Ölkə başçısı Rusiya paytaxtına niyə gedib? Onun Putinlə görüşüb-görüşmədiyi bəlli deyil
Moskvadakı mənbələrdən “Azadlıq”a daxil olan bəzi məlumatlara görə, İlham Əliyevin Vladimr Putinlə də görüşü baş tutub. Lakin görüşlə bağlı detallar bəlli deyil. Bununla yanaşı, belə məlumatlar da daxil olub ki, Putinlə görüş kimi təqdim olunan əslində “Rossneft”in prezidenti İqor Seçinlə olub, sadəcə kənara xəbər təhrif olunmuş şəkildə sızıb.
Bütün hallarda üstündən bir gün keçəndən sonra da İlham Əliyevin Moskvaya niyə səfər etdiyi, ümumiyyətlə edib-etmədiyi barədə hər hansı rəsmi açıqlama olmayıb. Moskavadakı qeyri-rəsmi mənbələrdən isə bu cür dəqiqləşdirilməsi asan olmayan təzadlı xəbərlər daxil olur. Gerçəyin olduğu kimi üzə çıxması görünür, müəyyən zaman tələb edəcək.
***
01.08.2013
Ölkə başçısı Ilham Əliyev Moskvaya gedib. Bu barədə məlumatı “Turan” Informasiya Agentliyi Moskvadakı mənbələrə istinadən yayıb. Məlumatda deyilir ki, Ilham Əliyev iyulun 31-də axşam saatlarında Rusiyanın paytaxtına gedib. Ölkə başçısının səfəri xüsusi missiya daşıyır. Lakin səfərin detalları haqqında məlumat verilmir.
Ilham Əliyev Moskvanın tam mərkəzində, Kremldən iki addım məsafədə yerləşən dəbdəbəli Lotte Hotel-də yerləşib.
Onun artıq baş nazir Dmitri Medvedevlə qeyri-rəsmi görüşü olduğu bildirilir. Amma Rusiya prezidenti Vladimir Putinin onunla görüşüb-görüşməyəcəyi məlum deyil.
Rəsmi mənbələr Əliyevin Moskvaya səfəri haqqında heç bir məlumat verməyib.
Moskvadakı mənbələrdən “Azadlıq”a daxil olan məlumatlara görə isə Ilham Əliyev ilk olaraq Vladimr Putinlə görüşməyə cəhd edib. Lakin görüş baş tutmayıb. Bundan sonra o, Dmitri Medvedevlə görüşüb. Məlumatlara görə, səfərin və Putinlə görüş cəhdinin məqsədi Azərbaycanda qarşıdan gələn prezident seçkilərilə bağlı danışıqlar aparmaqdır. Putinlə görüşə bilməyən Əliyev bu mövzuda mövqeyini Medvedev vasitəsilə çatdırıb. Nəticələr barədə səhih bilgi olmasa da, Əliyevin bu görüşdən məmnun ayrılmadığı deyilir.
Prezident Administrasiyası məlumatı nə təkzib, nə də təsdiq edib. Qurumun mətbuat xidmətindən modern.az-a “bizdə belə bir məlumat yoxdur” deyə cavab verilib.
Ilham Əliyevin Moskva səfərinin səbəbləri ilə bağlı irəli sürülən başlıca mülahizə Bakı ilə Kreml arasındakı gərginliyin artıq pik həddə çatması barədədir. Bir neçə gündür ki, Rusiya bazarlarında başlayan azərbaycanlı ovu məhz bu gərginliyin artıq əndazədən çıxması kimi izah edilir. Ehtimal olunur ki, Ilham Əliyev seçki ərəfəsində Rusiyanın Azərbaycan hakimiyyətinə ciddi problemlər yaradacağını qətiləşdirib. Və bu məsələləri yoluna qoymaq üçün Moskvaya səfər edib. Lakin ekspertlər səfərdən müsbət nəticələr əldə olunacağını inandırıcı saymırlar. Onların fikrincə, Rusiyanın Azərbaycan qarşısındakı tələbləri heç bir halda qəbuledilən deyil. Rəsmi Bakının Rusiyanın tələblərini qəbul etməsi qapıları Qərbin üzünə bağlamaq deməkdir. Bu isə Azərbaycan hakimiyyəti üçün daha ciddi problemlər yarada bilər.
Hikmət