Döyüşmədən ölmək, yaxud qorxunun “intihar” etməsi.

Son günlər əsgər ölümləri yenə artan xətt üzrə gedir. Göldə boğulan, düşmən gülləsindən ölən, özünü güllələyən əsgərlərin xəbərlərini eşitməkdəyik. Bu ölümlər Ali baş komandanın əmri ilə döyüşə atılan əsgərlərin statistikası deyil. Bu ölümlər Azərbaycan gəncinin yaşamadan ölmək reallığıdır.

Artıq bu ilin 7 ayı ərzində 60 əsgər itirmişik. Bu itkilərin 20 faiz torpağın geri qaytarılmasında heç bir rolu olmayıb. Mən hərbidə olanda bölüyümüzdə 60 əsgər var idi. Bəli, biz 7 ayda bir bölük itirdik.  

Bu, Səngərə çatmadan yox olan ordunun qüdrətidir.

Bu, döyüşmədən ölən əsgərin nakam taleyidir.

Bəlkə də bu, “Lazım”ın döyüş bölgəsinə gecikməsinin nəticəsidir.

Atəşkəs, hansısa ölkə üçün atəşin kəsilməsi deməkdirsə, bizim ölkə üçün gəncliyin soyqırımı deməkdir.

Bu ölkənin əsgəri düşmənlə qanlı döyüşdə deyil, öz cismi ilə çarpışmada həlak olur.

Bəzən düşünürsən ki, döyüşmədən ölmək sanki bu millətin taleyidir. 

100-lərlə intihar edən insanın xəbərin eşidirik. Özünə əl qaldırmağa gücü çatanların, rejimə əl silkələməyə cəsarəti çatmadığını görəndə insan məyus olur.

Biz, xalq olaraq da, iztirablar içində yaşayıb, döyüşmədən ölməyə davam edirik.

Bütün hallarda ölüm varsa, niyə döyüşüb ölməyək?

Düşmən ordusunu görmədən ağ bayraq qaldırmaq, ölümdən xilas olmaq deyil, hər gün ölə-ölə yaşamaqdır.

Təslimçilik ruhu bizi köləyə çevirməkdədir.

Övladına “təriflə, irəli get” deyən valideyn, sabah orduda intihar edən övladının ölüm səbəblərindən biri deyilmi?

Bizi hər gün öldürürlər. Bu faciəli tendensiyaya etiraz edib, “əsgərimiz ölməsin” deyəndə də narkoman, xuliqan oluruq. 

Bəzən elə mənzərə yaranır ki, adam bu rejimin əcdaha olduğu qənaətinə gəlir.

Sanki, nağıllarda olduğu kimi, hər gün əjdahaya bir qurban verməyə məhkumuq. 

Anaların 9 ay qarnında gəzdirib, dünyaya gətirdiyi, 18 il böyütdüyü övladı, bir günə əlindən alırlar.

Döyüş əmri verilməyən ordunun, 4000 əsgər itirməsinə hansı adı verək?

Müdafiə Nazirliyi nəyi müdafiə edir? Ali baş komandan hansı komandanı verməyə hazırlaşır?

Silahlı qüvvələr niyə gülləsini özünə tərəf doğruldur?

Bizim hərbi büdcəmizin, Ermənistanın dövlət büdcəsindən çox olması özünü nədə ifadə edir?

Niyə bu ölkədə pulun çox olması, çox insanın ölməsinə xidmət edir?

Ayrılan milyardalar hərbiyə sərf edilir, yoxsa Əzrayılın hesabına keçirilir?

Bu ölkədə ölümün adiləşdiyini bilirik. Heç olmasa mənasız yerə ölməyək.  

Hər gün telekanalların baş xəbərində “düşmən cavab atəşi ilə susdurulub” deyirlər.  Ancaq, hər gün öz əsgərimizin, öz ərazimizdə əbədi susduğunun şahidi oluruq.

Bu ölkədə hərbi xidmətə gedən adamın sağ-salamat qayıtması toy-bayrama çevrilir. 

Br vaxtlar hərbi xidmətin “kişilik məktəbi” olduğunu şüara çevirmişdilər. Indi həmin məktəb, kişilərin qəniminə çevrilib.

Ölümü, hərbi hissələrdən qovmaq lazımdır. Ölüm bu məkanda məskən salıb.

Bizə, yaşayan, döyüşən və sağ qalmağı bacaran əsgər lazımdır.

Bizə, ölümün keşiyində duran yox, vətənin keşiyində duran ordu lazımdır.

Mülki həyatda 10-larla işıqlı gənci şərləyərək zindana atanlar, hərbidə xidmət edən əsgərləri də ölümün qucağına atırlar.

Döyüşmədən ölməyə məhkum edilən gənclərin qisası,haqqımız uğrunda döyüşməyə davam etməklə alınacaq.

Biz, döyüşmədən ölməyi rədd etməliyik.

Artıq, gənclərin ölümü dayansın, içimizdəki qorxunun, biganəliyin ölümünə start verək.

Hər gün xəbər yayılsın ki, hansısa gəncin qorxusu “intihar” edib.