Xalqın bazarı bağlanır

Kənd təsərrüfatı məhsulları yalnız iri marketlərdə satılacaq

Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Bu isə o deməkdir ki, qarşıdakı illərdə paytaxtın ən böyük meyvə-tərəvəz bazarı olan “Vosmoy”, “Nəsimi”, “Təzə bazar”, “Yaşıl bazar” və başqa bazarlar bağlanacaq.

Satıcıların heç nədən xəbəri yoxdur, ancaq…

Ötən gün sözügedən ünvanlardan bir neçəsinə baş çəkib. Satıcılarla söhbət etdik. Ilk üz tutduğumuz məkan “Nəsimi” bazarı oldu. Satıcılar ilk dəfə bu xəbəri bizdən eşitdiklərni söylədilər. Dedilər ki, bazarın bağlanması xəbərini bir neçə dəfə eşidiblər, ancaq bu cür formada yox: “Deyiblər ki, bazar söküləcək, yerində bina tikiləcək. Ancaq onu da demişdilər ki, bizi başqa yerə köçürəcəklər. Birdəfəlik bağlanması ilə bağlı xəbəri sizdən eşidirik. Bazar bağlansa, çörəyimiz olmayacaq. Biz hara üz tutacağıq. Bakıda 10-dan çox meyvə-tərəvəz bazarı var. Bunların hamısı bağlansa, yüzlərlə adam işsiz qalacaq. Bəs bu adamlara kim iş verəcək? Hara gedəcəklər?”.
Satıcların fikrincə, marketlərdə meyvə-tərəvəz baha olur: “Yeni açılan dükanlara baxın, oradakı qiymətlərlə bazardakı qiymət arasında fərq böyükdür. Həm də orada məhsullar çox qalır. Elə gün olur ki, bir az gec çürüyən meyvələr satılır. Halbuki, bizim bazarlarda elə olmur. Çünki camaatın çoxu bura gəlir və mer-meyvə tez satıldığı üçün sabaha qalmır”.
Fikrət adlı satıcının sözlərinə görə, bazar bağlanarsa və hökumət meyvə-tərəvəzi marketlərdə satılmasını leqallaşdırarsa, buna nəzarət etmək mümkün olmayacaq: “Bakıda minlərlə market var. Hamısına nəzarət etmək mümkün olmayacaq. Kim necə istəyəcək, o cürə də satacaq. Qiyməti özü müəyyənləşdirəcək. Ancaq bizim bazardakı kimi sabit qiymət olmayacaq”.
Bazarın rəhbərliyini arayırıq. Hansı satıcıya yaxınlaşırıqsa, bazar sahibinin yerini bilmədiyini deyir. Hərə bir söz deyir. Biri deyir ki, burada oturmur, başqa birisi tanımıram söyləyir. Yalnız bizə “axran”lara yaxınlaşmağı məsləhət gördülər. Birtəhər mühafizəçiləri tapırıq. Özünü təqdim etməyən gözətçi rəhbərliyin bazarda olmadığını söyləyir: “Rəhbərlik tezdən bazara gəlir. Saat 11, 12 radələrində burada olur. O vaxt gəlsəniz, bəlkə burada tapdınız”.
Mühafizəçidən müdirin nömrəsini istəyirik. Cavabı belə olur: “Məndə rəhbərliyin nömrəsi yoxdur. Biz ”çerez-çerez” əlaqə saxlayırıq. Biz rəislə, mühafizənin rəisi də rəhbərliklə”.
Gözətçidən mühafizə rəisinin nömrəsini istəyəndə “mən rəislə birbaşa əlaqə saxlamıram. Onun müavininə deyirəm, o da rəisə. Onun nömərisni verə bilmərəm”.
Bir sözlə, bazar rəhbərliyi ilə əlaqə saxlamaq üçün gərək mühafizəçi rəis müavinin nömrəsini verəydi, rəis müavini rəisiylə bizi əlaqələndirərdi, o da bazar sahibinə çıxış imkanı yaradardı. Bir sözlə, ölkə başçısına çıxış kimi bazar sahibiylə də görüş qəliz imiş.

İşsizlər ordusunun sayı daha da artacaq

“Nəsimi”dən sonra ikinci üz tutduğumuz məkan keçmiş təhsil naziri Misir Mərdanovun alış-veriş elədiyi “Yaşıl bazar” oldu. Buranın da satıcıları bazar bağlanacağı təqdirdə işsiz qalacaqlarını söyləyirlər: “Belə şey olar? Indi biz gedib market açmalıyıq? Imkanı olmayanlar nə etsin?”.
Satıcı Solmaz xanım 3 ildir ki, sözügedən bazarda işlədiyini deyir. Günə qazandığı 20-25 manatla ailəsini birtəhər dolandırdığını söyləyir. Nazirlik belə bir addım atarsa problemlə üzləşəcəyini bildirir: “Ən yaxşısı bazarları bir müddətlik bağlayıb, daha yaxşı təmir etdirməkdir. Əvvəllər deyirdilər ki, təmizliyə riayət olunmur. Bunu haradasa başa düşürük. Yeni bazarlar tikilsin və hər bir satıcı da təmizliyə riayət etsin. Tör-töküntü yaradan cərimələnsin. Bununla razıyam. Ancaq bazarın bağlanıb, meyvə-tərəvəzin marketlərə daşınmasının əleyhinəyəm. Daha yaxşı olar ki, həmin marketlər də ucuz qiymətə burada işləyənlərə yer versinlər. Bu olsa lap yaxşı olar. Ancaq inanmıram ki, hansısa market sahibi bizi öz qazancına şərik etsin”.
“Bu bazar bağlansa bankrot olacağıq. Hara gedəcəyik? Bu ölkədə iş yeri deyəndə yalnız alver başa düşülür. Alverlə çörəkpulu qazanmaqdan başqa yolumuz yoxdur. Bura bağlansa ”Binə”, “Sədərək” bazarlarına gedib işləməliyik. Orada isə yer haqqı bahadır. Bu bazarlarda işləmək üçün ən azı 20-30 min manatın ola ki, özünə gün ağlaya biləsən”,- bu sözləri “Vosmoy” bazarında işləyən Hikmət Əsədov deyir.
“Vosmoy”da işləyənlər də başqa bazarlarda meyvə-tərəvəz satanlar kimi bazar bağlanacağı təqdirdə işsizlər ordusunun sayının daha da artacağını söyləyirlər.
Ekspertlər deyir ki…
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov “Azadlıq”a açıqlamasında bazarların bağlanması məsələsini normal düşüncənin məhsulu saymır. Ekspertin sözlərinə görə, bu gün kəndli öz məhsulunu satmaqda ciddi problem yaşayırsa, bunu yoluna qoymaq üçün Bakı və digər böyük şəhərlərdə kənd təsərrüfatı bazarlarını çoxaltmaq, genişləndirmək lazımdır: “Nəticədə kəndli də öz məhsulunu normal şəraitdə sata bilər və alıcılarla ünsiyyətdə olar. Belə olan halda, kəndli öz məhsulunun dəyərini müəyyənləşdirə biləcək, məhsulunun keyfiyyətini yüksəldərək onu istehlakçının zövqünə uyğun yetişdirə biləcək. O həm də öz məhsulunu sataraq gəlir əldə etmək imkanında olacaq. Belə ciddi məqamlar var ki, onun hamısı nəzərə alınmalıdır”.
V.Məhərrəmov əlavə edir ki, marketlərin sonradan sövdələşərək kəndlidən daha ucuz məhsul almaq fikrinə düşməsi onsuz da problemli olan kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərəcək.

Ramin DEKO