“Xutor” sakinləri zorla küçəyə atıldı (FOTOLAR)

Sahiblərinə xəbərdarlıq etmədən mənzilləri sökdülər

Kompensasiya bazar qiymətindən 4 dəfə az ödənilir; bildiriş tələb edənlərə “indi yazıb verərik” deyirlər

Dövlət başçısı Ilham Əliyevin iqamətgahının yaxınlığında “Xutor” adlanan ərazidəki evlər sökülür. Bakı Şəhər Icra Hakimiyyəti söküntüyə səbəb kimi, yolun genişləndirilməsini göstərir. Yolun bir tərəfində olan evlər bir neçə ay əvvəl sökülmüşdü. Indi növbə digər hissəyə çatıb. Sakinlər kompensasiyadan narazı olsalar da, onları eşitmək istəyən yoxdur. Etiraz edənlər isə sərt təpki ilə üzləşirlər.
“Evlərimizi bir dəfə erməni yağmaladı, indi də bu hökumət qənim kəsilib”
Söküntünün üçüncü günü artıq bütün evlərin sökülməsinə start verildi. Mübarizəni davam etdirən bir neçə ailə var ki, onlarla yaxın günlərdə söhbət aparılacağını deyirlər.
“Pul verilmir. Deyirlər köçün, bank hesabınıza kompensasiya ödəyəcəyik. Evimizin sahəsi 447 kvadrat metrdir. Sənədləri qaydasındadır. Bir kvadrat metr üçün 700 manat kompensasiya ödənilir. Ümumilikdə bizə 320 min manat veriləcək. Əvvəlcə deyildi ki, qeyri-yaşayış tikililərin kvadratı 500 manatdan hesablanacaq. Indi isə deyirlər ki, hamam, tualet və həyətyanı sahə 100 manatdır. Sözdür də, deyirlər. Son anda bunu da ödəməyəcəklər”, – deyə narazı sakinlərdən biri şikayətlənir.
Vətəndaşlara köçürülmə ilə bağlı heç bir bildiriş verilməyib: “Bizə heç bir xəbərdarlıq olunmayıb. Deyirik ki, köçürülməni öncədən bizə deyərdiniz. Cavabları bu olur ki, indi deyirik, köçün. Bir günə hara köçək? Pul da verilmir ki, özümüzə ev alaq. Kimin qohumu varsa, gedir onun evinə. Burada yaşayanların çoxu 90-cı illərdən ”Xutor”da məskunlaşıb, əksəriyyəti də Ermənistan qaçqınıdır. Bir dəfə evlərimizi erməni yağmaladı, indi bu hökumət bizə qənim kəsilib”.

“Kompensasiya da, evlərin sahəsi də yarıbayarı azaldılır”

Nailə Sadıqova evinin qarşısında dayanaraq söküntüyə mane olacağını deyir. Mənzilinin sahəsi 50 kvadrat metrdir: “Ümumilikdə 69 kvadrat metrdir. Əsas sahəni 50 kvadrat götürüblər. Əvvəlcə 44 min 700 manat kompensasiya veriləcəyi deyilirdi, indi isə 49 min manat deyirlər. Bu pulla hara gedə bilərəm. Ona görə də evimin qarşısında dayanmışam, mənzilimi uçura bilirlərsə, uçursunlar, kənara çəkilməyəcəm”.
“Xutor” camaatının narazılığı təkcə kompensasiya ilə bağlı deyil. Onlar həm də mənzillərinin sahəsi ölçülən zaman yol verilən saxtakarlığa etiraz edirlər. Deyirlər ki, evlərin sahəsi yarıbayarı azaldılır: “Kompensasiyanı da 50 faiz az verirlər, evin sahəsini də çox azaldırlar. Ilham Əliyev dəfələrlə çıxış edərək deyib ki, kompensasiya 1500 manatdan hesablanmalıdır. Ancaq bunlar 700-800 manatdan ödəyirlər. Evinin sahəsi 200 kvadrat metr olan mənzil sahibinə əslində, 300 min manat ödənilməlidir. Söküntü işlərinə rəhbərlik edənlər bunu 100 kvadrat sayırlar, kompensasiyanı 700 manatdan verirlər. Deməli, evinin sökülməsinə görə 300 min manat pul almalı olan adama 4 dəfə az – 70 min manat pul verirlər. Etiraz edirik, ancaq heç kəs bizi nəzərə almır. Hərə bir avaz oxuyur. Biri deyir ki, köçün, razılığa gələcəyik, o biri deyir ki, qiymət budur. Kimin adamı varsa, normal pul alıb razılaşır, ”yuxarı”larla əlaqəsi olmayanlara isə divan tuturlar”.

Xəbərdarlıq etmədən ev dağıdılır…

“Xutor” sakinləri ərazidəki söküntülərə kimin başçılıq etdiyini bilmirlər. Onların sözlərinə görə, hər gün biri gəlib söküntü işlərinə rəhbərlik etdiyini deyir: “Bir gün Binəqədi rayon Icra hakimiyyətindən, ertəsi gün Bakı Şəhər Icra Hakimiyyətindən, o biri gün yol çəkənlər gəlib deyir ki, rəhbər bizik. Elə ki pul məsələsi ortaya çıxır, hamısı yaxasını kənara çəkir. Hərə bir söz deyir, camaata isə pul lazımdır. Heç kim evinin sökülməsinə etiraz etmir. Hamının bir dərdi var – normal pul ödənilsin”.
Səlbi Musayevanın mənzilinin sahəsi 117 kvadrat metrdir. Ailə üzvlərinin dediyinə görə, evinin bütün sənədləri qaydasındadır: “Hər bir sənədimiz var. Evə ”kupça”da almışıq. Ancaq bizə verilən kompensasiya 63 min 355 manatdır. Kvadratı heç 1000 manatdan hesablanmır”.
Musayevlər ailəsi bu məbləğlə razılaşmadığı üçün mənzillərinin sökülməsinə etiraz edirlər. Bu səbəbdən hələ ki, buldozer onların evlərinın qarşısına gətirilməyib. Ancaq başqa mənzil sahibləri zorla da olsa, köçürülür.
“Bizi zorla evimizdən çıxartdılar. Dedilər ki, gedin, pulunuz veriləcək. Fəhlələr içəri keçib bütün əşyalarımızı həyətə tökdülər. Bu azmış kimi, deyirlər ki, Allahınıza şükür edin. Yoxsa əşyalarınız da traktorun altında qalacaq. Biz onlara başa sala bilmirik ki, getməyə yerimiz yoxdur. Heç olmasa, bizi müvəqqəti də olsa, evlə təmin etsəydilər, birtəhər razılaşardıq. Bunu da etmirlər. Xəbərdarlıq ən azı bir ay öncədən olmalı idi. Ancaq heç nə deyilməyib. Verdikləri pulla torpaq sahəsi almaq mümkün deyil. Kimin evinin sahəsi bir az çoxdursa, 100-150 min manat kompensasiya ala bilir. Hansı ev sahibinin yurd-yuvası 50 kvadrat metrdir, ona 20 min manat pul verirlər. 20 minə harada ev almaq, yaxud ev tikmək olar? Bu özbaşınalığı ölkə başçısı niyə durdurmur? Başqa bir adamın problemi olan kimi o dəqiqə cavab verilir, bəs bu qədər sakinin evinin sökülməsinə niyə göz yumulur? Bu nə vaxta qədər davam edəcək? Pulumuzu versin, çıxıb gedək işimizin arxasınca…”, – deyə Hüseynovlar ailəsi etiraz edir.

***

Biz ərazidə çəkiliş aparan zaman bir fəhlənin xəsarət aldığını eşitdik. Dərhal ora üz tutduq. Nə iş yoldaşları, nə söküntü işlərinə rəhbərlik edən şəxslər, nə də polislər olayın hansı səbəbdən baş verdiyini demədilər. Yalnız “ehtiyatsızlıq üzündən baş verib” deməklə kifayətləndilər. Ancaq əsəbi, evləri viran edilmiş sakinlər Təcili Tibbi Yardım maşını gələnə qədər fəhləyə ilkin yardım göstərdilər.
Polislər isə adamlara kənara çəkilməsini tələb edirdilər: “Gedin işinizlə məşğul olun, həkim gəlib özü baxacaq…”

Ramin DEKO