Havayı pendir hekayəsi

Bugünlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun ölkədə azad mətbuatın olması, söz azadlığının fontan vurması haqqında dedeiklərinə jurnalist həmkarlarımın cavablarını oxudum. Həsənova cavab verən jurnalistlərə baxdım – Xədicə Ismayılovanı gördüm, Şahvələd Çobanoğlunu gördüm, amma mənzil alanlardan heç kimi görmədim. Çox komik situasiyadır: bəzi həmkarlarımız həm rejimdən ev almaqlarının onların müstəqilliklərinə, mövqelərinə heç bir təsiri olmayacağını deyirlər, həm də onlar susurlar, bu ölkədə azad sözün ləyaqətini qorumaq yenə də həmişə danışan, etiraz edən adamların boynunda qalır.

Ümumiyyətlə, mənə maraqlıdır: rejimin yandaş mirzələri öz yerində, “tənqidçi mətbuat” adına Ilham Əliyevdən ev alanların tənqidlərini biz nə vaxt oxuyacağıq? Onlar nə vaxt  o mənzillərin baxışlarında, mövqelərində heç nəyi dəyişdirmədiyini nümayiş etdirəcəklər? Yoxsa, özlərini elə aparmağa davam edəcəklər ki, camaat çörəyi qulağına yeyir?

Məşhur bir atalar sözü var, “havayı pendir tələdə olur”. Mən bu atalar sözünü yalnız rejimin jurnalistlərə paylanan evlər kontekstində xatırlatmıram. Söhbət ümumilikdə sistemin hər təbəqədən olan adamlara atdığı qarmaqdan gedir. Bəyəm qaçqınlar üçün evlər havayı tikilir? Yoxsa jurnalistlər üçün mənzillər havayıdır? Bəlkə Səməd Səmədov layiq olduğu üçün hansısa fəxri ad alır? Bütün bunların toplumda ələbaxımlıq, mütilik, asılılıq yaratmaq adına bir tələ olmadığını anlamaq üçün insan ümumiyyətlə, sistemin mahiyyətindən, xislətindən xəbərsiz olmalı, heç nə anlamamalıdır.

Rejimin “humanizm”i ancaq bir şeyə hesablanıb: toplumda təslimçilik və təşəkkür təfəkkürünü dərinləşdirməyə. Sistemə qarşı duruşlarında zərrəcə sapmayan, sınmayan adamları öz doğmalarının, yaxınlarının, tanıyıb-tanımadıqlarının yanında gözükölgəli, qınaq, tənə obyekti etməyə…

Hər belə “humanizm” aksiyalarından sonra nə qədər adam üç aşağı, beş yuxarı eyni öyüd-nəsihətləri, eyni tənbehləri eşitməli olur: “Sən də canın çıxıb, dilini dinc qoysan, başıaşağı olsan, palaza bürünüb elnən sürünsən, o evdən, o təqaüddən, o təltifdən sənə də pay düşərdi”.

Ən azı, buna görə bu sistemin əlindən bir bardaq su alıb içməyin belə, heç bir bəraəti olmaz. Sən bu gün yaptokratiyadan hansısa evi, taqaüdü, yardımı alırsansa, yalnız onun qondarma humanizmini, insanları sahib olduğu çoxlu pullar hesabına öz qarmağına keçirməsini legitimləşdirmirsən, həm də başqalarına bu sistemlə əməkdaşlığın heç də ayıb olmadığının nümunəsini yaradırsan. 

Axı bu cür rejimlər üçün heç vaxt “havayı pendir” yoxdur. “Havayı pendir” varsa, deməli onun arxasında bir məkr, bir fitnə var. Məşhur bir nümunəni xatırladaq: Sartrın “Nobel” mükafatından imtinasını! Bəyəm bu mükafat onun haqqı deyildimi? Bəyəm o, bu ödüldən imtina etməsə, Sartr olmazdımı? Mövqeyinimi dəyişərdi? Kapitalizmin nökərinəmi çevrilərdi? Əlbəttə, yox. Amma bəzən mükafatlardan imtina etməklə sən müdafiə etdiyin dəyərləri, eyni dəyərləri paylaşdığın adamları mükafatlandırmış olursan. Və bu mükafatın dəyəri min “Nobel” ödülü ilə eyni tərəziyə gəlmir. Çəkidə daha ağır basır. Sartr da məhz belə etmişdi.

Bax, biz 20 ildə bu nümunəni yarada bilmədik. Rejimdən istefa mədəniyyəti tələb etdik. Amma özümüzdə imtina mədəniyyəti (istisnalar ola bilər, amma bu qaydanı dəyişmir) çatışmadı. Sonra da deyirik ki, 20 illik uğursuzluğun səbəbi nədir?

Bəyəm o 20 illik keçmişə baxanda hələ də aydın deyilmi bu sualın cavabı?

Bəyəm 22 iyul, Milli Mətbuat Günündə o sualın qarşısında boynumuz növbəti dəfə bükük qalmadımı?

Həm də həmişə olduğu kimi!