“Musiqi xalqın mədəniyyəti, mənəvi dünyasıdır…”

Bəstəkarlıq məktəbinin daha bir unudulmaz siması

XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Milli musiqimizin inkişafında mühüm rol oynamış sənəkarlardan biri də görkəmli bəstəkar, professor Nəriman Məmmədovdur.

“O, yeddi simfoniyanın müəllifidir. Bunlardan ikisi proqramlı əsərlərindəndir. 3-cü simfoniya orqan üçün yazılmış və Riqada uğurla səslənmişdir. Dördüncü simfoniya Hüseyn Cavidə, 7-ci simfoniya Xocalı faciəsinə həsr olunmuşdur. Onun Yeddi konsertindən dördü fortepiano ilə simfonik orkestr, 7-ci konsert fleyta ilə orkestr üçün yazılmışdır. Fortepiono üçün yazdığı konsertlərin ikisi Moskva radiosunun fondunda saxlanılır”( Tofiq Bakıxanov, bəstəkar).

Onun Səməd Vurğunun eyni adlı poeması əsasında yazdığı  “Humay” baleti 80-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında uğurla səhnəyə qoyulmuşdur. Bəstəkar “Humay” baletində muğam larımızdan məharətlə istifadə etmişdir. Respublikanın xalq artisti Cövdət Hacıyev o zaman demişdi: “Nəriman Məmmədov ”Humay” ilə balet tariximizin yeni parlaq səhifəsi açdı”. 

Nəriman Həbib oğlu Məmmədov 1927-ci il dekabr ayının 28-də Naxçıvan şəhərində anadan olub. Kiçik yaşlarından musiqiyə həvəsi olan Nəriman Məmmədov AsəfÿZeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini bitirmişdir. Bu illərdə o, xalq çalğı alətləri üçün “Suita”sını bəstələmiş və suita görkəmli bəstəkar və diricor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.

Sonradan Nəriman Məmmədov təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyə, sonralar isə bəstəkarlıq şöbələrində davam etdirmişdir. 

Nəriman Məmmədov öz yaradıcılığı dövründə bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata bəstələmişdir. Bəstəkarın  yaradıcılığında mahnı janrı da xüsusi yer tutur. Onun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılmışdır. Müəllif mahnılarının mətnləri üçün şairlərdən Rəaul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, R.Heydər, R.Muxtar, Nüsrət Kəsəmənli, R.Abdullayev, Musa Urud və Xuraman Vəfanın sözlərinə müraciət etmişdir.

Muğamlarımızı nota yazdıran sənətkar

Görkəmli bəstəkarımız Tofiq Bakıxanov N.Məmmədov haqqında yazırdı: “Muğamın sirlərini mahir bilicisi, görkəmli tarzən, pedaqoq, əməkdar incəsənət xadimi və əməkdar müəllimi Əhməd Bakıxanovdan öyrənmişdir. Nəriman Məmmədov muğamlarımızın nota yazılmasında çox işlər görmüşdür. Müxtəlif illərdə ƏhmədÿBakıxanovun ifasında ”Bayatı-Şiraz”, “Şur” muğamları Moskvada çar olunmuşdur. Azərbaycanda “Rast”, “Çahargah”, “Humayun”, “Segah-zabul”, “Şahnaz” və “Rahab” muğamları nəfis şəkildə çıxmışdır. Vokal dəstgah formasında partitura Bəhram Mansurovun və xanəndə Hacıbaba Hüseynovun, Yaqub Məmmədov və Bəhram Mansurovun ifasında çap olunmuşdur. Bu muğamlara zəmanəmizin ən görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyev rəylər yazmışlar. N.Məmmədovun işləməlrilə Islam Rzayevin ifasında “Bayatı-Şiraz” dəstgahı, Zülfü Adıgözəlovun ifasında “Segah-Zabul” nota alınmışdır. Qeyd eləmək lazımdır ki, bəstəkar tamaşaya qoyulmuş xeyli əsərə də musiqi yazmışdır”.

Altmışıncı illərin əvvəlində muğamları (həm instrumental,  həm də vokal-instrumental) bəstəkar və musiqişünas Nəriman Məmmədov professional səviyyədə nota salmışdır. Xalq artisti N.Məmmədovun nota saldığı muğamlar həm Moskvada, həm də Bakıda çap olunmuşdur.

Nəriman Məmmədovun muğamlarını 3 qrupa bölmək olar. Birinci qrupa onun instrumental muğamları aid edilir: “Çahargah”, “Hümayun”, “Bayatı-Şiraz”, “Şur”.

Ikinci qrupa “Rast” və “Şahnaz”ı, üçüncü qrupa isə “Rast” və “Çahargah” vokal-instrumental muğamları aiddir.

Nəriman Məmmədov “Şeyx Sənan” baletinin, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” (Tofiq Bakıxanovla birgə), eləcə də Ramiz Abdullayevin librettosu əsasında yazdığı “Olacağa çarə yoxdur” musiqili komediyalarının müəllifidr.  

RespublikanınÿXalq artisti, Azərbaycan və Naxçıvan Muxtarÿ Respublikasının Əməkdar Incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, AzərbaycanÿMilliÿElmlər Akademiyasının baş elmi işçis Nəriman Məmmədov respublikanın müxtəlif güşələrində topladığı xalq mahnıları və oyun havaları VIIÿcilddən ibarət “Antologiya”da çap edilmişdir.  

“Bəstəkarlıq çox böyük sənətdir…”

Nəriman Məmmədov: “Bəstəkarlıq çox böyük sənətdir. Bu sənətə yiyələnmək üçün çox çalışmaq lazımdır. Yüksək səviyyəyə nail olmaq üçün onlar ömrünün sonunadək öyrənməli, çox dinləməli, mütaliə etməlidirlər. Yalnız bu zaman yüksək səviyyəli əsərlər yarana bilər. Lakin bəzən yüksək səviyyəli əsərlərlə yanaşı, bəstəkarlıq sənətinə təsadüfi düşən insanların aşağı səviyyəli əsərləri efirə yol tapır. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Çünki belə aşağı səviyyəli əsərlər xalqın zövqünü korlayır. Bəstəkarlar çalışmalıdırlar ki, xalqın zövqünü, mənəviyyatını yüksəldən əsərlər yazsınlar. Musiqi xalqa lazımdır. Bu, xalqın mədəniyyətidir, mənəvi dünyasıdır. Vaxtilə Ü.Hacıbəyov xalqı opera sənətinə cəlb etmək üçün öz əsərlərində muğamlardan, təsnif və rənglərdən istifadə etmişdi ki, xalq opera janrını başa düşsün. Ü.Hacıbəyov məktəbinin davamçıları – Q.Qarayev, F.Əmirov və başqaları ilk növbədə xalqın zövqünü yüksəldən əsərlər yazmağa çalışıblar… Gənc bəstəkarlara məsləhətim budur ki, əsərlərini öz təcrübəli bəstəkar həmkarlarına göstərməkdən çəkinməsinlər. Bəstəkarlar daima bir-birləri ilə ünsiyyətdə olmalı, bir-birinə inanmalı, iradlarını qəbul etməlidirlər. Bir tarixi faktı qeyd etmək istəyirəm. 1959-cu ildə Moskvada keçirilən ongünlük üçün Niyazi Q.Qarayevin  ”Yeddi gözəl” baletini hazırlayırdı. O, dahi Q.Qarayevə bildirdi ki, əsərin bir yerində “Romeo və Cülyetta” baleti hiss olunur. Bu hissəni baletdən çıxarmağı məsləhət gördü. Q.Qarayev də bu məsləhətə qulaq asdı və o parçanı ixtisar etdi. Digər bir misal kimi C.Hacıyevin IV simfoniyasını göstərmək olar. Bu simfoniya çox böyük idi, bir saata qədər davam edirdi. Niyazi məsləhət gördü ki, bu əsər bir qədər qısaldılsın. C.Hacıyev də məsləhətə əməl etdi və bu da əsərin xeyrinə oldu…”.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir