Rövşən Almuradlı: «Bizim vahid namizədimiz odur və seçkiyə onun rəhbərliyi altında gedəcəyik»
Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə namizədi Rüstəm Ibrahimbəyovun Bakıya gəlməsi təxirə düşdü. Milli Şura üzvləri iyulun 30-da Tbilisidə Rüstəm Ibrahimbəyovla görüşdə onun Rusiya vətəndaşlığından imtinası prosesinin sürətləndirilməsi üçün vacib olan addımları müzakirə etdilər.
Rüstəm Ibrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texniki, təşkilati sahədə hazırlıq işləri tamamlanmadığı və vətəndaşlıqdan imtina edilməsi prosesində onun şəxsən iştirakı tələb olunduğu üçün Şura üzvləri sədrin 31 iyul 2013-cü ildə Bakıya dönüşünü məqsədəuyğun saymadı. Bu məsələnin Milli Şuranın qərarı ilə həll olunması razılaşdırıldı.
“Mediaforum”a danışan Milli Şura üzvü, rejissor Rövşən Almuradlı Rüstəm Ibrahimbəyovun Azərbaycana gəlməsi probleminin tezliklə aradan qalxacağına əmin olduğunu bildirib: “Rüstəm müəllim heç vaxt heç nədən ÿçəkinməyib, həmişə haqq bildiyi yolun ardınca gedib. Bizim vahid namizədimiz odur və seçkiyə onun rəhbərliyi altında gedəcəyik. Gültəkin Hacıbəyli bunu çox gözəl ifadə edib – ya Rüstəm Ibrahimbəyov, ya da Rüstəm Ibrahimbəyov.
Mən bir şeyi dəqiq bilirəm ki, dəyişiklik olmalıdır. Zamanın tələbi budur. Dünyanın düzəni dəyişir, bu proses mütləq Azərbaycanda da gedəcək. Dəyişiklik necə olacaq, tarix, zaman hansı yolu diktə edəcək, bunu gələcək göstərər, amma Rüstəm Ibrahimbəyov yüz faiz gələcək”.


