyev üçün Rusiyadan piar qurur

«Hakimiyyətin bu «piar» kampaniyasında məqsədi iqtidarın mövqelərinin güclü olması görüntüsünü yaratmaqdır»

Milli Şura barəsində hakimiyyətin apardığı kampaniya bumeranq effektini verdiyindən iqtidar fərqli mövqe sərgiləməyə başlayıb. Belə ki, bundan əvvəlki təbliğatında Milli Şuranı Rusiya ilə əlaqələndirməyə çalışan hakimiyyət az sonra təbliğatının acı nəticələrini görməyə başladı. Ona görə də son zamanlar hakimiyyətə yaxın mətbuatda Rusiya ekspertlərinin Azərbaycan hakimiyyəti barədə rəyləri geniş yer alır.

Bu açıqlamaların düşünülmüş şəkildə alındığı açıq sezilməklə yanaşı o da nəzərə çarpır ki, ekspertlərdən istifadə edilərək hakimiyyətin qarşıdan gələn seçkidə qələbə şansının yüksək olduğu fikri formalaşdırmağa çalışılır. Eyni zamanda ekspertlər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin də normal olduğunu vurğulayırlar. 

Ekspertlər hesab edir ki, hakimiyyətin hazırda apardığı bu “piar” kampaniyasında məqsəd ölkə vətəndaşlarında hakimiyyətin mövqelərinin güclü olması görüntüsünü yaratmaqdır. Azərbaycan hakimiyyəti Rusiyadan tutmuş ABŞ-a qədər çox böyük vəsaitlər xərcləmək yolu ilə özü haqqında yaxşı rəy formalaşdırmağa çalışır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi ekspertlərə böyük məbləğdə vəsaitlər ödənilir ki, Azərbaycan hakimiyyətini yenilməz olması təsəvvürü formalaşdırılsın. Ekspertlərin fikrincə, belə materiallar daxili auditoriya üçün nəzərdə tutulur. Hakimiyyətin bu tipli səyləri onun mövqelərinin xaricdə və daxildə zəifləməsiylə bağlıdır: “Əks halda belə böyük vəsaitlər xərcləməyə ehtiyac olmazdı. Onu demək kifayətdir ki, Azərbaycan hakimiyyətinin təkcə korrupsiya əməlləri ilə bağlı benyəlxalq aləmdə çap olunan materillarının təsirini milyonlar xərcləmək yolu ilə olsa belə azaltmaq mümkün olmur. O ki qaldı hazırda bir sıra xarici ekspertlərin adından istifadə edərək reytinq qazanılmağa çalışılsın”.

Hikmət