Və ya biz niyə bu qədər unutqanıq?
AXCP sədri Əli Kərimli rəsmi Facebook səhifəsində əsgər ölümləri ilə bağlı yazı paylaşıb. Həmin yazını təqdim edirik:
Məmmədov Cavid bu ilin əvvəlindən orduda həyatını itirmiş 56-cı əsgər oldu. Bu 56 əsgərin yalnız 8 nəfəri döyüş şəraitində şəhid olub. 48 əsgərimiz isə müxtəlif və müəmmalı şəraitlərdə ölüb və ya öldürülüblər. Yanvar ayında əsgər Ceyhun Qubatovun orduda öldürülməsinə ictimaiyyətin reaksiyasını xatırlayırsınızmı? Həmin xəbər təkcə “Azadlıq” qəzetinin saytından 200 000 dəfədən artıq oxunmuşdu. Bakının mərkəzində “Əsgər ölümünə son” tələbilə izdihamlı aksiya da keçirilmişdi. Lakin hakimiyyət bu tələbləri qulaqardına vurdu. Orduda vəziyyətin yaxşılaşması üçün heç bir iş görmədi. Bu günki nəticə isə heç də ürəkaçan deyil. İlin əvvəlindən müəmmalı şəraitdə 48-ci əsgər ölümünü cəmiyyət olaraq lal sükutla qarşılayırıq. İndi əsgər ölümləri ilə bağlı məlumatlar nəinki cəmiyyətdə ciddi həyacan yaratmır, hətta bu məlumatlar indi çox oxunan, müzakirə olunan, paylaşılan informasiyalar da sayılmır. Yəni doğrudanmı əsgər ölümləri sadəcə statistikaya çevriləcək qədər adiləşdi?
Korrupsiya ilə də bağlı eyni tendensiyanı müşahidə edirik. Xatırlayıram ki, ilk dəfə “Washinqton Post” qəzeti Dubayda İlham Əliyevin övladlarına məxsus 74 milyon dəyərində 9 villanı aşkarlayanda cəmiyyətin təpkisi daha sərt idi, nəinki ölkədən çıxarılan 48 milyard dollar haqda informasiyaya. Ailəyə aid, dəyəri milyardlarla ölçülən ofşor şirkətlər də insanları daha az həyacanlandırdı, nəinki Dubay villaları.
Elşad Abdullayevin yaydığı videolar da eyni aqibəti yaşayır. Müxtəlif hesablamalara görə 1-ci videoya bir milyona qədər adam baxmışdısa, sonradan yayılan videolara, onlarda hətta daha ciddi cinayətlərdən bəhs edilsə də, əvvəkilər qədər oxucu, tamaşaçı marağı olmadı. Sonrakı videolar cəmiyyətdə ciddi etirazlara səbəb olmadı.
Nə baş verir? Bunlar bizi hər cür eybəcərliklərlə barışdıracaqlarmı? Başa düşürəm ki, daha heç nəyə təəccüblənməməyimizin əsas səbəbi xalqın onu idarə edənləri artıq yaxşı tanımasıdır. Xalqın bunlardan heç bir pozitiv gözləntisi yoxdur, heç bir pisliyi də istisna etmir. Amma bu da bizə haqq vermir ki, ətrafımızda baş verən bunca eybəcərlikləri görməzliyə vuraq. Daha böyük hədəflərə yetişməyimiz üçün ilk növbədə çox sadə işlərin öhdəsindən gəlməliyik. Heç bir cinayət sadəcə tez-tez təkrarlandığına görə bizim üçün adiləşməməlidir. Bu qədər unutqan olmağa, hər cür eybəcərliklərlə barışmağa haqqımız yoxdur.