Nurəddin İsmayılov
Mədəniyyətimizin böyütdüyü, yaradıcı gücü ilə mədəniyyətimizi böyüdən, siyasətimizin kiçiltdiyi, siyasətimizi böyük miqyasda təqdim etmək istəyən Rüstəm Ibrahimbəyov həm iqtidar, həm də müxalifətdəki bəzi qüvvələr tərəfindən linç edilməkdədir. Bir zamanlar iqtidar düşərgəsinin ən sevimlisi olan, yaradıcılığı, ictimai fəaliyyəti, yüksək intellekti mərhum ölkə başçısı Heydər Əliyev, hazırkı prezident Ilham Əliyev tərəfindən öyülən, haqqında ən uca fikirlər səslənən Rüstəm Ibrahimbəyov siyasi amacını orataya qoyar-qoymaz elə bu iqtidar tərəfindən ən qatı ittihamlara məruz qoyuldu.
Dünənə qədər fəxr ünvanı olan R.Ibrahimbəyov siyasi iddia ilə çıxış etdiyi gündən “vergidən yayınan”, “ermənipərəst”, “anti-milli qüvvə” və nəhayət, “Rusiyanın bir nömrəli adamı” olaraq, lənətlənməyə, gözdən salınmağa başandı. Məsələ aydındır, R.Ibrahimbəyovun ən böyük günahı, onun siyasi ambisiya ilə ortaya çıxmasıdır.
Hakimiyyət ənənəvi rəqiblərindən fərqli olaraq, dünyaca şöhrətli, Rusiyanın qəbul etdiyi, Qərbin loyal yanaşdığı, yeni bir güclə ortaya çıxan, oturuşmuş siyasətçi olmasa da, nüfuzu ilə bir çox siyasi qüvvələri bir araya gətirməyi bacaran R.Ibrahimbəyovla seçkidə rəqib olmaq istəmir. Buna görə təlaş keçirir, öz funksionerlərinin dililə onu sağdan-soldan və öz ənənələrinə uyğun olaraq, arxadan zərbə hədəfinə çevirirlər.
R.Ibrahimbəyovun zəngin keçmişinin, böyük yaradıcı fəaliyyətinin, “Oskar” ödülü almasının, gözəl filmlər ortaya qoymasının, millətimizi dünyada layiqincə təmsil etməsinin üstündən birdəfəlik xətt çəkilir. Sanki, haqqında hədyanlar yağdırılan, önyarğıya məruz qoyulan, həbslə təhdid edilən adam heç də öydükləri, titullar verdikləri R.Ibrahimbəyov deyil, bütün fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş bir şəxsdən söhbət gedir.
Tarixi geri səhifələsək, Ziyalılar Forumunun yaranmasından əvvəl R.Ibrahimbəyovun ünvanına həm iqtidar, həm də müxalifət tərəfindən tərif və təltiflər yağdırılan bir dövrün canlı şahidi olarıq. Necə oldu ki, dünən həm iqtidar, həm müxalifət tərəfindən öyülən, yüksək dəyərləndirilən şəxsin bugünkü fəaliyyəti onun xalqımızın əleyhinə çıxması kimi qiymətləndirilir?
Əcəba, bir-birinə güzəşt etməyən iqtidar və müxalifətin bəzi qüvvələrinin R.Ibrahimbəyova qarşı bir cəbhədə birləşməsinə səbəb nə? Əgər bu “milli təəssüb” deyildiyi kimi, doğrudan da Rusiya faktoru ilə bağlıdırsa, onda bu hakimiyyətin Rusiya ilə bağlı 20 illik məhrəm siyasətini hansı kitaba yazaq? Heç kəsə sirr deyil ki, qəddar siyasəti ilə çox avtoritar rejimləri geridə buraxan bugünkü hakimiyyətin ayaq üstdə qalmasının, ölkəni qəsb etməsinin, seçkiləri total saxtalaşdırmasının güc aldığı, ən kəskin siyasi böhran yaşananda özünə arxa bildiyi tək bir dövlət varsa, o da Rusiyadır.
Indi nə dəyişdi ki, 20 ilin Rusiyapərəst hakimiyyəti Qərbyönümlü, 20 ildir Qərbyönümlü siyasət izləyən müxalif qüvvələrin ətrafında birləşdiyi R.Ibrahimbəyov rusofil oldu?! Və oldusa, niyə oldu? Niyə, hansı niyyət xalqın ağzını əsrlər boyu ona acılar yaşadan, onu müstəmləkə girdabında saxlayan, azadlıqlarını əlindən alan bir ölkəyə dirəndirir?
Digər tərəfdən, əgər doğrudan da Azərbaycan hakimiyyəti Qərbyönümlü siyasət yürüdürsə, nə üçün Qərb dəyərlərinə qarşı bu qədər sayqısızlıq nümayiş etdirir? Qərbdə zorla referendum keçirib üçüncü dəfə hakimiyyətdə qalmaq istəyən dövlət başçısına rişxənd edərlər. Qərbin baş devizi demokratik idarəetmə şəraitində qanunun aliliyi prinsipinin qorunması, insan haqlarına sayqı, vətəndaşların rifah halında yaşaması, özgür düşüncə, bir-birindən asılı deyil, bir-birinə nəzarətetmə funksiyasını özündə saxlayan hakimiyyət bölgüsü, siyasi politranın tarazlığına xidmət edən, siyasi plüralizm, söz, fikir azadlığı və nəhayət, şəffaf, ədalətli seçkilər yolu ilə xalqın etimadına layiq hakimiyyətin qurulmasıdır. Bu prinsiplərin hansı Azərbaycanda gözlənildi, hansı dəyərlər öz yerini tapdı ki, insanlarımız hakimiyyətin Qərbyönümlü siyasət yürütmək barədə laflarına inansın?
Deməli, hədəf heç də deyildiyi kimi, Qərbyönümlü siyasətlə ədalətli cəmiyyət qurulması deyil, əksinə, ədalətli, demokratik və hər kəsin güvənli yaşamasına təminat verən bir cəmiyyət qurmaq istəyən qüvvələrin vurulmasıdır.
Hakimiyyət bəlli “parçala hökm sür” siyasətinə üstünlük verir və ilk növbədə ona ciddi rəqib olanları, sonra isə müxalifət adına nə varsa, hamısını bir-bir sıradan çıxarmaq istəyir.


