Azərbaycanlılar hələ də adam deyil I yazı

Hakimiyyətin bütün davranışları indi bir məsəli xatırladır, ancaq yadınıza salmayacam. Onsuz da “Azadlıq”ın əskisi tüstülüdü. Ancaq hakimiyyətin bu davranışları açıq-aydın göstərir ki, Milli Şuranın və Rüstəm Ibrahimbəyovun prezidentliyə vahid namizəd seçilməsindən yaman qorxuya düşüblər. Min bir yolla nail olmağa çalışırlar ki, dünya şöhrətli dramaturqun qarşısını alsınlar. Burda qonşuluqda Saakaşvilini bir-iki ağız danışdırdılar. Onun dili ilə müxalifəti Rusiyanın adamı elan etdilər. Bu yandan da Azərbaycanın dövlət başçısının Rusiyaya getməsi xəbəri yayıldı. Bu xəbər rəsmi qaydada təkzib edildi. Ancaq zənnimcə, onun gedib-getməməyi heç nəyi dəyişdirmir. Sən bir tərəfdən Mişaya Rusiya ilə bağlı hədyan dedizdirirsən, bir tərəfdən də Rusiyadan mədəd umursan? Belə siyasət olar? 

Məni narahat eləyən dövlət başçısının hansısa gizli səfəri deyil. Düşünürəm, daha doğrusu, ehtimal eləyirəm ki, YAP hakimiyyəti Rusiyaya hər cür vasitə ilə (vəd, para) təsir etməyə çalışır ki, sizdən heç nə istəmirik, bircə xahişimiz var – yalvarırıq, Ibrahimbəyovun vətəndaşlıqdan çıxarılma məsələsini yubadın, elə eləyin ki, o öz namizədliyini qeydə aldıra bilməsin və bunun məsuliyyət yükü də bizim çiynimizdən götürülsün. 

Nə isə, bunlar səbəb deyil, nəticədi. Yəni bir səbəb olmasaydı, onlar Ibrahimbəyovla bağlı bu qədər can-haraya düşməzdilər. Indi səbəblərə keçək. Mən ikicə səbəb göstərəcəm.

Birincisi, vətəndaşların mülkiyyət hüququnun ağlagəlməz allahsızlıqla pozulmasıdı. Yəqin ki, srağagün Xutorda camaatın evinin heç bir kompensasiya ödənilmədən, vicdansızcasına, ev yiyələri evinin içində otura-otura sökülməsini, adamların tankın qarşısına keçərcəsinə buldozerin tırtıllarının üstünə özünü atmasını, əlində balta öz əmlakını müdafiə etməyə çalışmasını, naləni, fəryadı əks etdirən video-süjeti siz də gördünüz. Əlbəttə, hakimiyyət, dövlət başçısı haqda deyilənləri qayçılamaqla da olsa, ANS də bu süjeti göstərib və bütün ölkə bundan xəbər tutub, öz halına da ağlayıb. Ancaq nə xeyri, hələ bir il qabaq, Qış bulvarı, Avroviziya üçün evlər söküləndə yazmışdım ki, hərə öz məhləsini müdafiə etdiyindəndi ki, hakimiyyət mülkiyyət hüququnu istədiyi kimi tapdalayır. Eynən “məndən ötdü, qardaşıma dəydi” misalı kimi. Qış bulvarı üçün evlər söküləndə Sovetskidəkilər susur, Xutorda evlər söküləndə, deyək ki, başqa namizəd ərazilərdəkilər. Beləcə, YAP çox rahatca öz buldozeri ilə irəliləyir. Qarabağda son 20 ildə bir santim torpağımızı ala bilməyənlər ölkənin qalan 80 faiz ərazisində tam bir müzəffər ordu kimi ard-arda qələbələr çalır. Özünü traktorun tırtılının qarşısına atan xanım (sonradan bayılıb torpağa düşür) ermənistanlı olduğunu deyir, fəryad qoparır. Dünənəcən onun yanında bu hakimiyyətin qarasına bir kəlmə desən, həmin baltayla qarşına çıxar, səni tikə-tikə doğrar, ətini şişə çəkərdi. Ömürlərindən kəsib Əliyevlərin ömür hesabına keçirdikləri illərin sayəsində bu rejim uzandıqca uzanır. Indi bu nalələr heç nəyə yaramır. Tanrı xalqı eşidir. Eşitdiyinə görə də onun ömrünü kəsib. Adamlar çəyirtkə kimi qırılır. Və dünən bir romandakı “yeraz” söhbətinə görə Əkrəm Əylislini çarmıxa çəkənlər bu gün gerçək həyatda “yeraz”ların evini yıxanların allahsızlığını görə-görə ağızlarına su alıblar. Ölsün belə vətənpərvərlər. Indi əsil xalq düşmənlərinin kim olduğunu gördünüzmü?

2 avqust 1537-ci ildə Papa 3-cü Pavel yerli amerikalıların da insan olduğunu bildirən bir fərman verib (Fb statusu. Sona Yaqubova). 2013-cü ildi. Ancaq hələ də azərbaycanlıların da insan olmaları haqda bir fərman yoxdu. Nə kağız üzərində, nə şifahi. 

Bu, hakimiyyəti Rüstəm bəy qarşısında qorxuya salan səbəblərdən biri. Ikinci səbəb haqda gələn yazımda.