Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm Ibrahimbəyovun vəd olunan vaxtda Bakıya gəlməməsi, təbii ki, bizi çox narahat etdi. Onu da gördük ki, şanlı iqtidarımız bundan çox sevindi. Amma təkcə iqtidardakılarmı? Açıqca göründü ki, çoxlarının ürəyi dolu imiş. Həm də tanış sözlərlə silahlanıblar:
– Gördünüzmü? Biz deyən oldu!
Tanış sözlərdir. Acı sözlərdir. Biz bu eyhamları əvvəllər də eşitmişik. Fəqət bu tənələrə qalsaydı, onda gərək 2003-dən sonra başımızı qaldırıb danışmayaydıq. 2005-dən sonra üzümüzü çevirib gedəydik. Amma bilmirəm, indi bu sözləri deyənlər qabağı görməkdə belə mahirdirsə, ötən 20 ildə qabağı niyə görmürdülər.
Şəxsən mən heç vaxt iddia etmirəm ki, hansısa məsələnin gələcəyi mənim dediyim kimi olacaq. Çox vaxt olmur da. Illərdir olmur. Mən istəyimin dalınca gedirəm və bircə şeyə əminəm ki, bu ölkəyə azadlığı gətirəcəyik. Tez-tez Sizif kimi dağın başına qaldırdığımız daşla birlikdə diyirlənib yenə yıxılıram. Amma yenə də istəyimin dalınca gedirəm. Çünki istəyim hələ gerçəkləşməyib. Məgər sizin istəyiniz gerçəkləşib ki?!
Başa düşürəm ki, bütün hallarda istəyimizin dalınca düzgün və səbatlı getməliyik. Bəs burada yanlış haradadır? Milli Şura ölkəyə demokratiya gətirmək üçün ən yaxşı modeldir. Rüstəm Ibrahimbəyov isə seçkilərə qatılmaq üçün ən yaxşı seçimdir. Rejimin narahatlığı da bunu sübut etmədimi?! Görmürsünüzmü bütün qəzəblərini ona qarşı yönəldiblər?!
Indi bəziləri guya ciddi suallar qoyur: bəs niyə nəzərə almırdınız ki, onun Rusiya vətəndaşlığından çıxmaq problemi var. Burda anlaşılmayan nə var axı? Biz ən yaxşı namizəddən yapışmışıq. Üstəlik, onsuz bizim seçkiyə birgə getməyimiz alınmaya bilir.
Bu məsələnin həlli üçün səylər davam edir və kimsə iddia edə bilməz ki, müxalifət bununla dalana dirənib. Yaxın günlərdə indiki əngəl aşıla bilməzsə, Milli Şura yeni bir namizədi müəyyən edə bilər. O zaman siz də etiraf etməlisiniz ki, həmin namizəd Rüstəm Ibrahimbəyov qədər effektli olmayacaq. Bax, buna görə indiki əngəli keçmək yolu tutulub.
Hətta Rusiya Əliyevlər rejiminə növbəti dəstəyini verib mane olacaqsa, nəticədə Rüstəm Ibrahimbəyov seçkidə iştirak edə bilməyəcəksə, bu zaman birlikdə seçkiyə getmək də alınmayacaqsa, yenə heç nə qaçırılmayıb, namizədliyini verənlərin namizədliyi yerindədir, verməyənlər də tezcə bu addımı ata bilər. Mübarizə üçün həmişə meydan var, həm də bu yer həmişə ön sıralarda daha gen olur! Amma yenə də etiraf edin ki, sonuncu variant da Milli Şuranın vahid namizədlə seçkiyə getməsi qədər effektli olmayacaq.
Bütün hallarda, Milli Şura və onun ideya müəllifi Rüstəm Ibrahimbəyov indiyə qədər heç nəyə ziyan vurmayıb. Əksinə, məhz ona görə seçki məsələsi çox canlanıb, aktuallaşıb. Yoxsa seçkilərlə nəyəsə nail olmağa inananlar indikindən qat-qat az idi. Bəli, Rüstəm bəy məsuliyyətli olmalı, cəsarətli olmalı, başlanan prosesə bütün gücünü qoymalıdır. Bakıya gəlməlidir. Buna çox ehtiyac var. Amma cəmi 2 aydır namizədliyi irəli sürülən bir adama az qala ötən 20 ilin məsuliyyətini yönəltmək cəhdləri səmimi istəklər deyil.
Ilk gündən iş başında olanlar var. Qara yaxırdılar, şübhə yaradırdılar, ara qarışdırırdılar, əngəl hazırlayırdılar, hətta Rüstəm Ibrahimbəyov Bakıya dönəndə də başqa bir bəhanə tapacaqdılar, indi isə onun gəlmədiyini görüb, özlərinin haqlı olduğunu deyir və qol-qanad açırlar. Sadə bir misal çəkək. Əvvəlcə Milli Şuranı Rusiya projesi adlandırdılar, Siyavuş Novruzovla, Əli Əhmədovla birlikdə müstəqillik qayğısı çəkirdilər. Indi də Milli Şuranı müxalifətin seçkidə iştirakını Rusiyadan asılı vəziyyətə salıb məğlubiyyət yaratmaqda ittiham edirlər.
Unutmayın ki, seçki başlamamış cəmiyyətə bizim məğlubiyyətimizi aşılamaq, iqtidara qələbə şousu düzəltməkdir.